
Əfqanıstanın paytaxtı Kabildə yerləşən qədim Bala-Hissar qalasında aparılan arxeoloji qazıntılar zamanı müxtəlif sivilizasiyalara aid nadir tarixi nümunələr üzə çıxarılıb. Tapıntılar arasında buddist monastırının qalıqları, saray hamamları, qədim sikkələr və İslam dövrünə aid keramika nümunələri var.
Qaynarinfo xəbər verir ki, bu barədə “The Independent” nəşri məlumat yayıb.
Hazırda Ağa Xan Mədəniyyət Fondunun (AKTC) həyata keçirdiyi çoxillik layihə çərçivəsində qala ərazisində bərpa və konservasiya işləri aparılır. Layihənin əsas məqsədi tarixi məkanı arxeoloji parka çevirmək, burada bağlar, restoranlar və muzey yaratmaqdır.
Qazıntılar zamanı beş ayrı sahədə aparılan tədqiqatlar nəticəsində qədim yaşayış məskənlərinin izləri, buddist heykəllərinin parçaları, şirli İslam keramikası, yağ lampaları, müxtəlif saxsı qablar, saray və yaşayış binalarının qalıqları aşkarlanıb.

Arxeoloq Babak Rəfiə-Ələvinin sözlərinə görə, tədqiqatçılar bu qədər zəngin tapıntı ilə qarşılaşacaqlarını gözləmirdilər. Xüsusilə Böyük Moğollar imperiyası dövrünə aid sarayın qalıqlarının aşkarlanması diqqət çəkib. Həmin ərazidə divar rəsmləri, taxtı xatırladan tikili və qayaya həkk olunmuş ulduz formalı hovuz tapılıb.
Qalanın tarixi strateji əhəmiyyəti
Tərcümədə “Hündür qala” mənasını verən Bala-Hissar əsrlər boyu Kabildə mühüm siyasi və dini mərkəzlərdən biri olub. Kuh-e-Şer-Darvaza dağ silsiləsinin yamacında yerləşən qala şəhərə və mühüm ticarət yollarına nəzarət etmək baxımından strateji əhəmiyyət daşıyıb.
Ərazi Hindistan yarımadasını Mərkəzi Asiya ilə birləşdirən əsas ticarət marşrutunun üzərində yerləşdiyindən müxtəlif dövrlərdə fərqli sivilizasiyaların təsirinə məruz qalıb. Qala hərbi istehkam, saray kompleksi, silah anbarı, inzibati mərkəz, həbsxana və qarnizon kimi istifadə edilib.

Onun tarixi e.ə. I əsrdən Böyük Moğollar imperiyasına, İngiltərə-Əfqanıstan müharibələrindən Sovet müdaxiləsinə, vətəndaş müharibəsindən ABŞ rəhbərliyindəki koalisiyanın ölkədəki mövcudluğuna qədər uzanır.
Qala əsrlər ərzində dəfələrlə dağıdılıb və yenidən qurulub. Ən böyük dağıntılardan biri isə Britaniya qoşunlarının XIX əsrdə diplomatik nümayəndə Luis Kavanyari və onun müşayiətçilərinin öldürülməsinə cavab olaraq həyata keçirdiyi hücum zamanı baş verib.
Sonrakı münaqişələr də tarixi abidəyə ciddi ziyan vurub. 2008-ci ildə ABŞ hərbçilərinin ərazinin bəzi hissələrini hamarlaması nəticəsində arxeoloji təbəqələrin bir qisminin məhv edildiyi bildirilir. Bu gün də qala ərazisində sovet tanklarının qalıqlarına və müxtəlif hərbi texnikaya rast gəlmək mümkündür.

Tarixi irsin qorunması planlaşdırılır
Layihə rəhbəri Mustafa Nuri bildirib ki, Bala-Hissarın arxeoloji park kimi yenidən qurulması uzunmüddətli işdir və prosesə əfqan tələbələrin arxeologiya üzrə təhsil proqramlarının cəlb edilməsi də daxildir.
Əfqanıstanın “Taliban” hökuməti də ölkənin tarixi abidələrinin qorunmasının vacibliyini bəyan edib. İnformasiya və Mədəniyyət Nazirliyinin nümayəndəsi Xubayb Qufran qədim sivilizasiyalardan qalan izlərin mühüm bilik mənbəyi olduğunu bildirib.
Aydın