Xəbər lenti

ABŞ SSRİ-ni 10 il gizlicə dinlədi: Məxfi əməliyyatı 35 min dollara satan casus
Dünya18:33 08.11.2026

ABŞ SSRİ-ni 10 il gizlicə dinlədi: Məxfi əməliyyatı 35 min dollara satan casus

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Soyuq müharibə dövründə ABŞ xüsusi xidmət orqanları SSRİ Hərbi Dəniz Qüvvələrinin danışıqlarını təxminən 10 il ərzində gizli şəkildə dinləyib. Bunun üçün amerikalılar Oxot dənizinin dibində yerləşən sovet sualtı rabitə kabelinə xüsusi qurğu quraşdırıblar. Əməliyyat isə ABŞ kəşfiyyatının keçmiş əməkdaşının məxfi məlumatları sovet tərəfinə satması nəticəsində ifşa olunub.

Qaynarinfo xəbər verir ki, bu barədə “Indian Defence Review” nəşri yazıb.

120 metr dərinlikdə dinləmə qurğusu yerləşdirildi

“Ivy Bells” (“Sarmaşıq zəngləri”) adlandırılan əməliyyata 1971-ci ildə ABŞ Milli Təhlükəsizlik Agentliyi (NSA), Hərbi Dəniz Qüvvələri və Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) iştirakı ilə başlanılıb.

Amerikalıların əsas hədəfi Vladivostok və Petropavlovsk-Kamçatski şəhərlərindəki sovet hərbi-dəniz obyektlərini birləşdirən sualtı telefon kabeli olub. 1972-ci ildə “Halibut” adlı ABŞ sualtı qayığı sahildən təxminən 120 mil məsafədə, 120 metr dərinlikdə həmin kabeli aşkarlayıb.

Dalğıclar rabitə xəttini zədələmədən onun üzərinə danışıqları qeydə alan xüsusi qurğu yerləşdiriblər. Daha sonra sistem təkmilləşdirilərək söhbətləri yazmaq və sonradan təhlil etmək imkanına malik avadanlıqla əvəzlənib.

SSRİ-nin hərbi sirləri amerikalıların əlinə keçirdi

ABŞ sualtı qayıqları təxminən ayda bir dəfə həmin əraziyə qayıdaraq qeydə alınmış danışıqları götürürdülər. Yazılar təhlil üçün Milli Təhlükəsizlik Agentliyinə göndərilirdi.

Dinlənilən söhbətlərdə sovet sualtı qayıqlarının hərəkəti, hərbi taktika, nüvə potensialı və raket proqramları barədə məlumatlar yer alırdı. Bu informasiyanın ABŞ-a strateji silahların məhdudlaşdırılması ilə bağlı danışıqlarda üstünlük qazandırdığı bildirilir. Həmin danışıqlar 1979-cu ildə SALT-2 müqaviləsinin imzalanması ilə nəticələnib.

Gizli əməliyyatı 35 min dollara satdı

1981-ci ildə peyk görüntülərində sovet hərbi gəmilərinin və sualtı işlər üçün nəzərdə tutulmuş gəminin dinləmə qurğusunun yerləşdiyi ərazidə fəaliyyət göstərdiyi müəyyən olunub. Daha sonra “Parche” adlı ABŞ sualtı qayığı ərazini yoxlayaraq avadanlığın yoxa çıxdığını təsdiqləyib.

Sonradan məlum olub ki, əməliyyatın ifşa olunmasına ABŞ Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşı Ronald Pelton səbəb olub. Maliyyə çətinlikləri yaşayan Pelton 1980-ci ildə Vaşinqtondakı sovet səfirliyinə müraciət edərək məxfi məlumatları pul qarşılığında təklif edib.

O, əməliyyatın sirlərini açıqlamaq müqabilində əvvəlcə 5 min, daha sonra isə 30 min dollar alıb.

Casusa üç ömürlük həbs cəzası verildi

Peltonun kimliyi yalnız 1985-ci ildə KQB-dən qaçaraq ABŞ-a sığınan şəxsin onun adını açıqlamasından sonra müəyyənləşdirilib. Federal Təhqiqat Bürosunun araşdırması zamanı o, casusluq etdiyini etiraf edib və üç ömürlük həbs cəzasına məhkum olunub.

Bununla belə, Pelton təxminən 30 il həbsdə qaldıqdan sonra 2015-ci ildə azadlığa buraxılıb. O, 2022-ci ildə 80 yaşında vəfat edib.

Sovet tərəfinin ələ keçirdiyi dinləmə qurğusu sonradan Moskvadakı Silahlı Qüvvələr Muzeyində eksponata çevrilib. Maraqlıdır ki, avadanlığın üzərində “Amerika Birləşmiş Ştatları hökumətinin mülkiyyətidir” yazısı saxlanılıb.

Aydın