
Rusiyanın ən iri almaz istehsalçılarından olan “Alrosa” şirkəti rentabelliyi aşağı düşən bir neçə yataqda hasilatı dayandırmaq qərarına gəlib. Bu addım şirkətin ciddi maliyyə itkiləri ilə üzləşdiyi bir vaxta təsadüf edir.
Qaynarinfo xəbər verir ki, bu barədə “The Moscow Times” şirkətin baş direktoru Pavel Mariniçevə istinadən məlumat yayıb.
Hasilatın dayandırıldığı obyektlər arasında “Almazı Anabara” törəmə müəssisəsinə məxsus iri yataqlardan biri də var. Dünyanın ən böyük səpinti yataqlarında almaz hasil edən şirkət kimi tanınan bu müəssisə “Alrosa” qrupunun ümumi istehsalının təxminən 11 faizini təmin edir.
Şirkətin rəhbəri qərarın iqtisadi səmərəliliyi aşağı olan yataqlarda xərclərin optimallaşdırılması məqsədi daşıdığını bildirib. Bununla belə, Mariniçev əlavə qənaət tədbirlərinin də gündəmə gələ biləcəyini istisna etməyib.
“Alrosa” cari ilin ilk yarısını son altı ildə ilk dəfə xalis zərərlə başa vurub. Şirkətin bu dövrdə xalis itkisi 9,5 milyard rubla (təxminən 115 milyon dollar) çatıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə gəlirlər 33 faiz, EBITDA göstəricisi isə 61 faiz azalaraq 14,3 milyard rubl olub.
Maliyyə çətinlikləri şirkətin istehsal göstəricilərinə də təsir edib. Ötən il almaz hasilatı 10 faiz azalaraq 29,8 milyon karata düşüb. 2026-cı ilin yekununda isə istehsalın daha 13-16 faiz azalaraq 25-26 milyon karat təşkil edəcəyi proqnozlaşdırılır.
Qeyd edək ki, “Alrosa” xərcləri azaltmaq məqsədilə ötən il hasilat prosesində birbaşa iştirak etməyən əməkdaşlarının maaşlarını 10 faiz aşağı salıb, bəzi işçiləri isə natamam iş rejiminə keçirib. Bundan başqa, iyun ayında Rusiyanın ümumi almaz hasilatının təxminən 10 faizini təmin edən “Severalmaz” müəssisəsində də mədən işlərinin konservasiyası elan olunub.
Aydın