
COVID-19 pandemiyası ilə əlaqəli stressin orqanizmdə bioloji qocalma prosesini sürətləndirə biləcəyi müəyyən edilib. Bu təsirin xüsusilə yeniyetmələrdə daha nəzərəçarpan olduğu bildirilir.
Qaynarinfo xəbər verir ki, Almaniyadan olan alimlər bu nəticəyə 1000-dən çox uşaq, yeniyetmə və böyüyün məlumatlarını təhlil etdikdən sonra gəliblər. Tədqiqatın nəticələri “Proceedings of the National Academy of Sciences” (PNAS) elmi jurnalında dərc olunub.
Araşdırma çərçivəsində iştirakçılardan tüpürcək nümunələri 2020-ci ilin martında, ilk karantin tədbirlərindən əvvəl, eləcə də 2021-ci ilin qışı və 2022-ci ilin yazında – ikinci lokdaunun sonrakı mərhələlərində götürülüb. Alimlər nümunələr əsasında DNT-də metilləşmə dəyişikliklərinə söykənən “epigenetik saatları” araşdırıblar. Bu göstəricilər orqanizmdə yaşlanma prosesinin sürətini qiymətləndirməyə imkan verir.
Təhlil pandemiya dövründə bütün yaş qruplarında epigenetik qocalma tempinin artdığını göstərib. Dəyişikliklər pandemiyadan əvvəl sağlamlıq problemləri olan, öz rifahını aşağı qiymətləndirən və sosial-iqtisadi baxımdan daha əlverişsiz şəraitdə yaşayan şəxslərdə daha aydın müşahidə edilib.
Stresslə epigenetik dəyişikliklər arasındakı əlaqə isə xüsusilə yeniyetmələrdə nəzərə çarpıb. Tədqiqatçılar bunu yetkinlik dövründə orqanizmdə baş verən dəyişikliklər və sosial münasibətlərin məhdudlaşması ilə əlaqələndirirlər. Həmyaşıdlarla ünsiyyət imkanlarının azalması yeniyetmələrin psixoloji vəziyyətinə daha ciddi təsir göstərib.
Uşaqlarda və böyüklərdə isə stressin epigenetik qocalmaya təsiri ilə bağlı eyni asılılıq aşkar edilməyib. Alimlər bu yaş qruplarında pandemiyanın fiziki aktivliyin azalması kimi digər nəticələrinin rol oynaya biləcəyini bildirirlər.
Bununla belə, tədqiqat müəllifləri aşkar edilən epigenetik dəyişikliklərin gələcəkdə xəstəlik riskini artırıb-artırmayacağının hələ məlum olmadığını vurğulayırlar. Bu suala cavab vermək üçün iştirakçıların sağlamlıq vəziyyətinin uzun müddət ərzində izlənilməsinə ehtiyac var.
Aydın