
Payız aylarında ağacların üzərində və səmalarda minlərlə qara quşun bir yerə toplaşması tez-tez rast gəlinən mənzərələrdəndir. İlk baxışdan qeyri-adi görünən bu hadisə əslində quşların mövsümi köçü, qidalanması və təhlükəsizlik ehtiyacları ilə bağlıdır.
Qaynarinfo xəbər verir ki, bu barədə “Martha Stewart” ornitoloqların açıqlamalarına istinadən yazıb.
Milli Quş Qoruğunun ornitoloqu Robert Mulvihillin sözlərinə görə, qarğalar, qaraquşlar, sığırçınlar və digər bəzi növlər fərdi şəkildə deyil, böyük dəstələr halında və gündüz saatlarında köç edirlər. Bu sürülərdə qırmızıqanadlı qaraquşlar, pas rəngli qaraquşlar, qəhvəyi başlı inəkquşları və adi qrakllara rast gəlmək mümkündür. Bəzən onlara Avropa sığırçınları da qoşulur.
Mütəxəssisin sözlərinə görə, yayın sonundan oktyabr ayına qədər müxtəlif növlərdən olan quşlar birləşərək əvvəlcə onlarla, daha sonra yüzlərlə, hətta minlərlə fərddən ibarət sürülər yaradırlar.
Böyük sürülər quşlara nə qazandırır?
Mass Audubon təşkilatının elmi koordinatoru Mark Fagertinin sözlərinə görə, quşların belə davranışının bütün səbəbləri hələ də dəqiq müəyyən edilməyib. Bununla belə, bəzi araşdırmalar sürü halında yaşayan növlərin sağ qalma ehtimalının daha yüksək olduğunu göstərir. Böyük qruplar yırtıcılardan qorunmağa və qida mənbələrini daha asan tapmağa kömək edə bilər.
Mulvihill qeyd edib ki, payızda sürülərin böyüməsi quşların qışa və miqrasiyaya hazırlığının əlamətlərindən biridir. Onlar bu dövrdə meyvə, toxum və qoz-fındıqla qidalanaraq uzun uçuşlar üçün enerji toplayırlar. Sürü halında hərəkət etmək həm də yırtıcı təhlükəsini azaltmağa və köç zamanı hərəkətləri uyğunlaşdırmağa imkan verir.
Bundan başqa, birlikdə uçmağın fiziki üstünlükləri də var. Fagertinin izahına görə, öndə uçan quşun qanad hərəkətləri arxasındakı quşlar üçün əlavə hava axınları yaradır. Bu da onların uçuş zamanı daha az enerji sərf etməsinə şərait yaradır.
Quş sürüləri insanlar üçün təhlükəlidirmi?
Böyük quş qrupları, xüsusilə şəhərlərdə, səs-küyə və çirklənməyə səbəb ola bilər. Onların gecələdiyi ərazilərdə, səkilərdə, avtomobil dayanacaqlarında və digər ictimai məkanlarda çoxlu quş peyini toplanır. Qidalarında meyvə üstünlük təşkil edirsə, bu çirklənmə daha da nəzərəçarpan olur.
Bununla belə, ornitoloqlar belə sürülərin adətən ciddi təhlükə yaratmadığını və xüsusi müdaxiləyə ehtiyac olmadığını bildirirlər.
Mulvihill hesab edir ki, payızda minlərlə quşun eyni anda səmada hərəkəti təbiətin ən təsirli mənzərələrindən biridir. Onun fikrincə, bu hadisəyə yalnız yaratdığı narahatlıq prizmasından deyil, quşların mövsümi həyat ritminin bir hissəsi kimi baxmaq lazımdır.
Aydın