Xəbər lenti

MKA: "Azparking" adından fişinq hücumları var
Ölkə16:26 11.11.2026

MKA: "Azparking" adından fişinq hücumları var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) vətəndaşlara qarşı "Azparking" xidmətinin adından istifadə edilərək yeni fişinq hücumlarının həyata keçirildiyini müəyyən edib.

Qaynarinfo agentliyə istinadən xəbər verir ki, kiberdələduzlar xarici nömrələrdən istifadəçilərə "AZParking-Ödənilməmiş parkinq haqqı barədə bildiriş" başlığı altında saxta mesajlar göndərirlər. Mesajda balansın kifayət etməməsi və ya avtomatik ödənişin uğursuz olması bəhanəsilə saxta parkinq tarixi və borc məbləği (məsələn, 0,7 AZN) qeyd olunur.

İstifadəçiləri aldatmaq üçün mesajın daxilində "rəsmi veb-sayt" adı altında saxta keçidlər təqdim edilir. Həmin linkə daxil olduqda "Azparking" platformasının eynilə təqlid olunmuş səhifəsi açılır. Burada istifadəçilərdən nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı, mobil telefon nömrəsi və son addımda bank kartı məlumatları tələb olunur. Nəticədə vətəndaşların bank kartı rekvizitləri ələ keçirilir və pul vəsaitləri mənimsənilir.

MKA vətəndaşları bu cür hallara qarşı diqqətli olmağa çağırır və aşağıdakı məqamlara diqqət yetirməyi tövsiyə edib:

Rəsmi bildirişlər xarici ölkə kodlarına malik şəxsi və ya naməlum nömrələrdən göndərilmir.

SMS və ya messencer vasitəsilə daxil olan, xüsusilə daxilində şübhəli domen adları (məsələn, .top, .xyz və s.) qeyd edilən linklərə daxil olmayın.

"Azparking" və ya dövlət ödəniş sistemlərinin rəsmi domen adını brauzerin ünvan hissəsində mütləq dəqiqləşdirin.

Saxta və ya şübhəli veb-səhifələrdə dövlət qeydiyyat nişanı, mobil nömrə, bank kartının nömrəsi, bitmə tarixi, CVV/CVC kodu və ya SMS vasitəsilə gələn ikimərhələli təsdiqləmə kodlarını heç bir halda daxil etməyin.

Parkinq borclarınızı yoxlamaq və ya ödənişlərinizi həyata keçirmək üçün "Azparking" rəsmi mobil tətbiqi və ya dövlət ödəniş portallarından istifadə edin.