
Cənubi Atlantik okeanının ortasında yerləşən Tristan-da-Kunya dünyanın ən ucqar yaşayış məntəqələrindən biri hesab olunur. Burada cəmi 220 nəfər yaşayır. Ada sakinlərinin gündəlik həyatının bir hissəsi isə minlərlə pinqvin və digər vəhşi heyvanlarla əhatə olunmaqdır.
Qaynarinfo xəbər verir ki, bu barədə “Express” nəşri yazıb.
Adada hava limanı və təyyarələrin enməsi üçün uçuş zolağı yoxdur. Tristan-da-Kunyaya çatmağın yeganə yolu dəniz nəqliyyatıdır. Cənubi Afrikanın Keyptaun şəhərindən 2 700 kilometrdən çox məsafədə yerləşən adaya gəmi ilə səfər təxminən altı gün çəkir. Bəzi hallarda bu müddətin 15 günə qədər uzandığı bildirilir.
Cəmi 220 sakinin yaşadığı adada icma olduqca kiçik və sıxdır. 2026-cı il oktyabrın 21-nə olan məlumata görə, sakinlərin hamısı cəmi 11 müxtəlif soyad daşıyır.
Burada gündəlik tələbatı ödəmək də o qədər asan deyil. Adada yalnız bir böyük ərzaq mağazası fəaliyyət göstərir. Mağazada un, qəhvə, şokolad və digər zəruri məhsullar satılır. Britaniya ənənələrinə uyğun olaraq, yaşayış məntəqəsində “The Albatross” adlı pab da var.
Adanın yeganə yaşayış məntəqəsi “Yeddi dənizin Edinburqu” adlanır. Sakinlər əsasən balıqçılıq, kənd təsərrüfatı, sənətkarlıq və təbiətin mühafizəsi ilə məşğul olurlar. Tristan-da-Kunya yüksək keyfiyyətli omar ixrac etməklə də tanınır. Məhsullar Avstraliya, Yeni Zelandiya, ABŞ və Avropa ölkələrinə göndərilir. Bundan başqa, poçt markaları və xatirə sikkələri kolleksiyaçılar üçün satışa çıxarılır.
Tristan-da-Kunya Böyük Britaniyanın xarici ərazisi statusundadır. Ada 1816-cı ildə Britaniyanın nəzarətinə keçib. Hazırda arxipelaqa Tristan-da-Kunya ilə yanaşı, Naytinqeyl, İnaksesibl və Qof adaları da daxildir. Sonuncu üç adada daimi əhali yaşamır.
Ərazinin əsas xüsusiyyətlərindən biri zəngin vəhşi təbiətidir. “National Geographic”in məlumatına görə, arxipelaq ətrafında təxminən 200 min çəyirtkəburun pinqvin, beş milyondan çox nazikdimdikli fırtınaquşu və 300 minə yaxın subantarktik xəz suitisi yaşayır. Burada həmçinin kaşalotlara, donqar balinalara, delfinlərə və mavi köpəkbalıqlarına rast gəlinir.
2020-ci ilin noyabrında arxipelaq ətrafında təxminən 700 min kvadratkilometr ərazini əhatə edən dəniz mühafizə zonası yaradılıb. Həmin vaxt bu ərazi Atlantik okeanında ən böyük dəniz mühafizə zonası hesab olunurdu.
Turistlər üçün də açıq olan Tristan-da-Kunya kütləvi turizmə uyğun infrastruktura malik deyil. Adaya səfər etmək istəyənlər əvvəlcədən ciddi inzibati prosedurlardan keçməli və uzunmüddətli dəniz səyahətinə hazır olmalıdırlar.
Aydın