Xəbər lenti

"Nvidia"nın rəhbəri Çin üçün casusluq etməkdə şübhəli bilinən qadınla münasibətini etiraf etdi
Dünya14:28 09.11.2026

"Nvidia"nın rəhbəri Çin üçün casusluq etməkdə şübhəli bilinən qadınla münasibətini etiraf etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Nvidia” şirkətinin baş direktoru Censen Huan Çin kəşfiyyatı ilə əməkdaşlıqda şübhəli bilinən biznesmen qadınla münasibətdə olduğunu etiraf edib. ABŞ kəşfiyyatının həmin qadının Pekinin maraqları naminə fəaliyyət göstərdiyini ehtimal etdiyi bildirilir. Skandal fonunda şirkətin direktorlar şurası daxili araşdırmaya başlayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə “The New York Times” və “Axios” nəşrləri məlumat yayıb.

“The New York Times”ın yazdığına görə, 2025-ci ilin yazında ABŞ administrasiyasının yüksək vəzifəli şəxsləri arasında Censen Huanın Çin vətəndaşı olan Elis Huanla əlaqələri barədə kəşfiyyat məlumatları yayılıb. Sənəddə qadının Çinin Dövlət Təhlükəsizliyi Nazirliyi ilə əməkdaşlıq etdiyi iddia olunub. Eyni soyadı daşısalar da, Elis Huanın “Nvidia” rəhbəri ilə qohum olmadığı vurğulanır.

Məlumata əsasən, qadının əsas məqsədi Censen Huan haqqında məlumat toplamaq, xüsusilə də ABŞ-nin süni intellekt üçün istehsal etdiyi çiplərlə bağlı Pekinin maraqlarına uyğun informasiyaya çıxış əldə etmək olub. Həmçinin onun “Nvidia”ya təsir göstərərək şirkətin ən güclü çiplərinin Çinə satışına icazə verilməsi üçün Vaşinqtona təzyiq göstərməyə çalışdığı ehtimal edilir.

ABŞ xüsusi xidmət orqanlarının ən azı bir il ərzində Elis Huanı elektron izləməyə götürdüyü bildirilir. Donald Trampın da ötən il bu münasibətlər barədə məlumatlandırıldığı, lakin hər hansı addım atmadığı qeyd olunur.

Nəşrin yazdığına görə, 2024-cü ildə Elis Huanın rəhbərlik etdiyi “Megaspeed” şirkəti milyardlarla dollar dəyərində müasir süni intellekt çipləri almağa başlayıb. Şirkət Cənub-Şərqi Asiyada məlumat mərkəzləri qurur, daha sonra onların hesablama imkanlarını Çinin internet nəhəngi “Alibaba”ya icarəyə verir. İddialara görə, bu mexanizm vasitəsilə Çin ABŞ-nin birbaşa satışına məhdudiyyət qoyduğu “Nvidia” çiplərinə dolayı yolla çıxış əldə edir.

Çin səfirliyi isə nəşrdə dərc olunan məlumatları əsassız adlandıraraq Pekinə qarşı böhtan kimi qiymətləndirib.

Huan münasibətini etiraf edib

Məlumatların yayılmasından sonra Censen Huan şirkət əməkdaşlarına ünvanladığı məktubda həyat yoldaşına xəyanət etdiyini etiraf edib.

“Ailəmə və hər birinizə üzr istəməliyəm. Həyat yoldaşıma xəyanət etmişəm. Hərəkətlərim ona və övladlarımıza ağrı yaşadıb. Etdiyimə heç bir bəraət yoxdur”, – deyə o bildirib.

Huan baş verənlərə görə tam məsuliyyət daşıdığını, həmçinin şirkətin əməkdaşlarını, direktorlar şurasını və səhmdarları məyus etdiyini etiraf edib.

Tramp Huanı müdafiə etdi

ABŞ prezidenti Donald Tramp isə qalmaqala münasibət bildirərkən “Nvidia” rəhbərinə dəstək nümayiş etdirib. Jurnalistlər ondan Huanı gələn həftəki Asiya səfərinə aparıb-aparmayacağını soruşublar.

“Bilmirəm, amma onu mütləq özümlə aparardım”, – Tramp cavab verib.

Prezident qalmaqalla bağlı əlavə sualı isə qısa şəkildə cavablandırıb: “Onun pis bir iş gördüyünü eşitməmişəm. O, kiminləsə münasibətdə olub, amma bilirsiniz, belə şeyləri hamı edir”.

“Axios”un məlumatına görə, Trampın Ağ Evə qayıtmasından sonra Huan onun yaxın münasibət saxladığı biznes nümayəndələrindən birinə çevrilib və administrasiyanın tədbirlərində tez-tez iştirak edib.

Bununla belə, qalmaqal ABŞ Konqresində də narahatlıq yaradıb. Bir neçə konqresmen məsələ ilə bağlı yoxlamalar aparılmasını tələb edib. İnvestorlar isə yaranmış vəziyyətin süni intellekt bazarına mənfi təsir göstərə biləcəyindən ehtiyatlanırlar.

Aydın