Xəbər lenti

Avropanın ilk milyonçusu Bolqarıstanda tapıldı - 6500 il əvvəl 1,5 kq qızılla basdırılıb
Dünya20:57 09.11.2026

Avropanın ilk milyonçusu Bolqarıstanda tapıldı - 6500 il əvvəl 1,5 kq qızılla basdırılıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bolqarıstanda təxminən 6500 il əvvələ aid Avropanın ən qədim qızıl xəzinələrindən biri aşkar edilib. Tapıntılar arasında təxminən 1,5 kiloqram qızıl əşyalarla birlikdə dəfn olunmuş kişinin məzarı xüsusi diqqət çəkir. Alimlər onu şərti olaraq Avropanın ilk varlılarından biri hesab edirlər.

Qaynarinfo xəbər verir ki, bu barədə “EuropeExpress” portalı məlumat yayıb.

Hazırda Varna Arxeologiya Muzeyində saxlanılan qədim xəzinə ilk dəfə 1972-ci ildə Bolqarıstanın Varna şəhərinin sənaye zonasında aşkar edilib. Tikinti işləri zamanı ekskavatorçu Rayço Marinov torpağın altında qızıl əşyalar tapıb. Sonradan aparılan arxeoloji qazıntılar nəticəsində burada Mis dövrünə aid geniş nekropolun olduğu müəyyənləşib.

Eramızdan əvvəl 4600-4350-ci illərə aid edilən nekropoldan ümumilikdə 3 mindən çox qızıl əşya aşkarlanıb. Onların ümumi çəkisi 6 kiloqramdan artıqdır. Tapıntılar arasında bilərziklər, muncuqlar, asqılar, mərasim bəzəkləri, eləcə də mis alətlər, keramika nümunələri və daş məmulatlar var.

Ən zəngin məzar xüsusi maraq doğurur

Arxeoloqların diqqətini xüsusilə 43 nömrəli qəbir cəlb edib. Burada yetkin yaşlı kişinin skeleti və onun ətrafında təxminən 1,5 kiloqram ağırlığında qızıl əşyalar tapılıb. Dəfn edilən şəxsin çoxsaylı bəzək əşyaları və mərasim atributları ilə torpağa tapşırılması onun yüksək sosial mövqeyə malik olduğunu göstərir.

Alimlər həmin şəxsin tayfa başçısı, kahin və ya başqa nüfuzlu şəxs olması barədə hələ də yekdil fikrə gəlməyiblər. Bununla belə, dəfn mərasimi həmin dövrdə Avropada sosial təbəqələşmənin və sərvət bərabərsizliyinin mövcudluğunu göstərir.

Maraqlı məqamlardan biri də nekropolda insan qalıqları olmayan zəngin məzarların aşkarlanmasıdır. Bu yerlərdə qızıl əşyalar və insan bədənini simvolizə edən təsvirlər tapılıb. Tədqiqatçılar belə dəfnləri kenotaf – insan qalıqları olmadan yaradılan simvolik məzarlar kimi qiymətləndirirlər.

Tapıntılar qədim Varna sakinlərinin uzaq bölgələrlə ticarət və mübadilə əlaqələri saxladığını da üzə çıxarıb. Aralıq dənizində yaşayan molyuskların qabıqlarından hazırlanan bəzək əşyaları və mis məmulatlar həmin dövrdə bölgədə sənətkarlığın inkişaf etdiyini göstərir.

Arxeoloqların fikrincə, Varna nekropolu qızılın Avropada minilliklər əvvəl də zənginlik və sosial nüfuz rəmzi olduğunu sübut edən ən mühüm tarixi abidələrdən biridir.

Aydın