Xəbər lenti

Censen Huanın xəyanət qalmaqalı böyüdü - "Nvidia" rəhbəri istefa verdi
Dünya18:14 12.11.2026

Censen Huanın xəyanət qalmaqalı böyüdü - "Nvidia" rəhbəri istefa verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dünyanın ən böyük texnologiya şirkətlərindən biri olan “Nvidia”nın baş direktoru və həmtəsisçisi Censen Huan şəxsi həyatı ilə bağlı qalmaqalların və şirkət ətrafında yaranan təhlükəsizlik narahatlıqlarının fonunda istefa verib. Onun iki ayrı qadınla nikahdankənar münasibətdə olduğu barədə məlumatlar yayılıb. Qalmaqallardan biri isə mümkün Çin kəşfiyyatı əlaqələri ilə bağlı araşdırmaya səbəb olub.

Qaynarinfo xəbər verir ki, bu barədə BBC, “Reuters” və digər beynəlxalq media qurumları məlumat yayıb.

Huan xəyanət etdiyini özü etiraf edib

Məsələ ilk olaraq ABŞ kəşfiyyatının Çin vətəndaşı olan iş qadını Elis Huanla bağlı araşdırmaları fonunda gündəmə gəlib. O, Sinqapurda yerləşən “Megaspeed” şirkətinin keçmiş rəhbərlərindən biri olub. ABŞ rəsmilərinin iddiasına görə, Elis Huan Çin kəşfiyyatı ilə əlaqəli ola və “Nvidia” rəhbərindən məlumat əldə etməyə çalışa bilərdi.

Censen Huan noyabrın 8-də şirkət əməkdaşlarına ünvanladığı açıqlamada həyat yoldaşına xəyanət etdiyini etiraf edib və ailəsindən üzr istəyib.

“Arvadıma xəyanət etdim. Hərəkətlərim ona və övladlarıma zərər vurdu. Bunun heç bir bəhanəsi yoxdur. Çox üzgünəm”, – deyə o bildirib.

Huan həmçinin şirkətin əməkdaşları, direktorlar şurası və səhmdarlar qarşısında məsuliyyətini lazımınca yerinə yetirmədiyini etiraf edib. O, təhlükəsizliklə bağlı iddiaların araşdırılmasına dəstək verəcəyini də açıqlayıb.

İkinci münasibət iddiası vəziyyəti daha da ağırlaşdırıb

Qalmaqal noyabrın 11-də “The New York Times” qəzetinin yaydığı məlumatdan sonra daha da böyüyüb. Nəşrin beş keçmiş şirkət əməkdaşına istinadən yazdığına görə, Huanın “Nvidia”nın səhiyyə texnologiyaları üzrə vitse-prezidenti Kimberli Pauelllə də münasibəti olub. İddialara əsasən, Pauell birbaşa Huana tabe olub.

Bu məlumatın yayılmasından sonra şirkətin səhmləri ticarətdən sonrakı əməliyyatlarda təxminən 8 faiz ucuzlaşıb. “Reuters”in məlumatına görə, qalmaqalın ilk mərhələsindən sonra şirkətin bazar dəyərində 300 milyard dollardan çox azalma qeydə alınıb.

Çin kəşfiyyatı ilə bağlı şübhələr araşdırılır

Elis Huanla bağlı iddialar yalnız şəxsi münasibət məsələsi ilə məhdudlaşmır. ABŞ kəşfiyyat orqanlarının onun Çin hökumətinin maraqları naminə fəaliyyət göstərdiyini düşündüyü bildirilir. Mətbuatda yayılan məlumatlara əsasən, onun əlaqəli olduğu “Megaspeed” şirkəti son iki ildə təxminən 4,8 milyard dollar dəyərində “Nvidia” çipləri alıb.

Həmin şirkətin süni intellekt üçün nəzərdə tutulan çiplərin Çinə qanunsuz ötürülməsində iştirak edə biləcəyi barədə də şübhələr mövcuddur. ABŞ və Sinqapur bu istiqamətdə araşdırmalar aparıb. Lakin “Megaspeed” qanunsuz fəaliyyətlə bağlı iddiaları rədd edib.

“Nvidia”nın direktorlar şurası müstəqil araşdırmaya başladığını açıqlayıb. Şura şirkət sirlərinin və ya ABŞ milli təhlükəsizliyinə aid məlumatların ələ keçirildiyinə dair hazırda əsas olmadığını bildirsə də, bütün məlumatların yoxlanılacağını vurğulayıb. ABŞ Federal Təhqiqat Bürosunun da məsələni araşdırdığı bildirilir. Çin isə casusluq iddialarını əsassız adlandırıb.

33 illik rəhbərlik başa çatdı

Noyabrın 12-də “Nvidia” direktorlar şurası Huanın şirkətin prezidenti, baş direktoru və idarə heyətinin üzvü vəzifələrindən dərhal istefa verdiyini açıqlayıb.

Müvəqqəti baş direktor vəzifəsi şirkətin maliyyə üzrə icraçı vitse-prezidenti və maliyyə direktoru Kolet Kressə həvalə olunub. O, daimi rəhbər təyin edilənədək hər iki vəzifəni icra edəcək. Şirkət yeni baş direktorun seçilməsi üçün axtarışa başladığını bildirib.

Qeyd edək ki, 63 yaşlı Censen Huan “Nvidia”ya 33 il rəhbərlik edib və şirkətin süni intellekt sənayesinin əsas texnologiya təchizatçılarından birinə çevrilməsində mühüm rol oynayıb. Onun istefası təkcə şəxsi qalmaqal deyil, həm də ABŞ-Çin texnoloji rəqabəti və süni intellekt bazarı baxımından ciddi rezonans doğurub.

Aydın