Xəbər lenti

"Qızıl top" səsverməsində manipulyasiya şübhəsi: Fransa polisi araşdırmaya başladı
İdman17:47 09.11.2026

"Qızıl top" səsverməsində manipulyasiya şübhəsi: Fransa polisi araşdırmaya başladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

2026-cı il “Qızıl top” mükafatının nəticələrinin əvvəlcədən sızdırılması və səsverməyə müdaxilə edilməsi ehtimalı Fransa hüquq-mühafizə orqanlarının diqqətini cəlb edib. Polis mümkün daxili məlumat sızması ilə bağlı araşdırmaya başlayıb.

Qaynarinfo xəbər verir ki, “Tribuna” nəşrinin məlumatına görə, mərc platformalarından birindəki 12 hesab mükafat uğrunda mübarizədə ilk beşlikdə qərarlaşan futbolçuların yekun sıralamasını dəqiq proqnozlaşdırıb.

Həmin sıralamada ilk yeri ingiltərəli Harri Keyn tutub. Onu fransalı Kilian Mbappe, ispaniyalı Lamin Yamal və Rodri, daha sonra isə argentinalı Lionel Messi izləyib.

Bu hesabların ümumi xalis qazancının təxminən 200 min avro olduğu bildirilir. İştirakçıların təkcə ilk beşliyə düşəcək futbolçuları deyil, onların yekun mövqelərini də düzgün müəyyənləşdirməsi şübhələri artırıb. Araşdırmaçılar hesab sahiblərinin ictimaiyyətə açıqlanmayan məlumatlara çıxış əldə etmiş ola biləcəyini istisna etmirlər.

Mükafatı təşkil edən “France Football” jurnalı məsələ barədə məlumatlandırılıb. Nəşr rəsmi şikayət təqdim edərək Fransa polisinin müvafiq qurumu ilə əməkdaşlığa başlayıb. Paralel olaraq, ehtimal olunan məlumat sızmasının mənbəyini müəyyənləşdirmək üçün daxili araşdırma aparılır.

Hadisə “Qızıl top”un təqdimetmə mərasimi ərəfəsində baş verən başqa bir insidenti də yenidən gündəmə gətirib. Belə ki, Londondakı “London Palladium”da keçirilən mərasim başlamazdan bir neçə saat əvvəl mükafatın rəsmi saytında bəzi namizədlərin qalib elan olunduğunu bildirən məqalələr səhvən yayımlanmışdı.

Bu hal nəticələrin məxfiliyinin qorunması ilə bağlı suallar doğurub. Xüsusilə səsvermənin mərasimdən bir neçə gün əvvəl qapalı komitə tərəfindən yekunlaşdırıldığı nəzərə alınarsa, mümkün məlumat sızmasının necə baş verdiyi araşdırmanın əsas istiqamətlərindən birinə çevrilə bilər.

“France Football” isə mükafatın şəffaflığının və obyektivliyinin əsas prioritet olduğunu bəyan edib. Jurnalın nümayəndəsi qalibin müstəqil səsvermə yolu ilə müəyyənləşdirildiyini vurğulayaraq, nəticələrin sızdırılması ilə bağlı iddialara ciddi yanaşdıqlarını bildirib.

Aydın