
Çexiyalı tennisçi Maksim Mrva İtaliyanın Taranto şəhərində keçirilən “Challenger 50” turnirində hakimlə mübahisəsi ilə diqqət çəkib. Rəqibin deyil, məhz hakimlə dialoqu zamanı yaşananlar sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Qaynarinfo xəbər verir ki, hadisə Maksim Mrva ilə fransalı tennisçi Matteo Martino arasında keçirilən 1/4 final matçında baş verib.
Hakim Marko Pleşenin qərarlarından narazı qalan çexiyalı idmançı onun idarəçiliyini sərt şəkildə tənqid edib. Mrva hakimin qərar qəbul edərkən daha peşəkar davranmalı olduğunu bildirib.
“Bəs sən necə hakiməsən? Sənin necə hakim olduğunu heç bilmirəm... Özün də bunu bilirsən. O qədər səhvlər edirsən ki... Yəqin buna görə daha böyük turnirlərdə deyil, “Challenger 50” yarışında işləyirsən”, deyə tennisçi etirazını ifadə edib.
Lakin hakim idmançının iradlarına səssiz qalmayıb. O, qısa fasilədən sonra cəmi iki sözlə cavab verib: “Eynilə sənin kimi”.
Hakimin bu qısa və sərt cavabı qarşılaşmanın ən çox diqqət çəkən məqamına çevrilib. Görüntülər sosial şəbəkələrdə yayılıb.
Ukraynanın sabiq tennisçisi Sergey Staxovski də hadisəyə münasibət bildirib. O, X hesabında hakimin davranışını dəstəkləyərək “Stul hakiminə hörmətim artdı”, deyə yazıb.
Qeyd edək ki, insidentin görüntüləri tennis ictimaiyyətində də maraq doğurub.
Aydın