
Azərbaycanda məşğul əhalinin 65 faizinin əmək müqaviləsi olmadan çalışması əmək bazarında qeyri-rəsmi məşğulluğun miqyasını bir daha gündəmə gətirib. Əmək müqaviləsi olmadan işləyən şəxslər sosial təminat, pensiya hüququ və əmək münasibətlərindən irəli gələn digər təminatlardan məhrum olmaq riski ilə üzləşirlər.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında “2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı səsləndirilən məlumata görə, Azərbaycanda məşğul əhalinin 65 faizi əmək müqaviləsi bağlamadan fəaliyyət göstərir.
Bəs saatlıq əməkhaqqı sisteminin tətbiqi qeyri-rəsmi məşğulluğun leqallaşdırılmasına nə dərəcədə kömək edə bilər?
Hüquqşünas Əkrəm Həsənov Qaynarinfo-ya açıqlamasında bildirib ki, saatlıq əməkhaqqı sisteminin tətbiqi qeyri-rəsmi məşğulluğun aradan qaldırılmasına təsir göstərməyəcək.
Onun sözlərinə görə, əməkhaqqının saatlıq, gündəlik və ya aylıq hesablanması arasında ciddi fərq yoxdur:
“Əvvəla, saatlıq iş rejiminin tətbiqi heç nəyi dəyişməyəcək. Əməkhaqqının saat hesabı, gündəlik və ya aylıq ödənilməsinin mahiyyət etibarilə fərqi yoxdur. Sadəcə, aylıq əməkhaqqını iş saatlarına bölərək saatlıq məbləği müəyyən edirlər. Buna görə də bu sistemin qeyri-rəsmi məşğulluğun azalmasına təsiri olmayacaq”.

Hüquqşünas qeyd edib ki, əmək müqaviləsi olmadan işçi çalışdırmağın ciddi hüquqi nəticələri var. Belə hallara görə işəgötürənlər inzibati məsuliyyətə cəlb oluna və yüksək məbləğdə cərimələnə bilərlər:
“Qeyri-leqal işlətməyin ciddi hüquqi fəsadları var. Bununla bağlı İnzibati Xətalar Məcəlləsində ciddi cərimələr nəzərdə tutulub. Səhv etmirəmsə, kütləvi hallarda cərimə 20-25 min manat civarında olur. Ümumiyyətlə, bu sahədə kifayət qədər yüksək məbləğli cərimələr müəyyən edilib”.
Ə. Həsənovun fikrincə, qanunvericilikdə məsuliyyət nəzərdə tutulmasına baxmayaraq, qeyri-rəsmi məşğulluq hallarının aşkarlanması asan deyil. O, problemin ölkədə kölgə iqtisadiyyatının hələ də geniş yayılması ilə əlaqəli olduğunu bildirib:
“Belə halları müəyyənləşdirmək lazımdır, lakin bu, heç də asan deyil. Bütövlükdə problem Azərbaycanda kölgə iqtisadiyyatının hələ də güclü olması ilə bağlıdır. Bununla belə, ildən-ilə bu göstərici azalır”.
Günay İlqarqızı