Xəbər lenti

"Anthropic" iki süni intellekt modelini təqdim etdi: Kodlaşdırma və elmdə böyük yeniliklər
Texnologiya14:12 11.11.2026

"Anthropic" iki süni intellekt modelini təqdim etdi: Kodlaşdırma və elmdə böyük yeniliklər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Anthropic” şirkəti mürəkkəb proqram təminatının hazırlanması və elmi araşdırmalar üçün nəzərdə tutulan "Claude Fable 5.2" və "Claude Mythos 5.2" modellərini təqdim edib.

Qaynarinfo xəbər verir ki, bu barədə “Webtekno” nəşri məlumat yayıb.

Yeni modellər sentyabrda istifadəyə verilən 5.1 seriyasını əvəz edir. Şirkətin açıqlamasına görə, onların kodlaşdırma, məntiqi təhlil və vizual məlumatların emalı imkanları əhəmiyyətli dərəcədə təkmilləşdirilib. Sınaqlar zamanı modellər genişmiqyaslı proqram keçidlərini idarə edib, işlək elektron sxemlər hazırlayıb və nəzəri fizika araşdırmalarına töhfə verib.

Modellər arasında əsas fərq təhlükəsizlik imkanlarıdır

Yeni modellərdən "Fable 5.2" geniş istifadə üçün təqdim edilib. O, kibertəhlükəsizlik, proqram təminatındakı boşluqlar və bioloji tədqiqatlar kimi həssas sahələrdə əlavə təhlükəsizlik filtrləri ilə işləyir.

"Anthropic"in məlumatına görə, ilkin sınaqlarda təhlükəsizlik səviyyəsi qorunmaqla bu filtrlərin işə düşmə tezliyi əvvəlki versiya ilə müqayisədə təxminən 55 faiz azalıb.

"Mythos 5.2" isə daha məhdud istifadə imkanlarına malikdir. Bu modelə əsasən kibertəhlükəsizlik və biologiya sahəsində fəaliyyət göstərən, "Anthropic"in yoxlama proqramlarından keçən təşkilatlar müraciət edə bilər. "Claude Enterprise" istifadəçiləri isə kod bazalarındakı boşluqları aşkarlamaq üçün "Claude Security" aləti vasitəsilə modeldən yararlana biləcəklər.

Şirkətin testlərində "Mythos 5.2" proqram təminatındakı məlum təhlükəsizlik boşluqlarını yenidən aşkarlamaq üzrə 89,6 faiz nəticə göstərib. Əvvəlki versiyada bu göstərici 78,3 faiz olub.

Proqramlaşdırma və elmi araşdırmalarda yeni nəticələr

"Anthropic"in açıqladığı müqayisəli testlərdə "Fable 5.2" proqram mühəndisliyi bacarıqlarını ölçən "FrontierSWE v2" sınağında 69,9 faiz nəticə əldə edib. Müqayisə üçün, əvvəlki "Fable 5.1" modeli 56,3 faiz, "GPT-6 Astra" isə 65,5 faiz göstəriciyə sahib olub.

Yeni modelin qrafikləri təhlil etmək qabiliyyəti də əvvəlki versiyadakı 44,8 faizdən 73,4 faizə yüksəlib.

Elmi araşdırmalar sahəsində də diqqətçəkən nəticələr əldə olunub. Təxminən 1000 Fable 5.2 agenti Ferma teoreminin mövcud isbatını Lean riyazi yoxlama dilinə köçürərək kompüter vasitəsilə addım-addım təsdiqlənə bilən formaya salıb. Şirkətin məlumatına görə, bu iş məhdud insan müdaxiləsi ilə 30 saata tamamlanıb. Əvvəlki, hələ ictimaiyyətə təqdim edilməmiş "Claude" versiyası ilə eyni proses 11 gün çəkmişdi.

Bundan başqa, "Fable 5.2"nin qara dəliklərlə bağlı iki açıq nəzəri fizika probleminə həll təklif etdiyi və həmin araşdırmaların ilkin elmi nəşrlər kimi yayımlandığı bildirilir.

Yeni modellərin qiymətləri açıqlanıb

Hər iki model üçün API qiyməti 1 milyon giriş tokeninə 8 dollar, 1 milyon çıxış tokeninə isə 40 dollar müəyyən edilib. Fable modelinin əvvəlki versiyasında giriş tokenlərinin qiyməti 10 dollar idi.

Sürətli rejimdə tokenlərin emal sürəti standart rejimlə müqayisədə 2,5 dəfəyədək artır. Lakin bu seçimdən istifadə zamanı həm giriş, həm də çıxış tokenlərinin qiyməti ikiqat hesablanır.

"Fable 5.2", həmçinin "Amazon Web Services", "Google Cloud" və "Microsoft Azure" platformaları üzərindən də əlçatan olacaq. Anthropic korporativ müştərilər üçün məlumatların saxlanması və təhlükəsizlik yoxlamaları ilə bağlı yeni seçimlər də təqdim edib.

Aydın