Xəbər lenti

Antarktidada güclü zəlzələlər: Milyon illər əvvəl yox olmuş tektonik qırılma yenidən aktivləşdi
Dünya18:40 12.11.2026

Antarktidada güclü zəlzələlər: Milyon illər əvvəl yox olmuş tektonik qırılma yenidən aktivləşdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Antarktida yaxınlığında qeydə alınan iki güclü zəlzələ alimlərin Yer kürəsinin geoloji quruluşu ilə bağlı təsəvvürlərini dəyişə bilər. Araşdırmalar göstərib ki, milyon illər əvvəl fəaliyyəti dayandığı düşünülən qədim tektonik qırılma yenidən güclü seysmik hadisələrə səbəb ola bilir.

Qaynarinfo xəbər verir ki, 2025-ci ildə Dreyk boğazı ərazisində 7,5 və 7,6 maqnitudalı iki zəlzələ baş verib. Cənubi Amerika ilə Antarktida arasında yerləşən bu ərazidə qeydə alınan zəlzələlərin episentrləri cəmi 15 kilometr məsafədə olub. Onlar arasında isə 49 gün fərq qeydə alınıb.

Oktyabrın 30-da Communications Earth & Environment elmi jurnalında dərc olunan araşdırmaya görə, hər iki zəlzələ uzun müddət tektonik baxımdan fəaliyyətsiz hesab edilən qədim qırılma zonasında baş verib.

İtaliya Milli Okeanoqrafiya və Eksperimental Geofizika İnstitutundan Emanuele Lodolonun rəhbərlik etdiyi beynəlxalq tədqiqat qrupu müəyyən edib ki, zəlzələlərin episentrləri milyon illər əvvəl formalaşmış transform qırılma ilə üst-üstə düşür. Bu cür qırılmalar okean qabığının ayrı-ayrı hissələrinin bir-birinə nəzərən sürüşməsi nəticəsində yaranır.

Alimlər araşdırma zamanı qədim tektonik “Feniks” plitəsinin qalıqlarına da diqqət yetiriblər. Məlum olub ki, həmin plitənin müstəqil hərəkəti dayansa da, onun daxilindəki bəzi zəif strukturlar hələ də seysmik gərginliyi toplayıb boşalda bilir.

Tədqiqatçılar bunu iki əsas amillə izah edirlər. Birincisi, qədim qırılmaların quruluşu gərginliyin müəyyən nöqtələrdə cəmləşməsinə şərait yaradır. İkincisi, Skotiya və Antarktika plitələri arasındakı müasir tektonik qarşılıqlı təsirlər həmin ərazilərə də təsir göstərir.

Araşdırma zamanı zəifləmiş geoloji strukturlardan vulkanik materialların keçə bilməsinə dair əlamətlər də aşkarlanıb. Alimlərin fikrincə, qədim qırılma hazırda Cənubi Şetland adalarının altına doğru tədricən hərəkət edən plitənin daxilində böyük sürüşmə zonası kimi fəaliyyət göstərə bilər.

Kəşf zəlzələ təhlükəsinin qiymətləndirilməsi ilə bağlı yanaşmaları da dəyişə bilər. Belə ki, indiyədək seysmik risk modellərində əsas diqqət aktiv tektonik plitə sərhədlərinə yönəldilirdi. Yeni araşdırma isə plitələrin daxilində yerləşən qədim qırılmaların da güclü zəlzələlərə səbəb ola biləcəyini göstərir.

Bununla belə, alimlər bütün qədim qırılmaların təhlükəli olmadığını və bu kəşfin növbəti zəlzələnin vaxtını əvvəlcədən müəyyən etməyə imkan vermədiyini vurğulayırlar. Onların fikrincə, zəlzələ riskinə təsir edən əsas amillərdən biri Yer qabığının milyon illər ərzində qoruyub saxladığı geoloji zəifliklərdir.

Aydın