Xəbər lenti

İran müharibəsi qlobal karbon emissiyalarını azalda bilər - SƏBƏB
Dünya16:49 12.11.2026

İran müharibəsi qlobal karbon emissiyalarını azalda bilər - SƏBƏB

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dünyada uzun illərdir davam edən karbon emissiyalarının artımının 2026-cı ildə dayanacağı və azalma ilə əvəzlənəcəyi gözlənilir. Lakin bu prosesin arxasında yalnız alternativ enerji mənbələrinə yatırımlar deyil, İran müharibəsinin yaratdığı neft böhranı da dayanır.

Qaynarinfo xəbər verir ki, “Global Carbon Project” təşkilatının yeni araşdırmasına əsasən, 2026-cı ildə fosil yanacaqların istifadəsindən yaranan karbon emissiyaları 0,4 faiz azala bilər.

Araşdırmada bildirilir ki, 2019–2025-ci illərdə fosil yanacaqlardan qaynaqlanan karbon qazı tullantıları hər il orta hesabla 0,8 faiz artıb. Yeni proqnozlar isə dünyanın ən böyük emissiya mənbələrində də azalma olacağını göstərir. Belə ki, ABŞ-də emissiyaların 1,3 faiz, Çində isə 0,9 faiz aşağı düşəcəyi gözlənilir.

Hesabatın diqqətçəkən nəticələrindən biri iqtisadi inkişafla karbon emissiyalarının artımının mütləq şəkildə paralel getmədiyini göstərməsidir. Cənubi Afrika, Tailand, Kolumbiya və Meksikanın da daxil olduğu 59 ölkə iqtisadiyyatını böyütsə də, 2025-ci ildə emissiyaları 2019-cu ilin göstəricisindən aşağı səviyyədə saxlaya bilib.

İran müharibəsi və neft böhranının təsiri

2026-cı ildə qlobal miqyasda fosil yanacaqların yandırılması nəticəsində atmosferə təxminən 38,2 milyard ton karbon qazının buraxılacağı proqnozlaşdırılır.

Təmiz enerji investisiyaları və elektrik avtomobillərinin yayılması qlobal enerji tələbatındakı artımın təxminən üçdə ikisini qarşılasa da, bu dəyişikliklər hələlik emissiyaların davamlı azalması üçün kifayət etmir.

Gözlənilən azalmanın səbəblərindən biri də İran müharibəsinin yaratdığı enerji böhranıdır. Fevral ayından etibarən Hörmüz boğazında gəmiçilikdə yaranan problemlər neft təchizatını məhdudlaşdırıb və qiymətlərin kəskin bahalaşmasına səbəb olub. Enerji xərclərinin artması isə istehlakı zəiflədərək fosil yanacaqlardan istifadənin azalmasına gətirib çıxarıb.

Bununla yanaşı, atmosferdə karbon qazının konsentrasiyası artmaqda davam edir. 2026-cı ildə bu göstəricinin 427,7 ppm-ə çatacağı və sənaye dövründən əvvəlki səviyyəni 54 faiz üstələyəcəyi gözlənilir. Meşələrin qırılması və torpaqdan istifadədəki dəyişikliklər nəticəsində yaranan emissiyaların da ötən illə müqayisədə təxminən 500 milyon ton artacağı hesablanır.

Müharibə başa çatdıqdan sonra emissiyalar yenidən arta bilər

“Nature Climate Change” jurnalında dərc olunan araşdırmanı şərh edən alimlər müharibə və iqtisadi böhranların emissiyaları müvəqqəti azalda biləcəyini, lakin bunun iqlim dəyişikliyi ilə mübarizədə davamlı nəticə hesab edilə bilməyəcəyini bildirirlər.

Oxşar vəziyyət 2009-cu il qlobal maliyyə böhranı və COVID-19 pandemiyası dövründə də müşahidə olunub. Hər iki halda iqtisadi fəallığın zəifləməsi karbon emissiyalarını aşağı salsa da, iqtisadi fəaliyyət bərpa olunduqdan sonra tullantılar yenidən artmağa başlayıb.

Alimlərin fikrincə, İran müharibəsi başa çatdıqdan, neft qiymətləri sabitləşdikdən və enerji istehlakı bərpa olunduqdan sonra karbon emissiyalarının yenidən yüksəlməsi mümkündür.

Tədqiqatçılar hesab edirlər ki, 2026-cı ildə gözlənilən azalma hələ qlobal emissiyaların davamlı geriləmə mərhələsinə daxil olduğunu göstərmir. İqlim böhranının qarşısını almaq üçün müvəqqəti iqtisadi və geosiyasi sarsıntılardan daha çox enerji istehsalı və istehlakında köklü dəyişikliklərə ehtiyac var.

Aydın