
Yataq otağının həddindən artıq isti olması yuxuya getməyi çətinləşdirə, gecə ərzində tez-tez oyanmağa və istirahətin keyfiyyətinin aşağı düşməsinə səbəb ola bilər. Mütəxəssislər yaxşı yuxu üçün otaqda sərin mühitin yaradılmasını tövsiyə edirlər.
Qaynarinfo xəbər verir ki, bu barədə stirileprotv.ro saytına istinadən məlumat yayıb.
Mütəxəssislərin fikrincə, yatmaq üçün optimal otaq temperaturu 18-20 dərəcə Selsi arasında olmalıdır. Bu göstəricidən xeyli yüksək temperatur orqanizmin yuxuya hazırlaşmasını çətinləşdirir, yuxunun tez-tez bölünməsinə və səhər yorğun oyanmağa gətirib çıxara bilər.
Bunun səbəbi insan orqanizminin təbii fizioloji xüsusiyyətləri ilə bağlıdır. Belə ki, yuxu vaxtı yaxınlaşdıqca bədənin daxili temperaturu tədricən aşağı düşür və bu proses gecə boyunca davam edir. Sərin yataq otağı isə həmin mexanizmi dəstəkləyərək daha rahat yuxuya getməyə şərait yaradır.
Temperaturun gecə ərzində dəyişməsi də əhəmiyyətlidir
2007-ci ildə aparılan araşdırmalardan birində temperatur dəyişikliklərinin yuxuya təsiri öyrənilib. Təcrübə zamanı iştirakçıların bir qrupu axşam saatlarında temperaturun 27 dərəcədən 24 dərəcəyədək tədricən azaldığı, səhərə yaxın isə yenidən yüksəldiyi otaqda yatıb. Digər qrupun olduğu otaqda isə temperatur sabit olaraq 27 dərəcədə saxlanılıb.
Nəticələr göstərib ki, gecə temperatur dəyişikliklərinə məruz qalan iştirakçılarda melatoninlə əlaqəli göstərici daha yüksək olub. Həmin şəxslər səhər oyandıqdan sonra özlərini daha yaxşı dincəlmiş hiss etdiklərini bildiriblər.
1974-cü ildə aparılan başqa bir tədqiqatda isə yuxu zamanı otaq temperaturunun oyaq vaxtla müqayisədə təxminən 6 dərəcə aşağı olması müşahidə edilib. Bu şərait iştirakçıların yuxu və oyaqlıq dövrlərinin müddətinin təxminən 23 dəqiqə artması ilə nəticələnib.
Kaliforniya Universitetinin Los-Anceles bölməsində Yuxu Araşdırmaları Mərkəzinin direktoru, neyrobioloq Cerom Sigel də temperaturun yuxu prosesində mühüm rol oynadığını düşünür. Onun fikrincə, insanların gecə-gündüz eyni temperaturda saxlanılan məkanlarda yaşaması yuxu problemlərinin artmasına təsir edən amillərdən biri ola bilər.
Bununla belə, alimlər hər kəs üçün eyni dərəcədə uyğun olan universal temperatur göstəricisinin müəyyən edilmədiyini vurğulayırlar. İnsanın istilik komfortu fərdi xüsusiyyətlərdən asılıdır. Buna baxmayaraq, yataq otağında həddindən artıq isti mühitdən qaçmaq və temperaturu mümkün qədər 18-20 dərəcə aralığında saxlamaq keyfiyyətli yuxu üçün tövsiyə olunur.
Adın