
Ardıcıl iki mövsüm heç bir titul qazana bilməyən “Real Madrid” yay transfer dönəmində heyətini gücləndirmək üçün ciddi maliyyə vəsaiti xərcləyib. Yeni transferlər və aparıcı futbolçularla müqavilələrin yenilənməsi Madrid klubunun maaş büdcəsini tarixi maksimuma çatdırıb.
Qaynarinfo xəbər verir ki, “Sport” nəşrinin 2Playbook platformasının hesabatına istinadən yaydığı məlumata görə, “Real Madrid”in bu mövsüm futbolçulara və məşqçi heyətinə ayırdığı ümumi vəsait 707 milyon avroya yüksəlib. Bu, klub tarixində qeydə alınan ən yüksək göstəricidir və Paris Saint-Germain-in rekorduna yaxınlaşır.
Məlumatda bildirilir ki, maaş xərclərinin artmasına yayda həyata keçirilən transferlərlə yanaşı, Vinisius Junior kimi əsas oyunçuların müqavilələrinin yenilənməsi də təsir göstərib. Florentino Peresin rəhbərlik etdiyi klubun bu mövsüm üçün gəlir proqnozu isə 1 milyard 405 milyon avrodur. Bu rəqəmin də rekord olacağı gözlənilir.
Gəlirlərin əsas mənbəyi “Santyaqo Bernabeu”dur
Hesabata əsasən, 707 milyon avroluq maaş büdcəsi klubun ümumi fəaliyyət həcminin 57 faizini, gəlirlərinin isə təxminən yarısını təşkil edir. Buna baxmayaraq, “Real Madrid”in maliyyə göstəricilərinin UEFA-nın müəyyən etdiyi qaydalara uyğun olduğu bildirilir.
Klubun gəlirlərində “Santyaqo Bernabeu” stadionunun payı xüsusilə böyükdür. Abunəliklər, biletlərin satışı, muzey, VIP xidmətlər və müxtəlif tədbirlər hesabına arenanın bu mövsüm təxminən 420 milyon avro qazandıracağı proqnozlaşdırılır.
Futbolçu satışlarından əldə edilən gəlir də diqqət çəkir. Bu məbləğin 155 milyon avroya çatacağı gözlənilir. Gəlirlərin mühüm hissəsi klubun akademiyasından yetişən və sonradan başqa komandalarla müqavilə bağlayan Niko Pas, Xakobo Orteqa, Viktor Munyos, Qonsalo Qarsiya və Sesar Palasios kimi futbolçuların satışından formalaşıb.
Basketbol və qadın komandalarının xərcləri
2Playbook-un hesabatında 707 milyon avroluq ümumi maaş xərclərinin 44,4 milyon avrosunun basketbol komandasına və məşqçi heyətinə, 8,5 milyon avrosunun isə qadın futbol komandasına aid olduğu qeyd edilir.
Qadın futbol komandasının büdcəsi bu mövsüm 16 milyon avroya yüksəlib. Komanda ötən mövsümü 785 min avro zərərlə başa vurub. Basketbol bölməsinin cari mövsüm üçün büdcəsi isə 67 milyon avro təşkil edir. Bu komandanın əvvəlki mövsümdəki zərəri 33 milyon avroya çatıb.
Klub üzvləri qarşıdan gələn şənbə günü keçiriləcək ümumi yığıncaqda maliyyə hesabatlarını müzakirə edərək təsdiqləməlidirlər.
Aydın