
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) 2-ci korpusunun əsaslı təmiri ilə bağlı keçirilən satınalma müsabiqəsinə yekun vurulub.
Qaynarinfo xəbər verir ki, tenderin qalibi “Koneks Construction” MMC seçilib. Universitetlə şirkət arasında imzalanacaq satınalma müqaviləsinin dəyəri 23 milyon 363 min 670,48 manatdır.
“Koneks Construction” MMC-nin fəaliyyəti ilə bağlı diqqətçəkən məqamlar var. Şirkət bir tərəfdən iri həcmli təmir-tikinti sifarişləri alır, digər tərəfdən isə müxtəlif dövrlərdə geyim, inventar və digər malların satın alınması üzrə tenderlərin qalibi olub. Bununla belə, açıq mənbələrdə şirkətin fəaliyyəti, həyata keçirdiyi layihələr və maddi-texniki imkanları barədə ətraflı məlumat yoxdur.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, “Koneks Construction” MMC 27 noyabr 2019-cu ildə qeydiyyata alınıb. Şirkətin nizamnamə kapitalı 580 min 10 manatdır. Hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, ev 39, mənzil 202-dir. Qanuni təmsilçisi Fərzəliyev Mehdi Məhəmmədəli oğludur.
Mehdi Fərzəliyevdən əvvəl şirkəti Osmanlı Vahid Cuma oğlu, ondan öncə isə Xurşudov Samir Azad oğlu təmsil edib. Açıq mənbələrdə bu şəxslərin fəaliyyəti barədə də ətraflı məlumat yoxdur.
Dövlət satınalmalarının vahid internet portalında yerləşdirilən məlumatlardan görünür ki, “Koneks Construction” MMC müxtəlif dövlət qurumlarının keçirdiyi satınalma müsabiqələrində fəal iştirak edir. Şirkətin sifariş portfelinə təmir-tikinti işləri ilə yanaşı, geyim, yumşaq inventar və digər malların təchizatı da daxildir. Belə ki, şirkət əvvəlki illərdə yol təmiri, abadlıq işləri, xüsusi geyim və inventarların satın alınması üzrə tenderlərin qalibi olub.
Xüsusilə diqqətçəkən məqam şirkətin ali təhsil müəssisələri ilə əməkdaşlığıdır. Bakı Dövlət Universiteti (BDU) 2024-cü ildə “Koneks Construction” MMC ilə inventarların satın alınması üzrə 952 min 92,43 manat dəyərində müqavilə imzalayıb.
Bundan əlavə, ötən il BDU-nun 1 nömrəli tədris binasının əsaslı təmiri ilə bağlı keçirilən tenderin qalibi də həmin şirkət olub. Bu satınalma müqaviləsinin maliyyə dəyəri 23 milyon 489 min 887,57 manat təşkil edib.
Beləliklə, “Koneks Construction” MMC-nin BDU və ADNSU-dan aldığı iki iri həcmli təmir sifarişinin ümumi dəyəri 46 milyon 853 min 558,05 manata çatıb.
Maraqlıdır ki, fəaliyyəti və texniki imkanları barədə açıq mənbələrdə ətraflı məlumat olmayan şirkət dövlət qurumlarından on milyonlarla manatlıq sifarişlər əldə edir. Bu isə “Koneks Construction”un belə böyük həcmli təmir işlərini hansı maddi-texniki baza və resurslar hesabına həyata keçirəcəyi ilə bağlı suallar yaradır.
Seyid