
Türkiyə, Azərbaycan, Bolqarıstan və Gürcüstan Qara dənizin dibi ilə sualtı elektrik ötürücü xəttinin çəkilməsini müzakirə edir.
Qaynarinfo xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar bildirib.
Nazir Türkiyə, Azərbaycan, Bolqarıstan və Gürcüstan hökumətləri arasında təmiz enerji sahəsində strateji tərəfdaşlıq haqqında imzalanmış sazişi şərh edib:
"Bu gün imzalanan sənəd belə layihələrdən biridir. Söhbət Gürcüstan, Azərbaycan və Bolqarıstanla birlikdə yaratmağı planlaşdırdığımız genişmiqyaslı yaşıl enerji dəhlizindən gedir. Bundan əlavə, adıçəkilən ölkələr və Rumıniya ilə Qara dənizin dibi ilə çəkiləcək elektrik ötürücü xəttinin tikintisini də müzakirə edirik. Bizə elektrik enerjisinin böyük həcmlərinin şərqdən qərbə, şimaldan cənuba ötürülməsini təmin etmək lazımdır".
Bayraktar Türkiyənin genişmiqyaslı enerji inteqrasiyası layihələri ilə bağlı bir sıra digər dövlətlərlə də danışıqlar apardığını bildirib.
O vurğulayıb ki, Ankara COP31 çərçivəsində bu layihələrin beynəlxalq səviyyədə tanıdılmasını və konkret təşəbbüslərin irəlilədilməsini hədəfləyir.
"Bu gün sözügedən sazişi imzalamaqla bu istiqamətdə öhdəliklərimizdən birini yerinə yetirdik. Bu layihələr Türkiyənin 2040-cı ilədək enerji strategiyası və elektrikləşmə hədəfləri çərçivəsində atdığı konkret addımları, eləcə də qlobal enerji keçidi səylərinə töhfəsini nümayiş etdirir", – o deyib.
Bununla yanaşı, Bayraktar enerji keçidinin həyata keçirilməsi üçün təxminən 300 milyard ABŞ dolları həcmində investisiyaya ehtiyac olduğunu qeyd edib.
"Bu investisiyalar qarşıdakı 14-15 il ərzində həyata keçirilməlidir. Buna görə də beynəlxalq maliyyə təşkilatlarının, xüsusilə Dünya Bankının, Beynəlxalq Maliyyə Korporasiyasının (IFC), Avropa Yenidənqurma və İnkişaf Bankının və digər qurumların ciddi maliyyə dəstəyinə ehtiyacımız var. Eyni zamanda, Türkiyəyə birbaşa xarici investisiyaların cəlb edilməsi də vacibdir.
Türkiyəyə investisiya yatırmağı planlaşdıran şirkətlərə demək istəyirəm ki, Türkiyə çox mühüm və inkişaf edən bazardır. Ölkə əhalisi artır, urbanizasiya prosesi davam edir, iqtisadiyyat böyüyür və ixrac həcmi genişlənir", – nazir vurğulayıb.
Qeyd edək ki, Gürcüstan baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili adıçəkilən enerji əməkdaşlığının regionun enerji sektorunun inkişafı və Avropa İttifaqı ölkələrinə elektrik enerjisi tədarükünün artırılması üçün yeni imkanlar açdığını bildirib.