
"Qələbəmizdən sonra daha da güclənmişik. Amma daha böyük Azərbaycan, daha böyük məqsədlər, daha böyük birlik və daha böyük güc üçün milli ideologiyamızı gücləndirməyə ehtiyacımız var. Bu ideologiyanı, məfkurəni yeni nəsilə ötürmək borcumuzdur".
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Deputat bildirib ki, Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqına müraciətində bu məsələyə bir daha toxunub:
"Və mənə elə gəlir ki, azərbaycançılıq həm də bizim hər cür ideoloji təxribatlara qarşı milli immunitetimizi təyin edir. Azərbaycan Prezidenti Yeni Azərbaycan Partiyasının 8-ci qurultayında demişdi ki, ideoloji təxribatlar bəzən fiziki təxribatlar qədər təhlükəlidir. Bax, fikrimcə, ideoloji təxribatlara qarşı bizim ən güclü silahımız azərbaycançılıq məfkurəsidir".

Hikmət Babaoğlu bildirib ki, azərbaycançılıq Azərbaycan mədəniyyətinə, tarixinə, dilinə və mənəviyyatına sahib çıxmaqla yanaşı, hər bir fərdin və dövlətin inkişafını nəzərdə tutan ideoloji konsepsiyadır:
"Amma azərbaycançılıq həm də universal dəyərlərə açıq olmaqla, bu dəyərlərin milli dəyərlərlə sintezi kontekstində yeni, müasir, güclü Azərbaycan inşa etməkdir. Azərbaycançılıq ideologiyası milli ideologiya kimi müstəqilliyimizi əldə etdikdən sonra ötən dövr ərzində tarixin müəyyən sınaqlarından çıxdı və ümummilli universal dəyərlər sistemi olmasını sübut etdi. Azərbaycançılığın tarixi əsaslarını 1993-cü ildə Ulu Öndər Heydər Əliyev müasir gerçəkliklərə və tələblərə uyğunlaşdıraraq yeni konsepsiya şəklində cəmiyyətə təqdim etdi".
Hikmət Babaoğlu əlavə edib ki, azərbaycançılığın əsasında Azərbaycan gerçəklikləri, ümumi vətəndaşlıq mənafeyi, ümumi dövlət və dövlətçilik mənafeyi, eləcə də ortaq mədəni və tarixi dəyərlərin bölüşdürülməsi dayanır:
"Ötən dövr göstərdi ki, bu ideologiya həm milli həmrəyliyimizin təmin olunmasında, həm də Azərbaycanın güclü dövlətə çevrilməsində, dövlət-vətəndaş münasibətlərinin tənzimlənməsində və vətəndaşın özünü öz milli dövlətinə mənsub hesab etməsi məsələsində əvəzedilməz rol oynadı. Ona görə də əldə etdiyimiz tarixi zəfərə görə biz həm də azərbaycançılığın dəyərlərinə və onun milli həmrəyliyi təmin etmə gücünə borcluyuq”.
Bahar Rüstəmli