Xəbər lenti

Yanlış xəbərə inandılar, çempionluq sevincini yarımçıq yaşadılar (FOTO/VİDEO)
İdman13:27 08.11.2026

Yanlış xəbərə inandılar, çempionluq sevincini yarımçıq yaşadılar (FOTO/VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Argentinada futbol üzrə 2026-cı il çempionatının son turu qeyri-adi hadisə ilə yadda qalıb. Enner Valensiyanın 90+6-cı dəqiqədə vurduğu qol “Boka Xuniors”a çempionluq qazandırdığı halda, rəqib komandanın azarkeşləri yanlış məlumata inanaraq qələbəni qeyd etməyə başlayıblar.

Qaynarinfo xəbər verir ki, “Boka Xuniors” mövsümün sonuncu turunda doğma meydanda “Defensa y Justicia”nı qəbul edib. Qarşılaşmanın əsas vaxtında hesab açılmasa da, Enner Valensiya əlavə olunmuş 6-cı dəqiqədə rəqib qapısına yol taparaq komandasına 1:0 hesablı qələbə qazandırıb.

Bu nəticə ilə xallarını 63-ə çatdıran “Boka Xuniors” ən yaxın izləyicisi “Rosario Sentral”ı bir xal qabaqlayaraq Argentina çempionu olub. Bununla da Buenos-Ayres təmsilçisi tarixində 36-cı dəfə ölkə çempionluğunu qazanıb və 38 titulu olan əzəli rəqibi “River Pleyt”lə fərqi azaldıb.

Hadisənin ən maraqlı tərəfi isə “Rosario Sentral”ın matçında yaşanıb. Çempionluq uğrunda mübarizə aparan komanda son turda “Estudiantes RC”ni 2:0 hesabı ilə məğlub edib. Qarşılaşma “Boka Xuniors”un oyunundan əvvəl başa çatdığı üçün futbolçular və azarkeşlər rəqibin nəticəsini gözləyiblər.

Valensiyanın qolundan sonra Rosario təmsilçisinin azarkeşləri məyus olublar. Lakin tribunada qəfil “Bokanın qolu ləğv edildi” xəbəri yayılıb. Argentina mətbuatının, o cümlədən “La Nacion” nəşrinin məlumatına görə, yanlış anons qısa müddətdə bütün stadiona yayılıb.

Çempion olduqlarını düşünən azarkeşlər meydana axışıb, futbolçular və məşqçilər korpusu ilə birlikdə bayram etməyə başlayıblar. Bəzi oyunçular tribunaya qalxaraq tərəfdarlarla sevincini bölüşüb, texniki heyətin üzvləri isə televiziya kameraları qarşısında çempion olduqlarını elan ediblər.

Ancaq bir müddət sonra məlumatın yanlış olduğu üzə çıxıb. Valensiyanın qolunun qüvvədə qaldığını və “Boka Xuniors”un çempion olduğunu öyrənən Rosario təmsilçisinin düşərgəsində sevinc yerini məyusluğa və qəzəbə verib.

Beləliklə, “Rosario Sentral” mövsümü 62 xalla ikinci pillədə başa vurub. Enner Valensiyanın son saniyələrdə vurduğu qol isə Argentina futbolunda uzun müddət unudulmayacaq hadisələrdən birinə çevrilib.

Aydın