Xəbər lenti

Brüs Uillisin ailəsi aktyora qulluq üçün ayda 30 min dollar xərcləyir
Maqazin12:56 11.11.2026

Brüs Uillisin ailəsi aktyora qulluq üçün ayda 30 min dollar xərcləyir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Hollivud ulduzu Bryus Uillisin ailəsi frontotemporal demensiyadan əziyyət çəkən aktyorun gündəlik qayğısı üçün hər ay 30 min dollardan çox vəsait sərf edir. Bu müddətdə aktyorun keçmiş dostlarının və Hollivud çevrəsinin böyük hissəsinin ondan uzaqlaşdığı iddia olunur.

Qaynarinfo xəbər verir ki, bu barədə “Daily Mail” nəşri ailəyə yaxın mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, aktyorun həyat yoldaşı Emma Heminq onun sağlamlıq vəziyyətinə nəzarət etməklə yanaşı, təxminən 250 milyon dollar dəyərində qiymətləndirilən sərvətinin idarə olunması ilə də məşğul olur.

Yaxınlarının sözlərinə görə, Uillis son vaxtlar daha sakit davranır, bəzən ətrafındakı əşyalara maraqla baxan uşaq təsiri bağışlayır. Bununla belə, xarici görünüşündə ciddi dəyişiklik hiss olunmur və o, hələ də sağlam, orta yaşlı kişi təsiri yaradır.

Aktyora ailəsi, Emma Heminqin yaxınları, keçmiş həyat yoldaşı Demi Mur və övladları dəstək olur. Ancaq mənbələr Hollivuddakı dostlarının və tanışlarının əvvəlki kimi onun yanında olmadığını bildirirlər.

“İşləməyi dayandıran kimi bütün bu dəbdəbəli dostlar səni unudurlar. Bu şəhərdə bir vaxtlar məşhur olan insanlar indi ‘Bryus? Kimdir o?’ deyirlər”, deyə nəşrin həmsöhbəti iddia edib.

Mənbənin sözlərinə görə, hazırda aktyoru ən çox sevindirən sadə şeylərdir: dondurma, avtomobillə gəzintilər və sevdiyi musiqilər. Uillisin vaxtilə teatrın köməyi ilə aradan qaldırdığı kəkələmə problemi də yenidən özünü göstərib.

Xatırladaq ki, Brüs Uillisin ailəsi aktyorun sağalmaz xəstəliklə mübarizəsi barədə vaxtaşırı məlumat paylaşır. Emma Heminq daha əvvəl həyat yoldaşının həyatında yeni mərhələnin başladığını bildirmişdi.

Aydın