
Artıq çəkidən xilas olmaq istəyənlər yalnız tərəzidəki rəqəmlərə deyil, dərinin vəziyyətinə də diqqət yetirməlidirlər. Çünki sürətli və əhəmiyyətli çəki itkisi zamanı dərialtı piy toxumasının azalması üzün konturlarının dəyişməsinə, dərinin boşalmasına və sallanmasına səbəb ola bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə dermatoveneroloq, kosmetoloq və lazer terapevti Yuliya Ostaşevskaya “Gazeta.Ru”ya açıqlamasında danışıb.
Mütəxəssisin sözlərinə görə, arıqlama prosesinə başlayan şəxslərin kosmetoloji qulluğa da eyni vaxtda başlaması daha məqsədəuyğundur. Bu, dərinin bədən və üz həcmindəki dəyişikliklərə tədricən uyğunlaşmasına kömək edə bilər.
Həkim bildirib ki, xüsusilə 10, 20 və ya 30 kiloqram arıqlamağı planlaşdıran şəxslər dəriyə qulluq məsələsini əvvəlcədən nəzərə almalıdırlar. Əgər dəridə ciddi sallanma və toxumaların nəzərəçarpacaq dərəcədə aşağı enməsi varsa, plastik cərrahın məsləhəti də vacibdir. Dəri xəstəlikləri və iltihabi problemlər zamanı isə dermatoloqa müraciət edilməlidir.
Ostaşevskaya dərinin keyfiyyətini yaxşılaşdırmaq üçün polinukleotidlər və radiotezlik (RF) prosedurlarını qeyd edib. Onun sözlərinə görə, polinukleotidlər dərinin bərpa proseslərini stimullaşdırmağa, RF prosedurları isə toxumaların sıxlığını artırmağa və dərinin sallanmasını azaltmağa yönəlib.
Mütəxəssis həmçinin dəri həcminin və strukturunun bərpası üçün monopolar RF-liftinq, itirilmiş həcmin tamamlanması üçün isə hialuron turşusu və kalsium hidroksiapatit əsaslı dolğulardan istifadə oluna biləcəyini bildirib. Digər üsullardan biri də kollagen istehsalını stimullaşdıran polilaktik turşudur.
Həkim vurğulayıb ki, prosedurların nəticəsinin nə qədər davam etməsi insanın yaşından, dərinin ilkin vəziyyətindən, seçilən metoddan və çəkinin dəyişmə sürətindən asılıdır. Buna görə də bütün pasiyentlər üçün eyni prosedur və təkrar müalicə qrafiki müəyyən etmək mümkün deyil.
Aydın