
Kantri musiqisinin əfsanələrindən sayılan Uilli Nelson 2022-ci ilin mayında COVID-19-a yoluxduğu zaman həyatının ən ağır günlərini yaşadığını açıqlayıb. 93 yaşlı sənətçi xəstəliklə mübarizə apararkən iki dəfə həyat yoldaşından ölməsinə icazə verməsini istəyib.
Qaynarinfo xəbər verir ki, musiqiçi bu barədə xatirələrini əks etdirən yeni kitabında yazıb. “People” nəşrinin dərc etdiyi kitabdan parçaya görə, Nelsonun vəziyyəti sürətlə ağırlaşıb, hər nəfəs almaq onun üçün dözülməz ağrıya çevrilib.
Sənətçinin həyat yoldaşı Enni isə onun bu istəyinə zarafatla, eyni zamanda qətiyyətlə cavab verib: “Uilli, ölsən, səni öldürərəm”.
Enni həmin iki həftəni həyatının ən çətin dövrü kimi xatırlayıb. O, ərinin xəstələnəcəyini əvvəlcədən ehtimal etdiyindən yataq otağını kiçik xəstəxana palatasına bənzər şəkildə hazırlayıb. Buna baxmayaraq, onun əziyyət çəkdiyini izləməkdən başqa əlindən heç nə gəlməyib.
“Daha çox şey etmək istəyirdim, amma edə biləcəyim hər şeyi etmişdim. Sadəcə oturub sənin əziyyət çəkməyinə baxmalı idim. Bu, indiyədək etməli olduğum ən ağır şey idi”, deyə Enni kitabda bildirib.
Nelson xəstəlik dövründə ən çətin anlarından birinin gecə yaşandığını deyib. Səhər həkim yenidən onun yanına gələrək venadaxili infuziya gətirib və dərmanın ya sağalmasına kömək edəcəyini, ya da həyatına son qoya biləcəyini bildirib. Musiqiçi isə tərəddüd etmədən dərmanın verilməsini istəyib.
Qeyd edək ki, Uilli Nelson “On the Road Again” və “Always on My Mind” kimi mahnıları ilə tanınır. Onun “Red Headed Stranger” albomu kantri musiqisinin klassik nümunələrindən hesab olunur. Sənətçi karyerası ərzində 12-dən çox “Qremmi” mükafatına layiq görülüb.
Aydın