
İngiltərənin “Mançester Yunayted” klubu baş məşqçi Maykl Kerriklə yollarını ayırıb. Komandanın yeni çalışdırıcısının argentinalı mütəxəssis Maurisio Poçettino olacağı gözlənilir.
Qaynarinfo xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.
45 yaşlı Kerrikin istefası komandanın cari mövsümə uğursuz başlamasından sonra gözlənilən idi. Bildirilir ki, mütəxəssis dərhal vəzifəsindən kənarlaşdırılıb. Klubun bu barədə rəsmi açıqlaması isə hələlik gözlənilir.
Qeyd edək ki, Kerrik ötən mövsüm müvəqqəti baş məşqçi kimi çalışdıqdan sonra 2026-cı ilin yanvarında komandanın sükanı arxasına keçib. Onun rəhbərliyi altında “qırmızı şeytanlar” ötən mövsüm İngiltərə Premyer Liqasını üçüncü pillədə başa vuraraq Çempionlar Liqasına vəsiqə qazanıb.
Lakin 2026/2027 mövsümündə komandanın nəticələri gözləntiləri doğrultmayıb. Təqdim olunan məlumata görə, “Mançester Yunayted” Premyer Liqanın 10 turundan sonra 8 xalla turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb. Komanda Çempionlar Liqasında da 36 iştirakçı arasında 17-ci yerdədir.
Poçettino ilə razılıq əldə olunub
Kerrikin yerinə ABŞ millisinin baş məşqçisi Maurisio Poçettinonun gətirilməsi istiqamətində danışıqların aparıldığı bildirilir. Məlumata əsasən, tərəflər şəxsi şərtlərlə bağlı ilkin razılığa gəliblər.
Poçettinonun ABŞ Futbol Federasiyası ilə müqaviləsi 2030-cu ilin ortalarına qədər qüvvədədir. Bununla belə, müqavilədə təxminən 10 milyon dollar məbləğində sərbəstqalma şərtinin olduğu qeyd olunur. “Mançester Yunayted”in bu məsələ ilə bağlı federasiya ilə danışıqları davam etdirilir.
Argentinalı mütəxəssis karyerası ərzində “Espanyol”, “Sauthempton”, “Tottenhem”, PSJ və “Çelsi” klublarını çalışdırıb.
Danışıqların qısa müddətdə yekunlaşacağı təqdirdə Poçettino noyabrın 22-də “Liverpul”la “Enfild” stadionunda keçiriləcək qarşılaşmada “Mançester Yunayted”in baş məşqçisi kimi debüt edə bilər.
Aydın