Xəbər lenti

Sevgili tapmağın ən çətin olduğu iki yaş dövrü
Dünya13:43 10.11.2026

Sevgili tapmağın ən çətin olduğu iki yaş dövrü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İnsanların romantik münasibət qurmaqda daha çox çətinlik çəkdiyi iki yaş mərhələsi müəyyənləşdirilib. Psixiatr Marin Kolombelin fikrincə, 30 və 50 yaş dövrlərində yaranan sosial təzyiqlər və psixoloji maneələr yeni münasibətlərə başlamağı çətinləşdirə bilər.

Qaynarinfo xəbər verir ki, bu barədə “Doctissimo” məlumat yayıb.

Mütəxəssis bildirir ki, tanışlıq tətbiqlərinin geniş yayılması insanlara çoxsaylı seçimlər təqdim etsə də, bu, dərin və davamlı münasibət qurmağı asanlaşdırmır. Fransanın Ifop institutunun araşdırmasına əsasən, tanışlıq platformalarından istifadə edənlərin 57 faizi yazışmadan real görüş mərhələsinə keçə bilir. Deməli, əsas problem tanışlıq imkanlarının azlığı deyil, münasibətlərin inkişafına mane olan psixoloji amillərdir.

30 yaşda yaranan təzyiq

Psixiatrın sözlərinə görə, 30 yaş ətrafında insanlar həyatlarının cəmiyyətin müəyyən etdiyi gözləntilərə uyğun olub-olmadığını daha çox düşünməyə başlayırlar. Ailə qurmaq, övlad sahibi olmaq və yaşıdlarından geri qalmamaq istəyi münasibət axtarışına əlavə gərginlik gətirir.

Belə vəziyyətdə hər tanışlıq adi ünsiyyət deyil, gələcəyi müəyyənləşdirəcək ciddi sınaq kimi qəbul edilə bilər. Halbuki Ifop-un məlumatına görə, tanışlıq tətbiqlərində qeydiyyatdan keçən 30 yaşdan yuxarı qadınların 80 faizi ən azı bir görüşdə iştirak edib. Bu da çətinliyin uyğun insanla qarşılaşmaq imkanından daha çox, nəticə ilə bağlı narahatlıqdan qaynaqlandığını göstərir.

50 yaşdan sonra yeni başlanğıc

50 yaşdan sonra münasibət qurmaq məsələsi fərqli səbəblərdən mürəkkəbləşir. Boşanma, həyat yoldaşını itirmək və övladların ailədən ayrılaraq müstəqil həyata başlaması insanın şəxsi həyatında ciddi dəyişikliklər yarada bilər.

Kolombel qeyd edir ki, bu dövrdə tənhalıq qorxusu, qocalmaqla bağlı narahatlıqlar və sosial ünsiyyət imkanlarının azalması yeni münasibətlərə başlamağa mane ola bilər.

Xüsusilə uzun illər birlikdə yaşadığı həyat yoldaşını itirən insanlar üçün yenidən sevgi münasibətinə başlamaq asan deyil. Mütəxəssisin fikrincə, bəzi şəxslər yeni münasibəti mərhum həyat yoldaşına xəyanət və ya onu əvəzləmək kimi qəbul edə, bu səbəbdən özlərini emosional baxımdan yeni birliktəliyə hazır hiss etməyə bilərlər.

Fransanın Drees qurumunun statistikası da bu məsələdə qadın və kişilər arasında fərq olduğunu göstərir. Məlumata görə, həyat yoldaşını itirdikdən beş il sonra dul kişilərin yarıdan çoxu yenidən münasibət qurduğu halda, qadınlarda bu göstərici təxminən hər beş nəfərdən biridir.

Cəmiyyətin yaratdığı yanlış təsəvvür

Psixiatrın qənaətinə görə, 30 və 50 yaşlarında münasibət qurmağı çətinləşdirən ortaq amillərdən biri cəmiyyətin romantik münasibətləri əsasən gənclik dövrü ilə əlaqələndirməsidir.

Mediada 50 yaşdan sonra da xoşbəxt sevgi münasibətlərinin mümkünlüyünü göstərən nümunələrin az olması insanlarda bu yaşdan sonra yeni münasibət üçün gecikdikləri düşüncəsini yarada bilər.

Mütəxəssis hesab edir ki, bu maneələri aşmaq üçün yaşla bağlı sərt stereotiplərdən uzaqlaşmaq və şəxsi həyatın hər mərhələsində yeni münasibətlərə açıq olmaq vacibdir.

Aydın