
Qütb ayıları indiyədək əsasən ətlə qidalanan yırtıcılar kimi tanınsa da, son dövrlərdə onların yaşayış məntəqələrinə yaxınlaşaraq məişət tullantıları arasında yemək axtarması müşahidə olunur. Alimlər bu davranışın dəyişməsində təbii mühitdəki dəyişikliklərin və qida əlçatanlığının rol oynadığını düşünürlər.
Qaynarinfo xəbər verir ki, Polşanın “Zielona Interia” nəşrinin yazdığına görə, Kanadanın şimalında yerləşən Çörçill şəhərində ağ ayıların zibilxanalara üz tutması adi hala çevrilməyə başlayıb.
Qütb ayısı ayılar fəsiləsinin ən iri nümayəndəsidir. O, uzun müddət bu fəsilənin yalnız ətlə qidalanan yeganə növü hesab edilib. Bunun əsas səbəbi yaşadığı Arktika mühitidir. Bu yırtıcılar əsasən suitiləri ovlayır, həmçinin morjlar, beluqalar və narvallarla da qidalana bilirlər. Güclü üzmə qabiliyyəti onlara buzlaqların ətrafında ov etməyə imkan verir.
Digər ayı növləri isə daha fərqli qidalanma vərdişlərinə malikdir. Qəhvəyi ayılar, Himalay ayıları və Şimali Amerikada yaşayan bariballar həm bitki, həm də heyvan mənşəli qidalarla qidalanırlar. Onların menyusu mövsümə və qida ehtiyatlarına görə dəyişir. Məsələn, yay və payız aylarında giləmeyvə, meyvə, palıd və fıstıq qozaları, göbələklər yeyir, sonrakı dövrdə isə balıq ovuna üstünlük verirlər.
Bəzi ayı növləri isə əsasən bitki qidaları ilə dolanır. Çində yaşayan nəhəng panda daha çox bambukla qidalanır. Cənubi Amerikadakı eynəkli ayının rasionunda da bitkilər üstünlük təşkil edir.
Kanadanın Hudzon körfəzi sahilində yerləşən Çörçill şəhəri qütb ayılarının yayılma arealının cənub sərhədinə yaxın ərazidədir. Təxminən min nəfərin yaşadığı bu yaşayış məntəqəsi coğrafi mövqeyinə görə ayılar üçün əlverişli ərazilərdən sayılır.
“Polar Bears International” təşkilatının elmi məsələlər üzrə direktoru Alisa MakKollun sözlərinə görə, Hudzon körfəzinin bu hissəsi daha tez donur. Çörçill çayından gələn şirin su, eləcə də körfəzdəki küləklər və cərəyanlar buzun yaranmasına təsir göstərir. Bu səbəbdən qütb ayıları həmin sahil zolağına qayıdırlar.
Lakin onları şəhərə cəlb edən başqa bir amil də var: tullantılar. Uzaq şimalda yerləşən Çörçilldən zibillərin daşınması çətin olduğundan burada xeyli məişət tullantısı toplanır. Yemək qoxusunu hiss edən ayılar isə zibilxanalara yaxınlaşaraq qida axtarırlar.
Şəhər sakinləri təhlükəsizlik məqsədilə ayıların hərəkətini izləmək üçün xəbərdarlıq sistemlərindən istifadə etməyə başlayıblar. Meteoroloji stansiyalarda tətbiq olunan orta mənzilli radar texnologiyasından yararlanılır. Bundan başqa, süni intellektlə təchiz edilmiş “Bear-vision” kameraları da sınaqdan keçirilir. Bu qurğuların zibilxanalarda quraşdırılması və yırtıcılar əraziyə yaxınlaşdıqda xəbərdarlıq göndərməsi nəzərdə tutulur.
Qütb ayıları zibilxanalarda həm ət, həm də bitki mənşəli qida qalıqları yeyirlər. Bu isə onların əvvəlki qidalanma vərdişlərindən fərqli davranış nümayiş etdirə bildiklərini göstərir.
Mütəxəssislər hesab edirlər ki, qlobal istiləşmə və Arktikada buz örtüyünün dəyişməsi qütb ayılarının ənənəvi ov imkanlarına təsir göstərə bilər. Belə şəraitdə onlar alternativ qida mənbələrinə daha çox üz tutmağa məcbur qala bilərlər.
Qeyd edək ki, qütb ayıları son dərəcə iri və təhlükəli yırtıcılardır. Onların çəkisi 700 kiloqramı keçə, bəzi rekord fərdlərdə isə bir tona yaxınlaşa bilər. Buna görə də yaşayış məntəqələrinə yaxınlaşmaları həm insanlar, həm də heyvanlar üçün ciddi təhlükəsizlik məsələsi hesab olunur.
Aydın