Xəbər lenti

"BMW X5"dən avtomat tapıldı - Sürücü həbs edildi
Ölkə14:04 11.11.2026

"BMW X5"dən avtomat tapıldı - Sürücü həbs edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda “BMW X5” markalı avtomobildən AK-74 avtomatı və döyüş patronları aşkarlanan şəxs 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qaynarinfo-nun məlumatına görə, 1988-ci ildə Zaqatala rayonunda anadan olmuş Kənan Bayramov qanunsuz odlu silah və döyüş sursatı əldə etməkdə, saxlamaqda və daşımaqda təqsirli bilinib.

Məhkəmə hökmündən məlum olub ki, Kənan Bayramov fərdi əmək fəaliyyəti ilə məşğul olub. O, evli olub və himayəsində üç azyaşlı uşağı var. Əvvəllər də məhkum edilən şəxsin həmin məhkumluğu ödənilib.

Hadisə 2026-cı ildə Bakının Binəqədi rayonu, F. Rüstəmov küçəsi 52 ünvanında baş verib. Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Kənan Bayramovun qanunsuz odlu silah və döyüş sursatı saxlaması barədə məlumat daxil olub. Əməliyyat-axtarış tədbirləri nəticəsində o, “BMW X5” markalı, BB dövlət qeydiyyat nişanlı avtomobilin yanında saxlanılıb.

Avtomobilə baxış zamanı onun arxa yük yerindən 1979-cu ildə keçmiş SSRİ-də istehsal edilmiş, texniki cəhətdən saz və atəş üçün yararlı AK-74 avtomatı, 30 patron tutumlu daraq və dörd ədəd 5,45x39 mm kalibrli döyüş patronu aşkarlanaraq götürülüb.

Kənan Bayramov məhkəmədə özünü qismən təqsirli bilib. O, ifadəsində avtomatı saxlanılmasından iki-üç gün əvvəl Nərimanov rayonu ərazisində məişət tullantıları üçün nəzərdə tutulmuş qabların yaxınlığında tapdığını deyib. Bildirib ki, silahın uşaqların əlinə keçməsindən ehtiyatlandığı üçün onu polisə təhvil vermək məqsədilə avtomobilin yük yerinə qoyub.

Təqsirləndirilən şəxsin sözlərinə görə, saxlanıldığı gün tanışı Rəyalla avtomobili ustaya aparmaq üçün görüşüb. Onlar təmir sexinə çatdıqdan sonra mülki geyimli şəxslər yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildiriblər. Kənan avtomobilin yük yerində silah olduğunu özü polisə deyib.

Avtomobilin sahibi Rəyalla bağlı ifadədə isə onun silahdan xəbərsiz olduğu bildirilib. O, Kənanla təxminən 10 gün əvvəl “Raymond” otelində tanış olduğunu, onun vasitəsilə “BMW X5” aldığını deyib. Saxlanılmasından bir gün əvvəl avtomobili Kənana verdiyini, növbəti gün isə birlikdə ustaya apardıqlarını bildirib.

Məhkəmə Kənanın silahı tapdıqdan sonra iki-üç gün ərzində onu polisə təhvil vermək üçün heç bir real addım atmamasını nəzərə alıb. Bu səbəbdən onun silahı yalnız polisə çatdırmaq məqsədilə saxlaması barədə ifadəsi inandırıcı hesab edilməyib.

Ekspertiza nəticəsində avtomatın texniki cəhətdən saz və atəş üçün yararlı olduğu, dörd patronun döyüş sursatı sayıldığı təsdiqlənib. Darağın isə silahın komplekt hissəsi olduğu, lakin döyüş sursatı hesab edilmədiyi müəyyənləşdirilib.

Məhkəmə Kənan Bayramovun əvvəlki məhkumluğunun ödənildiyini və əməlində cinayətlərin residivinin yaranmadığını da qeyd edib. Onun himayəsində üç azyaşlı uşağının olması və ailənin yeganə gəlir gətirən şəxsi olması cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınıb. Cəzanı ağırlaşdıran hal müəyyən edilməyib.

Bakı məhkəməsinin hökmü ilə Kənan Bayramov Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. Həbsdə saxlanıldığı müddət təyin edilmiş cəza müddətinə daxil edilib.

Hökm qanuni qüvvəyə mindikdən sonra AK-74 avtomatı, daraq və eksperimental atəşdən sonra qalan iki patron xüsusi müsadirə edilərək Daxili İşlər Nazirliyinə təhvil veriləcək.

Aydın