Xəbər lenti

Alimlər okeanın dibindəki qızılı kürənin sirrini açdı
Dünya20:41 08.11.2026

Alimlər okeanın dibindəki qızılı kürənin sirrini açdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sakit okeanın Alyaska körfəzində aşkarlanan və alimləri uzun müddət çaşqın vəziyyətdə saxlayan qızılı rəngli naməlum obyektin nə olduğu müəyyənləşib.

Qaynarinfo xəbər verir ki, bu barədə “BBC Wildlife Magazine” nəşri məlumat yayıb.

Qeyri-adi obyekt 2023-cü ildə ABŞ Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) “Okeanos Explorer” tədqiqat gəmisinin dərinliklərin xəritələşdirilməsi üzrə ekspedisiyası zamanı aşkarlanıb. Sualtı tədqiqat aparatı qayaya yapışmış, parlaq qızılı səthə malik təxminən 10 santimetr diametrində kürə ilə qarşılaşıb.

Robotlaşdırılmış mexanizmin köməyi ilə ehtiyatla götürülən obyekt gəminin laboratoriyasına aparılıb. İlk baxışdan dəriyə bənzər lifli quruluşa malik olduğu görünən kürənin bir hissəsində böyük dəlik də müşahidə edilib.

Obyekt daha ətraflı araşdırılması üçün ABŞ Milli Təbiət Tarixi Muzeyinin mütəxəssislərinə göndərilib. Elektron mikroskopla aparılan təhlillər onun tərkibində xitin maddəsinin olduğunu üzə çıxarıb. Bundan başqa, səthində sancıcı hüceyrələrin aşkarlanması obyektin meduzalar, mərcanlar və dəniz anemonlarını əhatə edən knidariyalar tipinə aid canlı ilə əlaqəli olduğunu göstərib.

Tədqiqatın ən mürəkkəb mərhələsi DNT analizləri olub. Kürənin üzərindəki mikroorqanizmlər ilkin genetik araşdırmaları çətinləşdirib. Lakin daha dərin genom sekvenslənməsi nəticəsində onun tərkibində nəhəng dərin dəniz anemonu olan Relicanthus daphneae növünə aid çoxlu genetik material müəyyən edilib.

Alimlər sonda obyektin həmin anemonun qayaya yapışmaq üçün ifraz etdiyi xüsusi xarici örtük – kutikula olduğunu müəyyənləşdiriblər. Onların fikrincə, obyektin qayadan ayrılmış formada aşkarlanması bu dəniz canlısının müəyyən qədər hərəkət edə bildiyini göstərir.

Bununla belə, tədqiqatçılar kürənin üzərindəki dəliyin necə yarandığını hələ də müəyyən edə bilməyiblər. Onun qeyri-adi qızılı rəng almasının səbəbi də sirr olaraq qalır.

Aydın