
“Airbus” şirkətinin A350-1000ULR (Ultra-Long Range) təyyarəsi kommersiya sərnişin təyyarələri arasında ən uzun məsafəli uçuş üzrə dünya rekordunu yeniləyib. Təyyarə 24 saat 24 dəqiqə ərzində 23 155 kilometr məsafə qət edib.
Qaynarinfo xəbər verir ki, bu barədə “Airbus” şirkəti məlumat yayıb.
Məlumata görə, təyyarə iyulun 27-də Avstraliyanın Melburn şəhərindən havaya qalxıb və iyulun 28-də Fransanın Tuluza şəhərində eniş edib. Uçuşun nəticəsi Ginnesin Rekordlar Kitabı tərəfindən təsdiqlənib. Rekord Beynəlxalq Aviasiya Federasiyası və “Flightradar24” xidmətinin yoxladığı məlumatlar əsasında qeydə alınıb.
Bununla da 20 ildən artıq müddətdə “Boeing” şirkətinə məxsus olan rekord yenilənib. Belə ki, 2005-ci ildə “Boeing 777-200LR Worldliner” Honkonqdan Londona 21 601 kilometr məsafəni 22 saat 42 dəqiqəyə qət etmişdi.
Sınaq uçuşu zamanı A350 əvvəlcə Melburndan Sidney istiqamətinə hərəkət edib, daha sonra Sakit okean üzərindən Los-Ancelesə doğru uçub. Şimali Amerika qitəsini və Atlantik okeanını keçən təyyarə Böyük Britaniyaya çatıb, London üzərindən keçərək Fransaya istiqamətlənib.
Təyyarənin göyərtəsində 13 nəfər olub. Onların arasında “Airbus”un sınaq pilotları və mühəndisləri, “Qantas” aviaşirkətinin pilotları, eləcə də Beynəlxalq Aviasiya Federasiyasının nümayəndəsi yer alıb.
Uçuş “Project Sunrise” layihəsi çərçivəsində hazırlanmış A350-1000ULR modelinin sınaqlarının bir hissəsi olub. Yeni təyyarə Avstraliyanın “Qantas Airways” aviaşirkətinə Sidneydən Londona və Nyu-Yorka dayanmadan birbaşa uçuşlar həyata keçirməyə imkan verəcək. Bu marşrutlarda uçuş müddətinin 22 saata çatacağı gözlənilir.
“Qantas” layihə çərçivəsində 12 belə təyyarə sifariş edib. İlk təyyarənin gələn ilin aprelində təhvil verilməsi, həmin il Sidneydən Londona marşrut üzrə istismara buraxılması planlaşdırılır.
Qeyd edək ki, A350-1000ULR modelinin uzunluğu 73,79 metr, qanadlarının eni isə 64,75 metrdir. Təyyarə əlavə 20 min litrlik yanacaq çəni ilə təchiz olunub və 238 sərnişin daşımaq üçün nəzərdə tutulub. İlk sınaq uçuşu 2 iyun 2026-cı ildə həyata keçirilib.
Aydın