Xəbər lenti

Okeanın altında gizlənən səkkizinci qitə: Zelandiya haqqında nə məlumdur?
Dünya21:17 10.11.2026

Okeanın altında gizlənən səkkizinci qitə: Zelandiya haqqında nə məlumdur?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sakit okeanın cənubunda yerləşən və ərazisinin təxminən 95 faizi su altında qalan Zelandiya alimlərin diqqətini cəlb etməkdə davam edir. Sahəsi Avropanın yarısından çox olan bu nəhəng geoloji ərazi milyonlarla il əvvəl qədim Qondvana superqitəsinin tərkibində olub.

Qaynarinfo xəbər verir ki, Avstriyanın “Heute” nəşrinin yazdığına görə, Zelandiya uzun illər aparılan geoloji araşdırmalardan sonra ayrıca qitə kimi təsnif edilib. Onun suyun üzərində qalan hissələrinə Yeni Zelandiya və Yeni Kaledoniya daxildir.

Alimlərin qənaətinə görə, Zelandiya 80 milyon ildən çox əvvəl Qondvanadan ayrılıb. Sonrakı geoloji proseslər zamanı yer qabığı nazilib və qitənin böyük hissəsi tədricən Sakit okeanın suları altında qalıb.

Bu ərazinin ayrıca qitə olduğunu sübut etmək üçün tədqiqatçılar uzun müddət dəlillər axtarıblar. Əsas göstəricilərdən biri okean dibində qranit süxurlarının aşkarlanması olub. Çünki qranit, əsasən, qitə qabığı üçün xarakterikdir, okean qabığında isə daha çox bazalt süxurlarına rast gəlinir.

2017-ci ildə beynəlxalq alimlər qrupu apardığı araşdırmaların nəticələrini təqdim edib. Bu tədqiqatlar Zelandiyanın Yer kürəsinin səkkizinci qitəsi kimi qəbul edilməsi üçün elmi əsas yaradıb.

Zelandiya özünəməxsus canlı aləmi ilə də seçilir

Qitənin su üzərində qalan adalarında milyon illər ərzində fərqli heyvan növləri formalaşıb. Onların arasında uça bilməyən, gecə həyatı keçirən kakapo tutuquşusu xüsusi yer tutur. Bu ərazinin digər tanınmış canlıları kivi quşu və qədim sürünənlər nəslinə aid olan tuataradır.

Bəzi növlərin nəsli kəsilmək təhlükəsi ilə üzləşdiyindən onların qorunması istiqamətində xüsusi tədbirlər görülür.

Zelandiyanın geoloji dəyişiklikləri də bu günədək davam edir. Yeni Zelandiyada yerləşən Cənub Alp dağları tektonik hərəkətlər nəticəsində tədricən yüksəlir. Qitənin təbii möcüzələri sırasında minlərlə işıq saçan həşərat sürfəsinin məskunlaşdığı Vaytomo mağaraları da var.

Yeni Kaledoniya sahillərində isə hər il donqar balinalar müşahidə olunur. Bundan başqa, nadir fiordlend kəkilli pinqvinləri də bu bölgənin özünəməxsus faunasının nümayəndələrindəndir. Onlar bir çox pinqvin növündən fərqli olaraq yuvalarını açıq ərazilərdə deyil, meşələrdə, ağac kökləri və yıxılmış gövdələrin altında qururlar.

Alimlər Zelandiyanın geoloji quruluşunu və təbii xüsusiyyətlərini araşdırmağa davam edirlər. Sakit okeanın dərinliklərində gizlənən bu qitə həm Yer kürəsinin keçmişi, həm də planetin geoloji inkişafı barədə mühüm məlumatlar verir.

Aydın