Xəbər lenti

Dünyanın ən böyük muzeyi tikiləcək - 1,8 milyon tarixi eksponat sərgilənəcək
Sənət12:14 12.11.2026

Dünyanın ən böyük muzeyi tikiləcək - 1,8 milyon tarixi eksponat sərgilənəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Hindistan hökuməti dünyanın ən böyük muzeyini inşa etmək üçün layihəni təsdiqləyib. Tamamlandıqdan sonra sərgi sahəsinin həcminə görə Luvr və Britaniya Muzeyini geridə qoyacağı gözlənilən kompleksə təxminən 340 milyon dollar vəsait ayrılacaq.

Qaynarinfo xəbər verir ki, “Yuge Yugeen Bharat” adlanan muzey Hindistanın çoxminillik tarixini, mədəniyyətini və sivilizasiya irsini vahid məkanda nümayiş etdirmək məqsədi daşıyır. Layihə hökumətin Nazirlər Kabineti tərəfindən təsdiqlənib.

Muzey paytaxt Yeni Dehlidə, vaxtilə Britaniya müstəmləkə idarəçiliyinin mühüm mərkəzlərindən olmuş Şimal və Cənub bloklarında yaradılacaq. 1920-ci illərdə britaniyalı memarlar Edvin Lütyens və Herbert Beyker tərəfindən layihələndirilən tarixi binalar bundan sonra Hindistanın qədim irsinin nümayiş etdirildiyi məkana çevriləcək.

Layihənin ümumi tikinti sahəsinin 178 min 509 kvadratmetr olacağı bildirilir. Muzeydə ölkənin milli və regional muzeylərindən, arxeoloji kolleksiyalarından, eləcə də şəxsi arxivlərdən toplanan təxminən 1,8 milyon tarixi eksponatın sərgilənməsi nəzərdə tutulur. Kompleksin ildə 10 milyon ziyarətçini qəbul edə biləcək imkanlara malik olacağı açıqlanıb.

Muzeyin ilk qalereyasının 2027-ci ilin sonlarında ziyarətçilərin istifadəsinə verilməsi planlaşdırılır. Layihənin tam başa çatdırılması isə 2030-2031-ci maliyyə ilinə nəzərdə tutulub.

Qeyd edək ki, layihə ilk dəfə 2023-cü ildə ictimaiyyətə təqdim olunub. Hindistanın Baş naziri Narendra Modi hakimiyyəti dövründə ölkənin tarixi və mədəni irsinin təbliğinə yönəlmiş bir sıra iri layihələr həyata keçirib. Bunlara dünyanın ən hündür heykəli hesab olunan 182 metrlik “Birlik Heykəli” və 2023-cü ildə istifadəyə verilən yeni parlament binası da daxildir.

Aydın