Xəbər lenti

ChatGPT istifadəçinin psixoloji profilini yaradır: Alimlərdən yeni tapıntı
Texnologiya20:15 09.11.2026

ChatGPT istifadəçinin psixoloji profilini yaradır: Alimlərdən yeni tapıntı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Süni intellekt çatbotları istifadəçilərlə yazışmalar zamanı onlar haqqında şəxsi məlumatları yadda saxlayaraq ətraflı rəqəmsal profillər formalaşdıra bilər. Tədqiqatçılar bu xüsusiyyətin fərdiləşdirilmiş ünsiyyəti asanlaşdırsa da, şəxsi məlumatların məxfiliyi baxımından ciddi risklər yaratdığını bildirirlər.

Qaynarinfo xəbər verir ki, bu qənaətə Almaniya, Hindistan və Niderlanddan olan alimlərin daxil olduğu beynəlxalq tədqiqat qrupu gəlib. Araşdırmanın nəticələri 2026-cı ildə ACM Web Conference konfransında təqdim edilib.

Tədqiqat çərçivəsində ChatGPT-dən istifadə edən 80 nəfərin yazışma arxivləri araşdırılıb. İştirakçılar Avropa İttifaqının fərdi məlumatların qorunması haqqında qanunvericiliyindən istifadə edərək özləri barədə saxlanılan məlumatları əldə ediblər.

Nəticədə 65 istifadəçinin qarşılıqlı əlaqələri ilə bağlı çatbotun yaddaşında 2050 qeyd aşkarlanıb. Məlum olub ki, saxlanılan məlumatların 96 faizi istifadəçilərin birbaşa göstərişi olmadan, sistem tərəfindən avtomatik formalaşdırılıb.

Araşdırma zamanı qeydlərin təxminən 28 faizində GDPR qaydaları ilə qorunan şəxsi məlumatlar, 52 faizində isə istifadəçilərin psixoloji xüsusiyyətlərinə dair detallı təsvirlər yer alıb.

ChatGPT istifadəçinin demədiyi məlumatları da yadda saxlaya bilər

Tədqiqatın diqqətçəkən nəticələrindən biri süni intellektin bəzən istifadəçinin birbaşa bildirmədiyi məlumatları da özü haqqında formalaşdırmasıdır.

Məsələn, istifadəçilərdən biri ChatGPT-dən “Nirvana” qrupuna bənzər musiqi kollektivləri tövsiyə etməsini istəyib. Çatbot isə sonradan həmin şəxsin “Nirvana”nı sevdiyi barədə qeyd yaradıb. Halbuki istifadəçi qrupa simpatiyası olduğunu açıq şəkildə bildirməyib.

Araşdırmanın aparıcı müəllifi Abhişek Daşın sözlərinə görə, rəqəmsal platformalar əvvəllər əsasən reklam və tövsiyə sistemlərini təkmilləşdirmək üçün istifadəçilər haqqında məlumat toplayırdı. İndi isə süni intellekt insanlarla birbaşa ünsiyyət qurduğundan onların şəxsi həyatı barədə daha çox məlumat əldə edə bilir.

Şəxsi məlumatlar asılılıq riskini də artıra bilər

Tədqiqatçılar fərdiləşdirmənin faydalarını da inkar etmirlər. Məsələn, iş məqsədilə mütəmadi ChatGPT-dən istifadə edən şəxs hər dəfə öz vəzifəsini, iş prinsiplərini və yazı üslubunu yenidən izah etməli olmur.

Lakin alimlər hesab edirlər ki, şəxsi məlumatların toplanması istifadəçilərin çatbotlara emosional bağlılığını da gücləndirə bilər. İnsanlar süni intellekti getdikcə daha çox dost, məsləhətçi, həkim və hətta hüquqşünas kimi qəbul edir, onunla adətən yalnız yaxınlarına danışdıqları məsələləri bölüşürlər.

Abhişek Daş bu vəziyyətin məxfilik baxımından sərhədləri zəiflətdiyini vurğulayıb. Onun fikrincə, süni intellekt istifadəçinin inanclarını və düşüncə tərzini yaxşı tanıdıqda, həmin fikirlərlə daim razılaşması siyasi qütbləşməni, stereotipləri və yanlış qənaətləri gücləndirə bilər.

Qeyd edək ki, tədqiqatda istifadə olunan məlumatların toplanmasından sonra OpenAI yaddaş sistemini yeniləyib. 2026-cı ilin yanvarında təqdim edilən təkmilləşdirilmiş mexanizm istifadəçilər haqqında məlumatları ümumiləşdirmək və yadda saxlamaq imkanlarına malikdir. İstifadəçilər isə yaddaş funksiyasını söndürərək bu xüsusiyyətdən imtina edə bilərlər.

Alimlər araşdırmanın nəticələrinin bütün ChatGPT istifadəçilərinə şamil edilmədiyini və yaddaş mexanizminin sonrakı yeniliklərinin ayrıca öyrənilməsinə ehtiyac olduğunu da bildirirlər.

Aydın