
Münhen. İngilis bağı (Englischer Garten). 2006-cı ilin yayı. Almaniya ev sahibliyi etdiyi dünya çempionatının həyəcanını yaşayır. Almaniya millisinin yay nağılı qəzetlərin manşetlərini bəzəyir, hava möhtəşəmdir, Münhenin yaşıl ciyəri hesab olunan İngilis bağı insanlarla dolub-daşır. İnsanlar otların üzərində dincəlir, sərin Eisbach çayında üzür, həyatın dadını çıxarırlar.
Bütün bu mənzərənin ortasında bir neçə gənc futbol oynayır. Türklər, ərəblər, albanlar, afrikalılar, almanlar, italyanlar – çoxmillətli bir qrup. Bəzən futbol həvəskarları dayanıb onları bir neçə dəqiqə izləyir, sonra yollarına davam edirlər.
Halbuki günəş altında köhnə futbol topunun arxasınca qaçan, jiletlərini və ya bel çantalarını qapı kimi istifadə edən həmin gənclərin arasında artıq dünya ulduzu ola biləcək, hətta olmalı olan biri də var. Lakin bunu izləyənlərin heç biri bilmir. Bir vaxtlar böyük Frans Bekkenbauerin “Alman futbolunun ən böyük istedadı” adlandırdığı, “Bayern Münhen” əfsanəsi Uli Hönessin isə satışa çıxarılmayacağını bəyan etdiyi futbolçu. Hələ 17 yaşında Almaniyanın ən çox çempionluq qazanan klubunun heyətində Çempionlar Liqasında debüt etmiş, gələcəyinə böyük ümidlər bəslənilən oyunçu.
Bir oyunda 10-12 qol

“D gənclər kateqoriyasında bir mövsümdə təxminən 400 qol vurmuşdum. Həmin vaxt bir oyunda tez-tez 10-12 qol vururdum”.
İngilis bağında həmin hadisələrin yaşanmasından hələ on il belə keçməmişdi. Buna baxmayaraq, Berkant Göktan 25 yaşında olmasına rəğmən, 2006-cı ilin yayındakı həmin günlərdən işıq illəri qədər uzaqlaşmışdı. Artıq karyerasının dibinə enmişdi.
Münhendə doğulan türk futbolçu həmin dövrü “11Freunde” jurnalına müsahibəsində belə xatırlayırdı: “İngilis bağında müxtəlif mədəniyyətlərdən olan insanlarla tez-tez futbol oynayırdıq”.
Bir neçə həftə idi ki, heç bir klubda çıxış etmirdi və birtəhər formasını qorumağa çalışırdı. Növbəti uğursuz dayanacağı olan “Kayzerslautern”dəki (1. FC Kaiserslautern) karyerası da vaxtından əvvəl başa çatmışdı.
Gəlin zamanda geriyə qayıdaq. Balaca “Berki” üçün hər şeyin yaxşı başladığı dövrə nəzər salaq.
O, futbol karyerasına Bavariyanın paytaxtının şərqində yerləşən kiçik “Helios Münhen” klubunda başlayır. E gənclər kateqoriyasında çıxış etdiyi vaxt böyük “Bayern Münhen”in diqqətini çəkir və səkkiz yaşlı Göktan sınaq məşqindən sonra dərhal Zəbener Ştrasseyə gətirilir.
Qısa müddət ərzində o, gələcəyin ulduzu, fenomen uşaq kimi tanınmağa başlayır. Onun dayanmadan qol vurduğunu demək belə, vəziyyəti tam ifadə etmir.
Göktan xatırlayır: “D gənclər kateqoriyasında bir mövsümdə təxminən 400 qol vurmuşdum. Həmin vaxt bir oyunda tez-tez 10-12 qol vururdum”.
“Bayern Münhen” də gənc hücumçuya böyük ümidlər bəsləyirdi. Göktan 13 yaşında klubla ilkin müqavilə imzaladı. Məktəbə marağı azaldı, demək olar ki, dərslərə getmədi və bütün gələcəyini erkən yaşlarından futbola bağladı. Başlanğıcda onun yolu uzun müddət yalnız bir istiqamətdə – sürətlə yuxarıya doğru gedirdi.
Göktanın potensialı həqiqətən heyrətamiz idi. Sonralar onunla “Kayzerslautern”də birlikdə çıxış edən, lakin həmin vaxta qədər Göktanın əvvəlki şöhrətindən əsər-əlamət qalmadığını görən Halil Altıntop onun haqqında belə demişdi:
“Topla etdikləri həqiqətən inanılmaz idi. Yəqin ki, bir daha onun qədər yüksək texniki bacarıqlara malik futbolçu görməmişəm”.
Lakin qeyri-adi istedad uğur qazanmaq üçün kifayət etmədi. Göktanın şəxsiyyəti, xarakteri və idmana yanaşması hələ lazımi səviyyədə formalaşmamışdı.
Göktan hətta Ouen Harqrivzi də “Bayern”lə çempionluqdan məhrum etdi

Göktan hələ yeniyetməlik dövründə problemlər yaratmağa başlamışdı. Ətrafındakı insanların sözlərinə görə, 16 yaşında olarkən bəzən alkoqolun təsiri altında həddini aşır, qaydalara əməl etmir və şıltaqlıq edirdi.
“Bayern”in aşağı yaş qruplarında uzun illər könüllü fəaliyyət göstərmiş Herbert Harbix “tz” nəşrinə açıqlamasında həmin günləri belə xatırlayırdı:
“O, çox erkən yaşlarından ulduz olduğuna əmin idi. Amma bu, kifayət etmir”.
Harbix 1998-ci ildə Almaniyanın A gənclər çempionatının finalını bu gün də unutmur. Xüsusilə də Göktanı. Daha doğrusu, onun həmin gün nümayiş etdirdiyi eqoist davranışları.
Bu davranış Münhen təmsilçisini tarixində ilk Almaniya gənclər çempionluğundan məhrum etdi.
Həmin vaxt Ouen Harqrivz və Daniel Bierofka kimi futbolçularla birlikdə çıxış edən “Bayern U-19” səfərdə “Borussiya Dortmund”a qarşı keçirilən oyunda 2:1 hesabı ilə öndə idi. Matçın bitməsinə 20 dəqiqədən bir qədər çox vaxt qalmış komanda penalti qazandı.
Lakin penaltini vurması nəzərdə tutulmayan gənc futbolçu Göktan topu götürdü. Zərbəni dəqiq yerinə yetirə bilmədi və matçın taleyini həll etmək fürsətini əldən verdi.
Bundan sonra hadisələr dramatik məcraya yönəldi. “Borussiya Dortmund” əlavə vaxtda hesabı bərabərləşdirdi və qalib penaltilər seriyasında müəyyənləşdi.
Harbix xatırlayır: “Göktan yenidən topun arxasına keçdi və bu dəfə də penaltini qaçırdı”.
Nəticədə “Bayern”in gənclər komandası məğlub oldu, çempionluq isə Dortmund təmsilçisinə qismət oldu. Göktan isə bu hekayənin faciəvi qəhrəmanına çevrildi.
Buna baxmayaraq, onun peşəkarlıqdan uzaq davranışı uzun müddət özünə ciddi təsir göstərmədi. O, qayğısız şəkildə futbol oynamağa və inkişaf etməyə davam edirdi.
16 yaşında Covanni Trapattoninin rəhbərliyi altında əsas komanda ilə məşqlərə qatılır, bir anda Lotar Matteus kimi dünya ulduzlarını driblinqlərlə geridə qoyurdu.
Göktan 17 yaşında ilk peşəkar müqaviləsini imzaladı, məktəbi tamamilə tərk etdi və karyerasında sürətli yüksəlişə hazırlaşdı.
Devid Bekhem və böyük “Mançester Yunayted”ə qarşı peşəkar karyerasında ilk oyun

Göktan 17 yaş 9 aylığında “Bayern”in heyətində Çempionlar Liqasında debüt etdi.
Çempionlar Liqasının qrup mərhələsində nəhəng “Mançester Yunayted” Münhen Olimpiya stadionunun qonağı olmuşdu. Hasan Salihamidziçin əvəzinə meydana daxil olan Göktan təxminən yarım saat oynadı və özünü qəfildən Devid Bekhem və Pol Skoulz kimi ulduzların qarşısında gördü.
Göktan həmin anı belə təsvir edirdi: “Sanki trans vəziyyətində idim”.
O, Çempionlar Liqasındakı ilk oyununda qol vurmağa da çox yaxınlaşmışdı. Futbolçunun fikrincə, həmin epizod fərqli nəticələnsəydi, hər şey dəyişə bilərdi.
“Sol ayağımla vurduğum zərbə qapının sağ dirəyinin yanından az fərqlə keçdi. Bəzən düşünürəm ki, həmin zərbə qolla nəticələnsəydi, bəlkə də hər şey başqa cür olardı”.
Bəlkə də həmin vaxt onun ayağını yerə möhkəm basmasına kömək edəcək, şöhrətin başını gicəlləndirməsinə imkan verməyəcək biri olardı. Lakin təəssüf ki, Berkant Göktanın kədərli hekayəsində belə bir insan heç vaxt olmadı.
“Mançester Yunayted”ə qarşı həmin oyun Göktanın “Bayern” futbolçusu kimi iştirak etdiyi ən böyük səhnə olaraq qaldı.
Onun diqqəti yayındı, futboldan başqa hər şey prioritetə çevrildi. “Bayern”in heyətində cəmi iki rəsmi oyuna daha çıxdı. Baş məşqçi Ottmar Hitzfeld isə artıq ona şans verməməyə başladı.
1999-cu ilin əvvəlində, hələ 18 yaşı tamam olmamış Göktan icarə əsasında “Borussiya Mönhenqladbax”a göndərildi. Altı ay sonra isə keçmiş müəllimi Hermann Gerlandın rəhbərliyi altında çıxış etmək üçün “Arminiya Bilefeld”ə yollandı.
Lakin üstün istedadlı futbolçu qəfildən geridə qalmışdı. “Mönhenqladbax”da cəmi beş oyuna çıxdı. “Bilefeld”də isə 16 matçda iştirak etməsinə baxmayaraq, yalnız bir qol vura bildi.
Ümidsizliyə qapılmışdı və çox qısa müddətdə böyük uğurlar əldə etmək istəyirdi.
2000-ci ilin yayında “Bayern”ə qayıtdı, lakin demək olar ki, yalnız Regionalliqada çıxış edən ikinci komandada oynayırdı.
Bir dəfə “kicker” nəşrinə verdiyi müsahibədə belə demişdi:
“Bayern”də əsas dönüş nöqtəsi əvvəlki kimi məşq etməyimə baxmayaraq, performansımın artmaması oldu”.
İnkişafı dayanmışdı, irəliləyə bilmirdi, amma nisbətən yaxşı pul qazanırdı.
“Motivasiyamı tədricən itirdim. Sonra bunu büruzə verməməyə çalışdım və özümü pula verdim. Futbol artıq ikinci plana keçmişdi”.
“Qalatasaray”da bir il ulduz oldu

“Hər addımda yerə bir az da yaxınlaşırdım”.
“Bayern” səhifəsi 2001-ci ildə birdəfəlik bağlandı. Hələ 20 yaşında olan və gələcəyin perspektivli futbolçusu hesab edilən Göktan çoxlarını təəccübləndirərək Türkiyənin aparıcı klublarından biri olan “Qalatasaray”a transfer olundu.
Göktan “11Freunde” jurnalına açıqlamasında həmin günləri belə xatırlayırdı:
“İnanılmaz idi! Müqavilə imzalanarkən orada 20 kamera və çoxlu jurnalist var idi. Əvvəllər heç vaxt belə bir şey yaşamamışdım”.
Altı aylıq uyğunlaşma dövründən sonra meydanda da işlər yaxşı getməyə başladı. Göktan beş qolla “Qalatasaray”ın Türkiyə çempionluğuna töhfə verdi. Çempionlar Liqasında isə “Liverpul” və “Barselona”ya qarşı meydana çıxdı.
Lakin Göktanın karyerasında tez-tez olduğu kimi, bu yüksəliş də yenidən yaranan ümidlərin qısamüddətli parıltısından ibarət oldu.
“Qalatasaray”dakı ikinci və üçüncü mövsümlərində demək olar ki, heç oynamadı. 2004-cü ildə “Beşiktaş”a keçdi, lakin burada da heyətdən tamamilə kənarda qaldı.
Səhlənkar münasibəti və baş məşqçi dəyişiklikləri ilə bağlı bəxtsizlik onun vəziyyətini getdikcə ağırlaşdırdı.
Göktan həmin dövrü belə xatırlayır:
“Bu, məni psixoloji cəhətdən məhv etdi. Düşünürdüm ki, daha heç vaxt oynamayacağam, sadəcə ehtiyat oyunçular skamyasından meydana daxil olan futbolçu olacağam. Atdığım hər addımda yerə bir az da yaxınlaşırdım”.
Göktanın əsrin istedadı kimi təriflənildiyi dövrdə “Bayern”də köməkçi məşqçi olmuş Mixael Henke onu yenidən Almaniyaya – “Kayzerslautern”ə gətirdi.
Lakin Henke qısa müddət sonra vəzifəsindən uzaqlaşdırıldı. Onu əvəz edən Volfqanq Volfun rəhbərliyi altında da Göktan özünə yer tapa bilmədi.
Buna görə də 2006-cı ilin aprelində “Kayzerslautern”lə müqaviləsini ləğv edərək doğma şəhəri Münhenə, İngilis bağına qayıtdı.
“Münhen 1860”ın qəhrəmanı idi, kokainə qurşanana qədər

“Uğur başımı gicəlləndirmişdi”.
Göktan formada qalmaq üçün əlindən gələni edirdi. Sanki keçmiş səhvlərindən dərs çıxarmışdı və birdən-birə daha təvazökar davranmağa başlamışdı.
“İlk klubumun süni örtüklü meydançasında qardaşımı qapıya qoyub məşq edirdim. Həmin vaxt hər şeyi edirdim: futbol oynayır, velosiped sürür, üzməyə gedir, qaçırdım”.
Bəxti də gətirdi. “1860 Münhen” klubu Zəbener Ştrassedəki əzəli rəqibinin vaxtilə böyük ümidlər bəslənilən futbolçusunun yenidən mübarizəyə qayıtmaq istədiyini öyrəndi.
Klub əvvəlcə onu həvəskarlar komandasına qəbul etdi. Daha sonra Göktan “Şirlər”in heyətində peşəkar karyerasının, bəlkə də, ən yaxşı iki ilini keçirdi.
Komandanın ulduzuna çevrildi və “1860 Münhen”in simalarından biri oldu.
“Həyatımda nəhayət bir dəfə bəxtim gətirdi. Münhendə mənə güvənən, mənə necə yanaşmağı bilən və mənimlə uzun müddət işləyə bilən məşqçi ilə qarşılaşdım”.
Onu həvəskarlar komandasına gətirən Marko Kurts idi. Kurts əsas komandanın baş məşqçisi vəzifəsinə yüksələndə Göktan da “Mavilər”in heyətində böyük yüksəliş yaşadı.
“1860 Münhen”dəki ilk mövsümündə ikinci Bundesliqada cəmi 13 oyuna çıxaraq 10 qol vurdu. İkinci mövsümündə isə zədə səbəbindən üç ay meydanlardan uzaq qalmasına baxmayaraq, yenə 10 qola imza atdı.
Göktan 2007-ci ildə belə deyirdi:
“Keçmişdə etdiyim səhvləri təkrarlamadım. Yenidən uğur qazandım, amma bu dəfə ayaqlarım yerə möhkəm basırdı”.
O, “Bayern Münhen”dəki uğursuzluğundan peşman olduğunu da gizlətmirdi:
“Mən tamamilə nəzarətsiz biri idim. Həddindən artıq səbirsiz və impulsiv olmağım böyük problem idi. Uğur başımı gicəlləndirmişdi”.
İndi yenidən yüksəlişə keçmişdi və hər şeyi daha düzgün etmək, Bundesliqaya qayıtmaq istəyirdi.
Lakin 2008-ci ilin oktyabrında baş verən böyük qalmaqaldan sonra Göktanın bir daha uğursuzluğa düçar olduğu aydınlaşdı.
“Münhen 1860” Göktanın qəribə davranışları və Münhenin gecə həyatından gələn bəzi məlumatlar əsasında ondan kokain testi verməsini tələb etdi. Testin nəticəsi müsbət çıxdı.
Qısa müddətli şöhrət, görünür, ona yenə də yaxşı təsir göstərməmişdi. Bundan əlavə, səbəbi dəqiq bilinməyən ayaq zədəsi də onu narahat edirdi.
Ailəsində, xüsusilə atası Fərrəddinlə münasibətlərində problemlər yaşadığı da bildirilirdi.
Müsbət narkotik testindən sonra “Şirlər” ona yardım təklif etdi və əvvəlcə müqaviləsini yalnız müvəqqəti dayandırmaq istədi. Lakin Göktan bunu qəbul etmədi, klubla bütün əlaqələrini kəsərək Taylanda getdi.
Hələ 28 yaşı tamam olmamış Almaniya peşəkar futbolundan birdəfəlik yoxa çıxdı.
### İnstaqramda qısa salamlar
“Hər şeyin üzə çıxmasına sevindim, çünki artıq qaçmağa yolum qalmamışdı”.
Göktan illər sonra kokain istifadəsi haqqında danışarkən belə demişdi:
“Hər şeyin üzə çıxmasına sevindim, çünki artıq qaçış yolum qalmamışdı. Hava limanında iki seçimim var idi: Meksika, yoxsa Tayland”.
Göktan Taylandı seçdi, futbolu arxada qoydu, buddist təlimlərinə maraq göstərməyə başladı və həyatının yeni böyük sevgisi ilə tanış oldu.
“1860 Münhen”dən ayrıldıqdan təxminən il yarım sonra Taylandın aparıcı klublarından biri olan “Muangthong Yunayted”də karyerasına yenidən başlamağa çalışdı. Lakin bu macəra da qısa sürdü.
2012-ci ilin sonunda, 31 yaşında olarkən, birdən-birə yenidən Almaniya futbolunda möhkəmlənmək istədi. Lakin artıq demək olar ki, heç bir klub onu heyətinə qatmaq istəmirdi.
Nəticədə yalnız Bavariya Regionalliqasında mübarizə aparan “SV Haymstetten” klubunda özünə yer tapa bildi.
Göktan Yuxarı Bavariyanın kənd yerlərində yerləşən bu kiçik klubda belə rəsmi oyunlarda cəmi altı dəqiqə meydanda oldu. Həmin dəqiqələri də 2013-cü ilin oktyabr ayının sonunda “Bayern Münhen”in ikinci komandasına qarşı keçirilən və 0:5 hesabı ilə başa çatan matçda keçirdi.
Həmin gündən bəri Göktanın adı heç bir oyunun protokolunda yer almayıb.
İndi onun “Instagram” profilində də elə bir fəallıq görünmür. Bununla belə, o, vaxtaşırı özünün və ailəsinin fotolarını paylaşır.
Görünür, həyatında tarazlıq tapıb. Övladları və müxtəlif heyvanlarla birlikdə kameraya gülümsəyir. Profilində futbolçu olduğu dövrdən qalan köhnə fotolar da hələ də qorunub saxlanılır.
Məsələn, onun və Stefan Effenberqin yer aldığı, rəngi solmuş köhnə qəzet şəkilləri.
Bəlkə də Göktan hələ də arabir İngilis bağında futbol oynayır. Bir neçə maraqlı baxışın qarşısında. Onu izləyən, lakin vaxtilə əsrin istedadı hesab edilən futbolçuya baxdıqlarından xəbərsiz olan insanların qarşısında. Həmin insanlar bir neçə dəqiqədən sonra yollarına davam edirlər.
Mənbə: Goal.com
Tərcümə: Qaynarinfo