
Bəzi insanlar tənqid və ya iradla qarşılaşdıqda qeyri-ixtiyari gülümsəyirlər. İlk baxışdan laqeydlik və ya qarşı tərəfin sözlərinə istehza kimi görünən bu reaksiya əslində gərginliyi azaltmaq və münaqişədən yayınmaq cəhdi ola bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə “Psychologies” jurnalı yazıb.
Nəşrin məlumatına görə, insanın uyğun olmayan məqamda gülümsəməsi heç də həmişə sevinc və ya əyləncə hissi ilə əlaqəli deyil. Məsələn, rəhbəri işdəki səhvinə görə irad bildirəndə və ya valideyni gecikdiyinə görə danlayanda insanın üzündə təbəssüm yarana bilər. Bu isə qarşı tərəfdə onun iradı ciddi qəbul etmədiyi təəssüratını formalaşdıra bilər.
Təbəssümün üç fərqli mənası
2017-ci ildə psixoloq Maqdalena Rixlovskanın rəhbərlik etdiyi tədqiqatçılar qrupu “Psychological Science” jurnalında təbəssümün üç əsas növünü müəyyənləşdirib:
- Məmnunluq təbəssümü – həqiqi sevinc və xoşbəxtliyi ifadə edir.
- Yaxınlıq təbəssümü – insanlar arasında ünsiyyət və münasibətləri qorumağa xidmət edir.
- Dominantlıq təbəssümü – sosial münasibətlərdə mövqe və üstünlük nümayiş etdirir.
Araşdırmada xüsusilə qarşı tərəfi sakitləşdirməyə xidmət edən təbəssümə diqqət çəkilir. Belə hallarda insan əslində “Münaqişə istəmirəm” mesajı verməyə çalışır. Lakin bu davranış qarşı tərəf tərəfindən istehza kimi başa düşülə bilər.
Gülümsəmək xəcalət əlaməti də ola bilər
Psixoloqlar tənqid zamanı yaranan təbəssümün başqa bir səbəbini xəcalət hissi ilə əlaqələndirirlər.
1995-ci ildə psixoloq Daçer Keltnerin apardığı araşdırmaya görə, xəcalət və sevinc zamanı insanın üzündə oxşar təbəssüm yaransa da, onları fərqləndirən əlavə əlamətlər var. Xəcalət çəkən insan adətən baxışlarını yayındırır, başını aşağı əyir və əli ilə üzünə toxunur.
Belə reaksiya insanın iradı qəbul etdiyini və vəziyyəti yumşaltmağa çalışdığını göstərə bilər. Başqa sözlə, təbəssüm bəzən sözsüz üzrxahlıq funksiyasını yerinə yetirir.
Mütəxəssislərin diqqət çəkdiyi əsas məqam isə budur ki, insanın hisslərini yalnız təbəssümünə əsasən müəyyənləşdirmək düzgün deyil. Bunun üçün üz ifadəsinin digər elementlərini və davranışını da nəzərə almaq lazımdır.
Aydın