Xəbər lenti

Bakıda "QAZ-3110"la təkərləri sürüşdürüb şou göstərdi - Narkoman olduğu üzə çıxdı
Ölkə10:46 09.11.2026

Bakıda "QAZ-3110"la təkərləri sürüşdürüb şou göstərdi - Narkoman olduğu üzə çıxdı

0:00 / 0:00
Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda narkotik vasitənin təsiri altında avtomobil idarə edərək bir neçə rayonda avtoxuliqanlıq edən 21 yaşlı gənc 1 ay 15 gün müddətinə inzibati qaydada həbs edilib.

Qaynarinfo-nun məlumatına görə, 2005-ci ildə Bakı şəhərində anadan olan E.R. barəsində Yasamal Rayon Məhkəməsində bir neçə inzibati xəta üzrə işə baxılıb.

Məhkəmə materiallarına əsasən, E.R. etibarnamə ilə idarə etdiyi “QAZ-3110” markalı avtomobillə Binəqədi, Yasamal və Qaradağ rayonlarında marixuananın təsiri altında hərəkət edib. O, qarşıdan gələn avtomobillərin hərəkət zolağına çıxaraq digər sürücülər üçün təhlükə yaradıb, avtomobili qəfil sürətləndirərək təkərlərin sürtünməsindən səs-küy yaradıb və yolda çoxsaylı təkər izləri buraxıb.

Bu hərəkətlərinə görə axtarışa verilən E.R. Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsində Dövlət Yol Polisi əməkdaşları tərəfindən saxlanılıb.

Tibbi müayinə zamanı onun orqanizmində THC maddəsi aşkarlanıb. Narkoloji mütəxəssislərin rəyində E.R.-də kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromunun – narkomaniya xəstəliyinin olduğu və məcburi müalicəyə ehtiyac duyduğu bildirilib.

Məhkəmədə özünü təqsirli bilən E.R. törətdiyi əməllərdən peşman olduğunu deyərək yüngül cəza istəyib.

Yasamal Rayon Məhkəməsi onu İnzibati Xətalar Məcəlləsinin 206, 333-1.1 və 511.1.3-cü maddələri ilə təqsirli bilib. Qərara əsasən, E.R.-nin sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb, barəsində 1 ay 15 gün müddətinə inzibati həbs tətbiq edilib.

Bununla yanaşı, ona narkomaniyadan məcburi müalicə təyin olunub. Həbs müddəti başa çatdıqdan sonra E.R. ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil veriləcək və ərazi narkoloji dispanserində qeydiyyata alınacaq.

Aydın