
İşçilərin maaş artımı və ya vəzifədə yüksəlişlə bağlı rəhbərliyə müraciət etməsi üçün ilin sonu əlverişli dövr hesab olunur. Çünki bu vaxt şirkətlər illik fəaliyyətin yekunlarını qiymətləndirir, növbəti ilin büdcəsini və əməkhaqqı xərclərini planlaşdırırlar.
Qaynarinfo xəbər verir ki, müstəqil HR eksperti Zuliya Loikova bu barədə “Moskva 24”ə açıqlamasında danışıb.
Ekspertin sözlərinə görə, maaş artımı ilə bağlı müraciəti şirkətin növbəti il üçün büdcəsi tam təsdiqlənməmişdən əvvəl etmək daha məqsədəuyğundur. Müxtəlif müəssisələrdə büdcə planlaşdırılması fərqli vaxtlarda aparıldığı üçün əməkdaşlar əvvəlcə öz şirkətlərində bu prosesin nə zaman başa çatdığını öyrənməlidirlər.
Loikova qeyd edib ki, ilin yekunları işçinin öz nailiyyətlərini əsaslandırması üçün də yaxşı imkan yaradır. Bu mərhələdə tamamlanmış layihələr, satış göstəricilərinin artması və ya şirkətin xərclərinin azaldılması kimi nəticələri rəhbərliyə təqdim etmək mümkündür.
Bununla belə, dekabr ayının son günlərini gözləmək məsləhət görülmür. Çünki həmin dövrdə rəhbərlərin hesabatlar, layihələrin tamamlanması və illik planların icrası ilə bağlı iş yükü artır. Nəticədə işçinin müraciətinə lazımi diqqət ayrılmaya bilər.
HR mütəxəssisi görüşdən əvvəl konkret olaraq nə istənildiyinin müəyyənləşdirilməsini də vacib sayır. Məsələn, uğurlu layihənin həyata keçirilməsi mükafat üçün əsas ola bilər. Vəzifə və ya əməkhaqqı artımı isə adətən daha ciddi nəticələr, o cümlədən işçinin üzərinə əlavə öhdəliklər götürməsi ilə əsaslandırılmalıdır.
Ekspert rəhbərlə söhbətə hazırlaşarkən əldə olunan nailiyyətlərin qısa siyahısını tərtib etməyi tövsiyə edir. Ümumi şəkildə çox işlədiyini bildirmək əvəzinə, əlavə tapşırıqların yerinə yetirilməsi, iş proseslərinin sürətləndirilməsi və yeni layihələrin həyata keçirilməsində iştirak kimi konkret nümunələr göstərmək daha təsirli ola bilər.
Loikovanın fikrincə, işçi şirkətə verdiyi töhfəni nə qədər aydın və faktlarla ifadə etsə, maaş artımı ilə bağlı müzakirənin müsbət nəticələnmək ehtimalı da bir o qədər yüksək olar.
Aydın