Xəbər lenti

"Vətən müharibəsi Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılıb" - İbrahim Rüstəmli
Siyasət13:17 08.11.2026

"Vətən müharibəsi Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılıb" - İbrahim Rüstəmli

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

44 günlük Vətən müharibəsi Azərbaycanın hərb tarixində yalnız hərbi qələbə ilə deyil, həm də ordu quruculuğuna, müasir döyüş strategiyasına və milli təhlükəsizlik yanaşmasına gətirdiyi dəyişikliklərlə yadda qaldı. Müharibə zamanı tətbiq edilən yeni taktiki üsullar, pilotsuz uçuş aparatlarından istifadə, düşmənin kommunikasiya xətlərinin sıradan çıxarılması və informasiya cəbhəsində aparılan mübarizə Azərbaycanın hərbi təcrübəsini beynəlxalq miqyasda diqqət mərkəzinə gətirdi.

Hərbi ekspert İbrahim Rüstəmli Qaynarinfo-ya 44 günlük Vətən müharibəsinin Azərbaycanın hərb fəlsəfəsini necə dəyişdiyini, müharibə zamanı meydana çıxan yeni yanaşmaları, müttəfiq dövlətlərlə hərbi əməkdaşlığın əhəmiyyətini və gələcək müharibələrə hazırlıq məsələlərini şərh edib.

Ekspert bildirib ki, 44 günlük Vətən müharibəsi Azərbaycanın hərb fəlsəfəsini və milli təhlükəsizlik arxitekturasını kökündən dəyişib:

"İlk növbədə onu demək istəyirəm ki, 44 günlük Vətən müharibəsi Azərbaycanın hərb fəlsəfəsini və milli təhlükəsizlik arxitekturasını kökündən dəyişdi. Mən 90-cı illərin lap əvvəllərindən Azərbaycan ordusu sıralarında xidmət etmiş bir zabit kimi həmin dövrləri çox gözəl xatırlayıram. Təbii ki, Ulu Öndərimizin hakimiyyət sükanı arxasına keçməsi ordumuzun həyatında yeni bir mərhələnin başlanğıcı oldu. Bu mərhələdə ilk növbədə Silahlı Qüvvələrimizin hüquqi bazasının formalaşdırılması istiqamətində həlledici addımlar atıldı. Sonra Silahlı Qüvvələrimizin statusu müəyyənləşdirildi. Status məsələsi Silahlı Qüvvələrimizə aid olan bütün qurumları əhatə edirdi. Eyni zamanda kadr potensialının gücləndirilməsi istiqamətində mühüm addımlar atıldı. Azərbaycan ordusunun beynəlxalq əlaqələrinin genişləndirilməsi üçün də mühüm tədbirlər həyata keçirildi.

Bundan sonra biz yüksələn xətlə ordu quruculuğu prosesini davam etdirdik. İstər Ulu Öndərimizin, istərsə də ondan sonrakı dövrdə cənab Prezidentimizin fəaliyyəti zamanı ordu quruculuğu bir nömrəli prioritet məsələ olaraq ön plana çəkildi. Ordu quruculuğu üçün nəzərdə tutulmuş məsələlər, məsələn, dövlət büdcəsindən Silahlı Qüvvələrin quruculuğuna ayrılan vəsait ilbəil, bəzən isə bir ildə bir neçə dəfə artırıldı. Bütün bunlar son hədəfə çatmağımız üçün müəyyənedici rol oynadı və o dövrün reallıqları baxımından böyük əhəmiyyət daşıdı”.

İbrahim Rüstəmli hesab edir ki, 44 günlük Vətən müharibəsi Azərbaycan ordusunun döyüş şəraitində yeni yanaşmalar formalaşdırmasına imkan verib:

“44 günlük Vətən müharibəsinin özü böyük bir mərhələdir. Bu müharibə yeni baxış bucağı formalaşdırdı. Biz zaman-zaman öz ordumuzu döyüşə-döyüşə yaratmışdıq. Lakin 44 günlük Vətən müharibəsində də bu tendensiya dəyişmədi. Azərbaycan ordusu döyüşlər və əməliyyatlar davam etdiyi müddətdə yeni yanaşmaların, yeni koordinatların, yeni mübarizə üsullarının üzə çıxarılması və tətbiqi ilə bağlı həm strategiya, həm də taktika baxımından çox böyük dəyişikliklərə nail oldu. Ona görə də 44 günlük Vətən savaşı bu gün dünyanın ən inkişaf etmiş ordularına malik ölkələri tərəfindən öyrənilir və tədqiq edilir. Bu, böyük bir hadisə idi.

Yeni reallıqlardan biri də budur ki, Füzuli istiqamətində dəmir-beton konstruksiyalı istehkamlar qurulmuşdu. Torpaqlarımızın 30 il işğal altında qalması və düşmənin bu müddətdə orada çox böyük istehkam qurğuları yaratması, möhkəmlənməsi Azərbaycan üçün ciddi problem idi. 44 günlük Vətən savaşının ilkin mərhələsində həmin istehkamların zərərsizləşdirilməsi, sıradan çıxarılması üçün günlərlə əziyyət çəkdik. Ancaq sonda başa düşdük ki, məsələyə daha fərqli yanaşmalı imişik. Bu yanaşma ilə daha tez uğur qazana bilərdik və bunu reallaşdırdıq.

Düşmənin ön cəbhə ilə arxa cəbhə arasındakı əlaqələrini, kommunikasiya sistemini iflic vəziyyətinə saldıq, onu parçaladıq. Günlərlə ağır bombalarla, minalarla sıradan çıxara bilmədiyimiz istehkamları zərərsizləşdirmək üçün düşmənin ön xətdə dayanan qüvvələri ilə arxa cəbhəsi arasındakı əlaqəni kökündən kəsdik. Onların arxasına, içərilərə sızaraq zərərsizləşdirilməsi üçün müvafiq addımlar atdıq”.

Ekspertin sözlərinə görə, müharibə zamanı meydana çıxan fundamental dəyişikliklərdən biri insan amilinin bir növ ikinci plana keçməsi, texnoloji vasitələrin isə ön plana çıxması idi:

“Fundamental dəyişikliklər içərisində insan amilinin bir növ ikinci plana keçməsi daha qabarıq nəzərə çarpırdı. Düşmənin kommunikasiya sistemini və arxa cəbhəsini sıradan çıxarmaq üçün əsasən pilotsuz uçuş aparatlarından istifadə etdik, daha uzaq məsafəli silahların praktik tətbiqini həyata keçirdik. Onu da nəzərinizə çatdırmaq istəyirəm ki, pilotsuz uçuş aparatlarının ilk dəfə döyüş şəraitində tətbiqi məhz Azərbaycana məxsus idi. 44 günlük Vətən müharibəsində bunun ilk tətbiqini həyata keçirdik və nəticələrini əldə etdik. Nəticələr çox güclü idi.

Biz dəfələrlə bu qənaətə gəldik ki, Azərbaycana danışan və döyüşən ordudan çox düşünən ordu lazımdır. Azərbaycan bu qələbəni düşünən ordunun sayəsində qazandı. Xüsusilə Ali Baş Komandanımızın hər bir döyüş əməliyyatını şəxsən öz nəzarəti altında saxlaması, hər dəqiqənin, hər saatın, hər günün strateji və taktiki planını çızması qələbəmiz üçün əsas rol oynadı. Bilirsiniz, hərbidə belə bir deyim var: “Heç bir döyüş əməliyyatı ideal deyil”.

Döyüş əməliyyatı strategiyadan taktiki plana keçəndə yeni redaktələr tələb edir. Yeni vəziyyəti öyrəndikcə yeni baxış bucağına ehtiyac yaranır. Biz buna operativlik, çeviklik deyirik. Bu çeviklik bizim üçün böyük önəm daşıyır. Məhz onun sayəsində, xüsusilə qəfillik və intuisiyanın verdiyi imkanlardan istifadə etməklə böyük qələbə qazanmağımıza nail olduq”.

İbrahim Rüstəmli 44 günlük müharibənin təcrübəsinin Azərbaycanın gələcək müharibələrə hazırlıq modelini də müəyyənləşdirdiyini vurğulayıb. O bildirib ki, müasir hərbi tələblərə uyğunlaşmaq üçün beynəlxalq əməkdaşlıq və təcrübə mübadiləsi xüsusi əhəmiyyət daşıyır:

“44 günlük Vətən müharibəsinin təcrübəsi Azərbaycanın gələcək müharibələrə hazırlıq modelini əsaslandırdı. Gələcək müharibələrə hazırlıq planımızı hərbin müasir tələbləri səviyyəsində qurmağımızı tələb edir. Hər gün bütün sahələrdə nəzərəçarpacaq dərəcədə əhəmiyyətli dəyişikliklər baş verir. Ona görə də Azərbaycanın beynəlxalq əlaqələrini xüsusi vurğuladım. Ölkəmizdə hərb sənayesinin və Silahlı Qüvvələrin inkişafı qarşılıqlı təcrübə mübadiləsi sayəsində mümkündür.

Azərbaycanın artıq hərb sənayesi var, Silahlı Qüvvələrinin beynəlxalq əlaqələri genişlənib. Azərbaycan bu gün dünyanın 30-dan çox dövləti ilə ikitərəfli və çoxtərəfli sənədlər imzalayıb. Ölkəmiz dünyanın ən aparıcı ordularının həyata keçirdiyi hərbi təlimlərdə həm iştirakçı, həm də müşahidəçi kimi çıxış edir. İnkişaf etmiş ölkələrin təcrübəsinin öyrənilməsi və təcrübə mübadiləsi ordunun inkişafında xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan Azərbaycanın əldə etdiyi uğurlar dünya üçün də bir nümunədir.

Pilotsuz uçuş aparatlarının, yüksək dəqiqlikli silahların, elektron müharibə vasitələrinin, kəşfiyyatın və real vaxt rejimində məlumat mübadiləsinin döyüş meydanındakı rolunu nəzərə alsaq, Azərbaycan ordusu klassik hərbi güc modelindən texnoloji üstünlüyə əsaslanan ordu modelinə çox yüksək səviyyədə keçə bildi. Yenə də təkrar edirəm, burada müttəfiqlərimizin — Türkiyə Cümhuriyyəti başda olmaqla, İsrailin və Pakistanın yardımı böyük əhəmiyyət daşıyırdı. Əsas aparıcı rolu Azərbaycan oynasa da, vasitəçi və yan rolların da bu qələbədəki fəaliyyəti önəmlidir”.

Hərbi ekspert müasir döyüş strategiyasında düşmənin niyyətini və düşüncə tərzini anlamağın vacibliyinə də diqqət çəkib:

“Əsas məsələ düşmənin nə düşündüyünü bilməkdir. Sən ilk növbədə düşmənin beyninə girməlisən. Biz düşmənin beyninə girməklə onun düşüncəsini oxumalıyıq. Düşmən səndən nə gözləyir? Sən düşmənə bunun qarşılığında necə təsir göstərməlisən?

Azərbaycanın Türkiyə, İsrail, Pakistan və adını çəkmədiyim digər müttəfiq dövlətlərlə qarşılıqlı təcrübə mübadiləsi beynəlxalq hüququn normalarına söykənir. Azərbaycan bu dövlətlərlə hərbi əlaqələri genişləndirmək üçün beynəlxalq hüququn yol verdiyi səviyyədə sənədlər imzalayıb. Bu sənədlərin imzalanması ölkəmizin öz hədəfinə çatması üçün strateji planlarının əsas hissəsini təşkil edir.

Bu mənada 44 günlük Vətən müharibəsi həm cənab Prezidentimizin, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin, həm də Azərbaycan xalqının böyük əməyi sayəsində mümkün oldu. Azərbaycan Prezidentinin dünya mediasına, eyni zamanda yerli mediaya verdiyi müsahibələr hələ bundan sonra uzun müddət öyrəniləcək. Azərbaycanın informasiya təhlükəsizliyi, soyuq müharibə cəbhəsində qazandığı uğurlar böyük əhəmiyyət daşıyırdı. Heç bir halda sən soyuq müharibə cəbhəsində, yəni informasiya cəbhəsində qələbə qazanmadan odlu cəbhədə qələbə əldə edə bilməzsən. Bu mənada Azərbaycan Prezidentinin dünya mediasına verdiyi müsahibələr Azərbaycanın informasiya cəbhəsində qazandığı ən böyük qələbə idi. Bu qələbə də 44 günlük Vətən müharibəsindəki qələbəmizdə əsas rol oynadı. Bu barədə çox danışa bilərəm. 44 günlük Vətən müharibəsi Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılıb”.

Ekspert qeyd edib ki, müharibədə qazanılan təcrübə Azərbaycanın gələcək perspektivləri və müdafiə strategiyası üçün baza rolunu oynayır. Onun fikrincə, qarşıdakı dövrdə həm texnoloji imkanların, həm də beynəlxalq və regional əlaqələrin genişləndirilməsi vacibdir:

“44 günlük Vətən müharibəsində qazandığımız uğurlar gələcək perspektivlərimiz üçün baza rolunu oynayır. Təsadüfi deyil ki, cənab Prezident dedi ki, biz nəinki XXI əsrin, hətta gələn əsrin müharibəsinə hazır olmalıyıq. Bu müharibə müasir texnologiyaların daha geniş şəkildə tətbiqini tələb edir. Həmçinin beynəlxalq əlaqələrimizi daha da genişləndirməyi əsas məqsəd kimi müəyyənləşdirməliyik. Biz həm beynəlxalq əlaqələrimizi, həm də regional sahədəki əlaqələrimizi daha da genişləndirməli, insan resursundan səmərəli şəkildə istifadə etməliyik”.

İbrahim Rüstəmli Qarabağda gələcəkdə yeni münaqişə ocağının yaranması ehtimalına toxunaraq bunun qarşısının alınmasının əsas yolunu Azərbaycanın müdafiə qüdrətinin daim artırılmasında görür. O, bu məsələdə düşmənin özünü güclü hiss etməməsinin vacibliyini vurğulayıb:

“Bir dəfə mənə sual verdilər: “Qarabağda yeni münaqişə ocağı yarana bilərmi?” Düşünmədən cavab verdim: “Bəli”. “Bəs nə vaxt bu mümkündür?” sualına isə belə cavab verdim: “Bu o vaxt mümkündür ki, düşmən özünü bizdən güclü hiss etsin. Düşmən özünü bizdən güclü hiss edən kimi bizim ərazilərimizdə yeni münaqişə ocaqları yaranacaq”.

Buna görə də cənab Prezident öz çıxışlarında dəfələrlə vurğulayıb. Mən də həmin fikri təqdir edərək diqqətinizə çatdırmaq istəyirəm ki, bu, həm də Çin hərbi strategiyasının üçüncü əsas şərtidir: düşmənə döyüşdən qabaq qələbə qazandırmaq.

Bunun üçün biz heç vaxt Silahlı Qüvvələrin quruculuğunu, ordunun modernləşdirilməsini, kadr potensialının gücləndirilməsini, insan kapitalından daha səmərəli istifadəni unutmamalıyıq. Öz müdafiə qüdrətimizi artırmaqla hər hansı bir münaqişə ocağının yaranması ehtimalını sıfıra endirməliyik”.

Günay İlqarqızı