
Noyabr ayında pedikürdə isti qəhvəyi tonlar, tünd bordo, yaşıl çalarlar və metal parıltılar ön plana çıxır. Bu mövsüm yalnız sadə, birrəngli örtüklər deyil, fərqli teksturalar və minimalist naxışlar da dəbdədir.
Qaynarinfo xəbər verir ki, bu barədə UNIAN nəşri 2026-cı ilin noyabr ayı üçün aktual olan pedikür trendlərini təqdim edib.
Dəbi izləyənlər üçün stilistlərin tövsiyə etdiyi 10 dizayn arasında həm sadə, həm də daha diqqətçəkən seçimlər var:
1. Darçın və qızılı parıltı – qırmızımtıl-qəhvəyi rəngin xırda qızılı hissəciklərlə birləşməsi dırnaqlara zərif parlaqlıq verir.

2. Piktoqrafik naxışlar – əsasən baş barmaqlarda krem, qəhvəyi və solğun qırmızı tonlarda incə xətlərdən ibarət rəsmlər çəkilir. Digər dırnaqlar isə eyni rəng palitrasında saxlanılır.
3. Terrakota mikrofrenç – ənənəvi ağ ucların əvəzinə yanıq narıncı rəngdə nazik xətlərdən istifadə olunur. Açıq çəhrayı baza dizayna yumşaqlıq qatır.

4. Solğun yasəmən – boz çalarlı, sakit lila tonu parlaq çəhrayı və bənövşəyi rənglərə alternativdir. Əlavə bəzəyə ehtiyac duymadan zərif görünüş yaradır.
5. Məxməri taup – bej, boz və qəhvəyi rənglərin maqnit parıltısı ilə birləşməsi dırnaqlarda məxmər effektini xatırladır.

6. Yaşıl qradiyent – açıq adaçayı rəngindən tünd şam yaşılına keçid payız təbiətini xatırladan ahəngdar görünüş yaradır.
7. Mis parıltısı – krem-qəhvəyi örtük üzərində baş barmaqlara əlavə edilən mis rəngli xırda parıltılar klassik dizaynı daha ifadəli edir.

8. Mat tozlu çəhrayı – bej və lila çalarları ilə tamamlanan solğun çəhrayı rəng mat örtüklə daha yumşaq və məxməri görünüş alır.
9. Şimal firuzəyi xrom – soyuq metal parıltılı, dərin mavi-yaşıl rəng xüsusilə işıq altında diqqət çəkir. Bu dizayn qış mövsümündə də aktual ola bilər.

10. Qızılı xətli südlü badam – süd-bej rəngli yarımşəffaf örtük baş barmaqlardakı incə qızılı xətlərlə tamamlanır. Minimalist və zərif görünüş sevənlər üçün uyğundur.
Nəşrin təqdim etdiyi trendlər göstərir ki, bu ilin noyabrında pedikürdə həm təbii və sakit tonlara, həm də metal effektli parlaq detallara üstünlük verilir.
Aydın