XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Dəfndən seçki məntəqələrinə: "Bosniya qəssabı"nın ölümü vəziyyəti gərginləşdirir
Dünya14:29 01.10.2026

Dəfndən seçki məntəqələrinə: "Bosniya qəssabı"nın ölümü vəziyyəti gərginləşdirir

Oktyabrın 4-də, bazar günü Bosniya və Herseqovinada ölkənin vahid dövlət kimi mövcudluğunun gələcək perspektivlərini böyük ölçüdə müəyyənləşdirəcək ümumi seçkilər keçiriləcək. Düz bir aydır davam edən seçki kampaniyası Bosniya serblərinin keçmiş ordu komandanı, "Bosniya qəssabı" kimi tanınan general Ratko Mladiçin ölümündən sonra xüsusilə kəskin xarakter alıb və ölkədə milli zəmində qütbləşməni gücləndirib. Kampaniya zamanı ən diqqətçəkən rol isə Bosniya və Herseqovina məhkəməsi və Mərkəzi Seçki Komissiyasının qərarı ilə altı il müddətinə siyasətdən uzaqlaşdırılmış keçmiş Serb Respublikasının prezidenti Milorad Dodikə məxsus olub.

Qaynarinfo xəbər verir ki, oktyabrın 4-də keçiriləcək ümumi seçkilərdə Bosniya və Herseqovinanın (BiH) əsas xalqlarını – boşnak müsəlmanları, serbləri və xorvatları təmsil edən üç üzvdən ibarət prezidentlik şurası, ölkənin kollektiv prezidenti funksiyasını yerinə yetirən qurum, bütün səviyyələrdə parlamentlərin deputatları, həmçinin iki dövlət qurumundan biri olan Serb Respublikasının (SR) prezidenti seçiləcək.

Bosniyada qanlı müharibənin başa çatması və 1995-ci ildə Deyton sülh sazişlərinin imzalanmasından sonra artıq 15-ci dəfə keçirilən seçkilərə bu dəfə diqqət xüsusilə yüksək olub. Son illərdə ölkə son otuz ildən artıq müddətin ən ciddi siyasi böhranlarından birini yaşayır və bu böhran onun vahid dövlət kimi mövcudluğunu belə sual altına qoyub. Bununla yanaşı, hazırkı seçki kampaniyasının gedişi bosniyalılarda xüsusi nikbinlik yaratmır.

Kampaniya rəsmi olaraq sentyabrın 4-də başlayıb. Üç gün sonra isə Bosniya serblərinin keçmiş ordu komandanı, Haaqa Beynəlxalq Tribunalı tərəfindən soyqırımı və hərbi cinayətlərdə ittiham edilərək ömürlük həbs cəzasına məhkum edilmiş general Ratko Mladiç Belqradda dövlət strukturlarının fəal dəstəyi ilə hərbi ehtiramla dəfn olunub.

Dəfn mərasimində Serb Respublikasının rəhbərləri fəal iştirak ediblər. Bu isə Bosniyanın digər dövlət qurumu olan müsəlman-xorvat Federasiyasında, eləcə də Avropada kəskin etiraz və qınağa səbəb olub.

Bu hadisə böyük ölçüdə bütün Bosniya seçki kampaniyasının tonunu müəyyənləşdirib. Kampaniyada keçmişdə yaşanan narazılıqlar və hazırkı mübahisələr üstünlük təşkil edib.

Bosniya serblərinin əhval-ruhiyyəsini Serb Respublikasının uzun illərdir lideri olan Milorad Dodik ifadə edib. O, ötən il Bosniya və Herseqovina məhkəməsinin və ölkənin Mərkəzi Seçki Komissiyasının qərarı ilə Bosniyada beynəlxalq ictimaiyyətin ali nümayəndəsinin qərarlarını yerinə yetirmədiyinə görə altı il müddətinə siyasətdən uzaqlaşdırılıb.

“Heç kim serb xalqına kimin son mənzilə yola salınacağını göstərə bilməz”, deyə Dodik bildirib və Serb Respublikasının Bosniyanın tərkibindən çıxmasının zəruriliyini bir daha xatırladıb.

Milorad Dodik bütün seçki kampaniyası boyunca da xüsusi diqqət mərkəzində olub. O, heç bir seçki siyahısında yer almasa da, demək olar ki, hər yerdə görünürdü. Hakim Müstəqil Sosial Demokratlar İttifaqından Serb Respublikası prezidentliyinə namizəd, respublikanın hazırkı baş naziri Savo Miniç və Bosniya və Herseqovina prezidentlik şurasına üzvlüyə namizəd Jeljka Tsviyanoviçin dəstəklənməsi üçün hazırlanmış bilbordlarda, bir çox deputat namizədlərinin reklamlarında və çoxsaylı seçkiqabağı mitinqlərdə onun görüntüləri yer alıb.

Bununla belə, seçki siyahılarından birində Dodik soyadı yenə də yer alıb. Serb Respublikası parlamentinin deputatı seçilmək üçün uzun illərdir respublikanın lideri olan şəxsin oğlu İqor Dodikin kifayət qədər şansı var. O, ötən ilin payızına qədər atası ilə birlikdə ABŞ-ın sanksiyaları altında olub. 2025-ci ilin oktyabrında sanksiyalar ləğv edilib. ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, Serb Respublikası son illərdə ABŞ-da lobbiçilik fəaliyyətinə ən azı 8,3 milyon dollar xərcləyib.

Milorad Dodikin hazırkı seçki kampaniyasındakı ən mühüm addımı isə Serb Respublikasında bir çoxları tərəfindən ümumi seçkilərə beş gün qalmış Moskvaya səfəri və Rusiya prezidenti Vladimir Putinlə görüşü hesab olunur. Rusiya prezidenti, 2018 və 2022-ci illərdə Bosniyada keçirilən seçkilər ərəfəsində olduğu kimi, Milorad Dodikə və onun partiyasına seçkilərdə uğur arzuladığını açıq şəkildə bildirib:

"Ümid edirik ki, heç bir xarici təsir vətənpərvər qüvvələrin Bosniya və Herseqovinanın tərkibində Serb Respublikasının ayrılmaz hüquq və maraqlarının təmin olunmasına yönəlmiş siyasəti davam etdirmək və Rusiya ilə konstruktiv əməkdaşlıq aparmaq mandatı əldə etməsinə mane olmayacaq!"

Bundan əlavə, Moskvadan qayıtdıqdan sonra Milorad Dodik özü bildirib ki, Rusiya Serb Respublikasına bu il də əvvəlki qaz qiymətini vəd edib. Lakin Serb Respublikası lideri bu dəfə də Moskvanın dəstəyini onun müstəqillik ideyasına qazandıra bilməyib.

"Deyton sazişləri faktiki olaraq iflasa uğrayıb... Bosniya və Herseqovinanın bu yolda dayanması çox çətin olacaq”, deyə Milorad Dodik Kremldə bildirib.

Vladimir Putinin sözlərinə görə isə Rusiya əvvəlki kimi Bosniya və Herseqovinanın tərkibində Serb Respublikasının ayrılmaz hüquq və maraqlarının təmin olunmasının tərəfdarı olaraq qalır.

Aydın