
Pep Qvardiola karyerasını milli komanda səviyyəsində davam etdirə bilər. İspaniyalı mütəxəssis ABŞ Futbol Federasiyasının yeni baş məşqçi postu üçün əsas namizədlərindən biri hesab olunur.
Qaynarinfo xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb.
Məlumata görə, ABŞ Futbol Federasiyası Qvardiolanın namizədliyini məşqçi axtarışının müxtəlif mərhələlərində ciddi şəkildə nəzərdən keçirib. Hazırda ABŞ millisinin baş məşqçisi olan Maurisio Poçettinonun “Mançester Yunayted”ə keçəcəyi ilə bağlı iddialar isə bu ehtimalı daha da aktuallaşdırıb.
Bildirilir ki, Poçettino yayda keçiriləcək dünya çempionatından sonra da ABŞ millisində qalmaq və 2030-cu ilə qədər qüvvədə olan müqaviləsini yerinə yetirmək niyyətindədir. Ancaq argentinalı mütəxəssis İngiltərə klubuna keçməkdə israrlı olarsa, Qvardiola onun yerinə ən real namizəd olacaq. “Mançester Yunayted” Poçettinonu təyin etmək üçün ABŞ Futbol Federasiyasına 10 milyon avro təzminat ödəməli ola bilər.
Qeyd edək ki, 55 yaşlı Qvardiola bundan əvvəl İtaliya millisinin baş məşqçisi olmaq təklifini də nəzərdən keçirib. İtaliya millisinin sabiq rəsmisi Paolo Maldininin sözlərinə görə, tərəflər arasında Barselonada görüş keçirilib və ispaniyalı çalışdırıcı bu vəzifəni qəbul etməyə çox yaxın olub. Lakin o, yorğunluq səbəbindən təklifi rədd edib.
Maldini bildirib ki, Qvardiolanın qərarında maliyyə məsələləri rol oynamayıb. Təcrübəli mütəxəssis uzun illər İngiltərə Premyer Liqasında çalışdıqdan və səhhəti ilə bağlı əməliyyat keçirdikdən sonra istirahət etmək istəyib.
Bununla belə, Qvardiolanın ABŞ millisində işləmək variantına müsbət yanaşa biləcəyi istisna olunmur. O, daha əvvəl ABŞ futbolunun böyük potensiala malik olduğunu vurğulayıb və gələcəkdə dünya çempionatında milli komandanın baş məşqçisi kimi iştirak etmək arzusunu dilə gətirib.
Aydın