
Hindistanı ilk dəfə ziyarət edən turistlərə ölkənin üç məkanını mütləq görmək, digər iki məşhur turistik nöqtəni isə vaxt itirmədən keçmək tövsiyə olunur. İllərdir ölkəni gəzən və Hindistanda doğulan səyyah Poonam Binayak bu barədə “Business Insider” üçün yazdığı məqalədə fikirlərini bölüşüb.
Qaynarinfo xəbər verir ki, səyyahın sözlərinə görə, Hindistanda yalnız bir tarixi abidəni görmək imkanı varsa, seçim mütləq Tac-Mahal olmalıdır.
Tac-Mahal və izdihamdan uzaq mənzərə
Aqra şəhərində yerləşən ağ mərmərdən tikilmiş möhtəşəm mavzoley imperator Şah Cahan tərəfindən həyat yoldaşının xatirəsinə inşa etdirilib. Poonam turistlərə izdihamdan və istidən yayınmaq üçün abidəyə səhər gün doğmamışdan əvvəl gəlməyi məsləhət görür. Tac-Mahal cümə günləri ziyarətçilər üçün bağlı olur.
O, abidəni gəzdikdən sonra Yamuna çayının digər sahilində yerləşən Mehtab Bağ bağını da ziyarət etməyi tövsiyə edir. Buradan Tac-Mahalın mənzərəsini daha sakit şəraitdə seyr etmək mümkündür. Xarici turistlər üçün giriş haqqı 300 rupidir.
Varanasi – unudulmaz dini mərasim
Səyyahın Hindistanda ən sevdiyi məkanlardan biri isə dünyanın ən qədim şəhərlərindən sayılan Varanasidir. Qanq çayının sahilində yerləşən şəhərdə turistlərin mütləq izləməli olduğu tədbir hər axşam keçirilən Qanqa Aarti dini mərasimidir.
Daşaşvamedh sahilində təşkil olunan mərasim zamanı kahinlər zəng səsləri və dini nəğmələrin müşayiəti ilə böyük latun çıraqları hərəkət etdirirlər. Təxminən 45 dəqiqə davam edən mərasimə giriş pulsuzdur və gün batdıqdan sonra başlayır. Yaxşı yer tutmaq istəyənlərə 30-45 dəqiqə əvvəl gəlmək tövsiyə olunur.
Keralanın sakit laqunları
Hindistanın cənubundakı Kerala ştatında yerləşən laqunlar, göllər və kanallar da səyyahın tövsiyə etdiyi məkanlar sırasındadır. Bu əraziləri gəzməyin ən maraqlı üsulu ənənəvi düyü barjalarının yaşayış evlərinə çevrilmiş forması olan ketuvalamda gecələməkdir.
Turistlərin daha çox üz tutduğu Alappuja kanallarında qayıqların sıxlığı səyyahın fikrincə, hərəkəti çətinləşdirir. Daha sakit istirahət üçün isə ştatın şimalındakı Valiyaparamba tövsiyə olunur. Manqrov ağacları və kokos palmaları ilə əhatələnən ərazidə təxminən 90 quş növü yaşayır.
Qayıqda bir gecəlik qalmağın qiyməti 8 min rupiydən başlayır və 25 min rupini ötə bilir. Yemək adətən qiymətə daxildir. Ziyarət üçün ən əlverişli dövr oktyabr-mart aylarıdır.
Turistlərin gözləntilərini doğrultmayan iki məkan
Poonamın fikrincə, Dehlidəki Lotus məbədi xarici görünüşü ilə olduqca təsirli olsa da, daxilini görmək üçün uzun növbədə dayanmağa dəyməz. 27 mərmər ləçək formasında inşa edilmiş məbəd Bəhai dininin ibadət evidir. Səyyah burada 30-35 dəqiqə növbə gözlədiyini, içəridə isə cəmi beş dəqiqə keçirdiyini bildirib. Foto çəkməyə icazə verilməməsi və zalda heykəl və təsvirlərin olmaması onun fikrincə, ziyarəti o qədər də maraqlı etmir. Bunun əvəzinə məbədin ətrafındakı pulsuz bağlarda gəzməyi məsləhət görür.
Digər məkan isə Mumbaydakı Hindistan Qapısıdır. 1924-cü ildə Britaniya kralı V Georqun səfərinin şərəfinə tikilmiş sarı bazaltdan tağ turistlərin əsas foto məkanlarından biridir. Lakin səyyah hesab edir ki, buradakı ziyarət əsasən izdiham arasında şəkil çəkdirməklə məhdudlaşır.
Onun alternativ təklifi isə yaxınlıqdakı limandan bərə ilə Elefanta adasına getməkdir. Təxminən bir saatlıq səfərdən sonra turistlər qayalıqlarda oyulmuş, hindu tanrısı Şivaya həsr edilmiş qədim məbədləri görə bilərlər. Bu tarixi abidələr UNESCO-nun Dünya İrsi siyahısına daxildir.
Poonamın fikrincə, Hindistan Qapısının ətrafında vaxt keçirməkdənsə, səhəri Elefanta adasının qədim məbədlərini araşdırmağa və liman mənzərələrindən zövq almağa sərf etmək daha maraqlıdır.
Aydın