
Dünyanın ən bahalı daşınmaz əmlak bazarlarından biri hesab olunan Londonda lüks mənzillərin satışı ciddi şəkildə zəifləyib. Şəhərin ən prestijli ərazilərində milyonlarla funt sterlinqə inşa edilən yeni mənzillər alıcı tapmadığı üçün boş qalır, tikinti şirkətləri isə artan xərclər və maliyyə çətinlikləri səbəbindən fəaliyyətlərini dayandırmaq məcburiyyətində qalırlar.
Qaynarinfo “The Guardian”a istinadən xəbər verir ki, Londonun mərkəzi hissəsində sentyabrın sonuna 1 400 tamamlanmış, lakin satılmamış mənzil qeydə alınıb. Bu, 2016-cı illə müqayisədə üç dəfə çoxdur.
Maraqlıdır ki, mənzil satışlarının zəifləməsi tikinti həcminə də təsir göstərib. Son bir ildə Londonun mərkəzi ərazilərində cəmi 1 600 mənzilin tikintisinə başlanılıb. Bu, 10 il əvvəlki göstəricidən 75 faiz azdır.
Bazarda yaranan vəziyyətin əsas səbəbləri tikinti materiallarının və əməkhaqqının bahalaşması, kredit faizlərinin yüksəlməsi, əmlak vergilərindəki dəyişikliklər və imkanlı alıcıların alış qərarlarını təxirə salmasıdır.
Böhranın miqyası hətta lüks daşınmaz əmlak bazarında fəaliyyət göstərən şirkətlərin maliyyə dayanıqlılığına da təsir edib.
Londonun prestijli ərazilərində fəaliyyət göstərən London Richmond şirkəti avqust ayında maliyyə vəsaitlərinin tükənməsi səbəbindən müflisləşmə proseduruna keçib. Şirkətin portfelində ümumi dəyəri 30 milyon funt sterlinqdən çox olan 20 daşınmaz əmlak layihəsi olub.
Hazırda 300-dən çox kreditor şirkətdən ümumilikdə 39 milyon funt sterlinq borcun qaytarılmasını gözləyir.
Paytaxtda 10 böyük tikinti layihəsi həyata keçirən Ardmore Construction şirkəti də 2025-ci ildə müflisləşib. Şirkətin tikinti bölməsinin kreditorlara və subpodratçılara 29 milyon funt sterlinqdən çox borcu qalıb.
Əmlak üzrə konsaltinq şirkəti Montagu Evans-ın nümayəndəsi Con Nil hesab edir ki, sektorda əsas problem eyni vaxtda həm tikinti xərclərinin artması, həm də alıcı marağının azalmasıdır.
Onun sözlərinə görə, əvvəllər lüks mənzillərin əhəmiyyətli hissəsini alan xarici investorlar da artıq London bazarında əvvəlki qədər fəal deyillər. Böyük Britaniyada vergi siyasətindəki dəyişikliklər, xüsusilə əlavə daşınmaz əmlak alan xarici alıcılar üçün vergi yükünün artması bu prosesə təsir göstərib.
Məsələn, 10 milyon funt sterlinq dəyərində əlavə mənzil alan şəxs üçün vergi ödənişi 1,9 milyon funt sterlinqə çata bilər.
Bazarda diqqət çəkən digər tendensiya imkanlı şəxslərin belə daşınmaz əmlak almaqdan çəkinməsidir.
Yüksək gəlirli şəxslərlə işləyən əmlak agenti Jerom Larto bildirib ki, həm yerli, həm də xarici alıcıların bir qismi mənzil almaq qərarını təxirə salaraq kirayədə qalmağa üstünlük verir.
Onun sözlərinə görə, xüsusilə ipoteka krediti ilə ev almaq istəyənlər faiz dərəcələrinin dəyişməsi və maliyyə öhdəliklərinin artması səbəbindən ehtiyatlı davranırlar.
Bununla belə, kirayə bazarında vəziyyət fərqlidir. JLL şirkətinin məlumatına görə, son 12 ayda Londonda illik kirayə haqqı 150 min funt sterlinqdən çox olan 338 mənzil kirayəyə verilib. Bu, əvvəlki illə müqayisədə 14 faiz artım və rekord göstəricidir.
London daşınmaz əmlak bazarında ən diqqətçəkən məqamlardan biri mənzillərlə fərdi yaşayış evlərinin qiymət dinamikası arasındakı fərqdir.
Torpaq Reyestrinin məlumatına görə, bu ilin iyununda Londonda mənzillərin orta qiyməti təxminən 431 min funt sterlinq olub. Bu, 2016-cı ilin eyni dövrü ilə müqayisədə cəmi 2 min funt sterlinq azdır.
Əgər mənzillərin qiyməti inflyasiyaya uyğun artsaydı, onların orta dəyəri hazırda 180 min funt sterlinq daha yüksək olardı. Eyni dövrdə fərdi yaşayış evlərinin qiymətləri isə təxminən 20 faiz artıb.
Böhran tikinti sektorunda məşğulluğa da təsir göstərir. Böyük Britaniyanın Milli Statistika İdarəsinin hesablamalarına əsasən, iyul-sentyabr aylarında tikinti sektorunda vakansiyaların sayı 7 min azalıb.
Bütün bunlara baxmayaraq, ekspertlər Londonun uzunmüddətli perspektivdə mənzil qıtlığı ilə üzləşəcəyini düşünürlər. Lakin hazırda bazarda satılmamış mənzillərin yığılması, tikinti xərclərinin yüksəkliyi və alıcıların gözləmə mövqeyinə keçməsi sektorun əsas problemləri olaraq qalır.
Günay