
Bakı şəhərində məhbusun azadlığa çıxmasına kömək edəcəyini vəd edərək pul almaqda ittiham olunan keçmiş Penitensiar Xidmət əməkdaşı barəsində cinayət təqibinə xitam verilib. Xətai Rayon Məhkəməsi qərarını amnistiya aktı ilə əsaslandırıb və onun məhkəmə zalından dərhal azadlığa buraxılmasına qərar verib.
Qaynarinfo-nun əldə etdiyi məhkəmə materiallarına görə, hadisə təqsirləndirilən şəxsin Bakı İstintaq Təcridxanasında olduğu müddətdə başlayıb. O, burada cinayət işi üzrə həbsdə saxlanılan C.M. ilə tanış olub. Daha sonra Ceyhunun qardaşına onun məhkəmə yolu ilə azadlığa buraxılmasına kömək edə biləcəyini deyib.
İlkin olaraq bu işin həlli üçün 10 min manat istəyən şəxs sonradan məbləği 6 min manata endirib. Zərərçəkmişin ifadəsinə əsasən, razılaşdırılmış məbləğ çayxanada, qardaşının da iştirakı ilə nağd şəkildə təqdim olunub.
Lakin vəd edilən kömək göstərilməyib. Ceyhun Məmmədov sonradan ailəsinin dövlət rüsumunu ödəməsindən sonra məhkəmə qərarı ilə azadlığa çıxıb. İş materiallarında təqsirləndirilən şəxsin bu prosesdə hər hansı rolunun olmadığı əksini tapıb.
Məhkəmədə təqsirləndirilən şəxs 6 min manatı aldığını, lakin bununla bağlı heç bir iş görmədiyini və pulu şəxsi ehtiyaclarına xərclədiyini etiraf edib. O, sonradan məbləği zərərçəkmişə tam qaytardığını deyib. Zərərçəkmiş tərəf də ziyanın ödənildiyini təsdiqləyərək onunla barışdığını və amnistiya tətbiq olunmasını istədiyini bildirib.
Cinayət işi Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə (dələduzluğun xeyli miqdarda ziyan vurmaqla törədilməsi) təsnif edilib. Ancaq məhkəmənin bu qərarında ittihamın mahiyyəti üzrə təqsirlilik məsələsinə hüquqi qiymət verilməyib.
Qərarda göstərilib ki, təqsirləndirilən şəxsin himayəsində yetkinlik yaşına çatmayan övladı var. Bu hal “Konstitusiya və Suverenlik İli” münasibətilə qəbul edilmiş amnistiya aktının 1.16-cı bəndinin tətbiqinə əsas yaradıb.
Həmin bənd (himayəsində yetkinlik yaşına çatmayan övladı olan şəxsləri amnistiyanın əhatə dairəsinə daxil edir) və amnistiya qərarının 5.1-ci bəndi nəzərə alınaraq cinayət təqibinə xitam verilib.
Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsini (amnistiya aktının tətbiqi nəticəsində cinayət təqibinə xitam verilməsi üçün hüquqi əsas) rəhbər tutaraq cinayət işinə xitam verib. Həmçinin həbs qətimkan tədbiri ləğv olunub və şəxs məhkəmə zalından azadlığa buraxılıb.
Amnistiya əsasında cinayət təqibinə xitam verilməsi bəraət qərarı hesab edilmir. Məhkəmə qərarında da ittihamın mahiyyəti üzrə təqsir məsələsinin bu icraatın predmeti olmadığı xüsusi vurğulanıb. Qərardan qanunla müəyyən edilmiş müddətdə apellyasiya şikayəti və ya protest verilə bilər.
Seyid