Xəbər lenti

El-Nino tarixi rekorda yaxınlaşır: Alimlər 2027-ci il üçün təhlükəli ssenaridən xəbərdarlıq etdi
Dünya13:23 12.11.2026

El-Nino tarixi rekorda yaxınlaşır: Alimlər 2027-ci il üçün təhlükəli ssenaridən xəbərdarlıq etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sakit okeanda müşahidə olunan El-Nino iqlim hadisəsi son 76 ilin ən güclü göstəricilərindən birinə çatıb. Alimlər hazırkı prosesin 1950-ci ildən bəri qeydə alınan ən güclü El-Nino hadisəsinə çevrilməsi ehtimalını 83 faiz qiymətləndirirlər.

Qaynarinfo xəbər verir ki, bu barədə “The Watchers” nəşri məlumat yayıb.

ABŞ Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) son göstəricilərinə əsasən, 2026-cı ilin avqust-oktyabr aylarında El-Nino indeksinin göstəricisi müsbət 2 dərəcəyə çatıb. Bu, müşahidələrin başladığı 1950-ci ildən bəri həmin dövr üçün qeydə alınan ikinci ən yüksək nəticədir.

İndiyədək rekord 1997-1998-ci illərdə baş vermiş El-Nino hadisəsinə məxsusdur. Həmin vaxt göstərici müsbət 2,07 dərəcə təşkil edib. Hazırkı proseslə tarixi rekord arasındakı fərq isə getdikcə azalır. Yeni El-Nino hətta inkişafının eyni mərhələsində 2015-2016-cı illərdəki hadisəni də intensivliyinə görə geridə qoyub.

Proqnozlara görə, Sakit okeanda güclü istiləşmə ən azı 2027-ci ilin yanvar-mart aylarınadək davam edə bilər. Bundan sonra hadisənin zəifləməsi, yaz aylarında isə iqlim şəraitinin neytral vəziyyətə qayıtması gözlənilir.

Bununla belə, alimlər prosesin güclənmə sürətində müəyyən yavaşlama əlamətlərinin olduğunu da bildirirlər. Sakit okeanın mərkəzi və şərq hissələrində səthaltı suyun temperaturu artmağı dayandırıb və bir qədər azalıb. Lakin okeanın səth suları hələ də yüksək temperaturunu qoruyur.

El-Nino dünyada hansı dəyişikliklərə səbəb ola bilər?

Bu iqlim hadisəsinin təsirləri artıq bəzi bölgələrdə hiss olunur. ABŞ-da Atlantik okeanı üzrə qasırğa mövsümü noyabrın əvvəlinə qədər son bir əsrin ən zəif dövrlərindən biri olub. Bunun əksinə olaraq, bəzi şəhərlərdə payız mövsümü rekord miqdarda yağıntı ilə yadda qalıb.

El-Nino atmosfer dövranına təsir göstərərək yağıntıların dünya üzrə paylanmasını dəyişir. Nəticədə bəzi ərazilərdə güclü yağışlar və daşqınlar, digər bölgələrdə isə uzunmüddətli quraqlıqlar yarana bilər.

Adətən bu hadisə qış aylarında ABŞ-ın cənubunda fırtınaların artmasına, şimal bölgələrində isə daha mülayim və quraq hava şəraitinin formalaşmasına şərait yaradır.

Mütəxəssislər həmçinin El-Ninonun qlobal orta temperaturun müvəqqəti yüksəlməsinə səbəb olduğunu bildirirlər. Hazırkı prosesin nə dərəcədə güclənəcəyi və hansı bölgələrə daha ciddi təsir göstərəcəyi isə qarşıdakı aylarda okean və atmosfer şəraitinin dəyişməsindən asılı olacaq.

Aydın