Bəzən dövlət səfərlərinin mahiyyətini yaratdığı siyasi atmosferdə, gələcəyə açdığı imkanlarda və xalqların münasibətlərinə gətirdiyi yeni nəfəsdə axtarmaq lazımdır. Azərbaycan Prezidenti İlham Əliyevin avqustun 23-də Özbəkistana başlayan dövlət səfəri də məhz belə səfərlərdən biridir. Daşkənddə keçirilən görüşlər, Ali Dövlətlərarası Şuranın üçüncü iclası, imzalanan sənədlər, qarşılıqlı təltiflər, açılan və təməli qoyulan layihələr göstərdi ki, Azərbaycan–Özbəkistan münasibətləri artıq sadəcə dostluq və qardaşlıq ifadələri ilə məhdudlaşan münasibətlər deyil. Bu əlaqələr siyasi iradə, iqtisadi maraq, qarşılıqlı etimad və ortaq gələcəyə hesablanmış strateji baxış üzərində qurulan müttəfiqlik mərhələsinə daxil olub.
Dövlət başçımızın Daşkənddə səsləndirdiyi fikirlər bu münasibətlərin fəlsəfəsini anlamaq baxımından xüsusi əhəmiyyət daşıyır. Onu səsləndirdiyi “Daşkənd və bütün Özbəkistan yüksəliş dövrünü yaşayır” fikri, əslində, yalnız dost ölkənin inkişafına verilən yüksək qiymət deyil. Bu, Azərbaycan–Özbəkistan münasibətlərinin hansı siyasi və iqtisadi mühitdə inkişaf etdiyini göstərən mühüm mesajdır. Özbəkistanın son illərdə həyata keçirdiyi islahatlar, iqtisadiyyatın şaxələndirilməsi, sənaye və nəqliyyat infrastrukturunun yenilənməsi, investisiya imkanlarının genişləndirilməsi ölkəni Mərkəzi Asiyanın mühüm iqtisadi və siyasi mərkəzlərindən birinə çevirib. Prezidentin vurğuladığı kimi, Azərbaycan bu yüksəlişi kənardan müşahidə edən ölkə deyil, həmin proseslə getdikcə daha sıx əməkdaşlıq edən qardaş dövlətdir.
Bu mənada Şavkat Mirziyoyevin Azərbaycan Prezidentinə təqdim etdiyi ali dərəcəli “Dostluq” ordeni də təsadüfi protokol hadisəsi kimi qəbul edilə bilməz. Eyni gündə Prezident İlham Əliyevin Özbəkistan Prezidentini “Heydər Əliyev” ordeni ilə təltif etməsi iki liderin şəxsi münasibətlərindən daha geniş məna daşıyır. Azərbaycan dövlətinin sərəncamında Şavkat Mirziyoyevin iki ölkə arasında dostluq, qardaşlıq və müttəfiqlik əlaqələrinin inkişafındakı xüsusi xidmətləri ayrıca qeyd olunur. Bu qarşılıqlı təltiflər iki dövlət başçısının siyasi fəaliyyətinə verilən qiymətlə yanaşı, Bakı ilə Daşkənd arasında formalaşmış strateji etimadın simvoluna çevrilir.
Ən mühüm məqam isə budur ki, Azərbaycan–Özbəkistan münasibətlərinin arxasında artıq konkret iqtisadi nəticələr və real layihələr dayanır. Bir vaxtlar iki ölkə arasında birgə layihələrin olmadığı halda, indi enerji, nəqliyyat, investisiya, turizm, avtomobil sənayesi, kənd təsərrüfatı, emal, dağ-mədən, bankçılıq və digər sahələrdə əməkdaşlıq genişlənir. Prezident İlham Əliyevin qeyd etdiyi bir milyard dollarlıq ticarət dövriyyəsi hədəfi də bu baxımdan uzaq perspektiv kimi deyil, mövcud potensialın məntiqi nəticəsi kimi səslənir. İki iqtisadiyyatın paralel inkişafı artıq onların bir-birini tamamlamasına və qarşılıqlı investisiyaların artmasına şərait yaradır.
Burada xüsusi diqqət çəkən məqam Azərbaycan kapitalının Özbəkistan iqtisadiyyatında, Özbəkistan investisiyalarının isə Azərbaycanda daha fəal iştirak etməsidir. SOCAR-ın Özbəkistanın pərakəndə yanacaq bazarına daxil olması, Azərbaycan bank sektorunun Özbəkistan bazarında fəaliyyət göstərməsi, neft-qaz kəşfiyyatı üzrə layihələrin yeni mərhələyə çatması münasibətlərin iqtisadi mahiyyətini dəyişir. Bu, artıq sadəcə ticarət əlaqəsi deyil, iqtisadiyyatların qarşılıqlı şəkildə bir-birinə bağlanmasıdır.
Səfərin mühüm nəticələrindən biri də Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şurasının üçüncü iclasının keçirilməsi oldu. Belə bir mexanizmin fəaliyyət göstərməsi iki ölkə arasında strateji gündəliyin sistemli şəkildə müzakirəsinə və qəbul edilən qərarların icrasına siyasi nəzarətin təmin olunmasına imkan verir. Daha vacibi isə Şuranın fəaliyyətinin konkret layihələr və sənədlərlə müşayiət olunmasıdır. Avqustun 23-də iki ölkə arasında müxtəlif istiqamətləri əhatə edən sənədlərin imzalanması və mübadiləsi əməkdaşlığın institusional əsaslarının daha da möhkəmləndiyini göstərdi.
Daşkənddə səfərin siyasi çəkisini artıran mühüm məqamlardan biri də Əbədi dostluq haqqında Müqavilənin imzalanmasıdır. Şavkat Mirziyoyevin bunu yalnız bir sənəd deyil, ümumi gələcək qurmaq iradəsinin ifadəsi kimi xarakterizə etməsi münasibətlərin mahiyyətini çox dəqiq ortaya qoyur. Artıq söhbət gündəlik siyasi maraqların uzlaşdırılmasından yox, uzunmüddətli perspektivə hesablanmış qarşılıqlı fəaliyyət modelindən gedir.
Azərbaycan–Özbəkistan münasibətlərinin ən təsirli tərəflərindən biri isə onların mənəvi təməlidir. Eyni tarixi yaddaş, ortaq türk kimliyi, mədəni yaxınlıq və əsrlər boyu formalaşmış əlaqələr siyasi münasibətlərə xüsusi dərinlik verir. Prezident İlham Əliyevin də vurğuladığı kimi, iki ölkə arasında münasibətlər həm mənəvi, həm də maddi təməl üzərində qurulub. Dünya siyasətində bu iki amilin eyni vaxtda və bu qədər güclü şəkildə bir araya gəlməsi nadir hadisədir.
Bu mənəvi bağın Daşkənddəki ən parlaq ifadələrindən biri Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı oldu. Nizami adının Özbəkistanda böyük bir ali təhsil ocağına verilməsi yalnız Azərbaycan ədəbiyyatının dahi nümayəndəsinə ehtiram deyil. Bu, Azərbaycan–Özbəkistan mədəni yaddaşının gələcək nəsillərə ötürülməsinin canlı nümunəsidir. Universitetdə Azərbaycan ali məktəbləri ilə elmi, təhsil və mədəni əməkdaşlığın genişləndirilməsi də bu layihəyə xüsusi məna verir. Yeni kampusun “Yeni Daşkənd” ərazisində yaradılması, burada Nizami Gəncəvi Muzeyinin fəaliyyət göstərəcəyinin nəzərdə tutulması isə mədəni diplomatiyanın uzunmüddətli perspektivə hesablandığını göstərir.
Qardaşlığın başqa bir mühüm ünvanı isə Qarabağdır. Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra Özbəkistanın Qarabağın bərpasına verdiyi dəstək iki ölkə arasındakı münasibətlərin səmimiliyini praktik müstəvidə nümayiş etdirdi. Füzulidə Mirzə Uluqbəy adına məktəbin tikilməsi, Xankəndidə tikiş fabrikinə investisiya qoyulması və digər layihələr Özbəkistanın Azərbaycanın yenidənqurma prosesinə yalnız siyasi bəyanatlarla deyil, əməli addımlarla qoşulduğunu göstərir. Prezident İlham Əliyevin bunu xüsusi qeyd etməsi də təsadüfi deyil. Çünki dostluğun həqiqi dəyəri ən çətin və məsuliyyətli məqamlarda özünü göstərir.
Daşkənddə “Yeni Daşkənd” layihəsi ilə tanışlıq və burada “Azərbaycan” parkının təməlinin qoyulması da münasibətlərin gələcəyə yönəlik simvolik ifadəsidir. Bir ölkənin paytaxtında digər ölkənin adını daşıyan parkın yaradılması iki xalqın yaddaşında Azərbaycan–Özbəkistan dostluğunun yeni nişanəsini formalaşdıracaq. Bu parkın salınması ilə yanaşı, Nizami Gəncəvi adına universitetin açılması bir-birini tamamlayan iki istiqaməti — iqtisadi və şəhərsalma əməkdaşlığı ilə mədəni-humanitar yaxınlığı — eyni məkanda birləşdirir.
Bütün bunların fonunda Prezident İlham Əliyevin Mərkəzi Asiya və Azərbaycanı vahid geosiyasi və geoiqtisadi region kimi qiymətləndirməsi xüsusilə diqqətəlayiqdir. Bu fikir regionda gedən proseslərin mahiyyətini ifadə edir. Azərbaycan artıq Mərkəzi Asiyanın iqtisadi və nəqliyyat layihələrindən kənarda dayanan dövlət deyil. Xəzər üzərindən Orta Dəhliz, nəqliyyat bağlantıları, enerji layihələri və Türk dövlətləri arasında artan əməkdaşlıq Azərbaycanı Mərkəzi Asiya ilə Avropa arasında strateji körpüyə çevirir. Özbəkistan isə bu xəttin ən mühüm tərəfdaşlarından biridir.
Bakı–Daşkənd münasibətlərinin güclənməsi beləliklə yalnız ikitərəfli əməkdaşlığın deyil, Türk dünyasının geosiyasi çəkisinin artmasının da mühüm amilinə çevrilir. Azərbaycan və Özbəkistanın iqtisadi potensiallarının birləşməsi, nəqliyyat marşrutlarının genişlənməsi, qarşılıqlı investisiyaların artması və siyasi koordinasiyanın möhkəmlənməsi Türk Dövlətləri Təşkilatının gələcək inteqrasiya imkanlarını da genişləndirir. Burada əsas məsələ yalnız ortaq keçmişlə fəxr etmək deyil, həmin ortaq keçmişi gələcəyin iqtisadi, siyasi və humanitar gücünə çevirməkdir.
Prezident İlham Əliyevin səfər zamanı səsləndirdiyi fikirlərdən biri də məhz bu baxımdan yadda qalır: " Ölkələr artıq səyləri birləşdirərək sinerji yaradır. Bu, Bakı–Daşkənd münasibətlərinin hazırkı mərhələsini izah edən ən dəqiq ifadələrdən biridir. Çünki sinerji o zaman yaranır ki, iki ölkənin imkanları sadəcə toplanmır, bir-birini tamamlayaraq daha böyük nəticə yaradır. Azərbaycan üçün Özbəkistan Mərkəzi Asiyanın mühüm iqtisadi və siyasi mərkəzidir, Özbəkistan üçün Azərbaycan isə Qafqaz, Xəzər və Avropa istiqamətinə açılan mühüm strateji tərəfdaşdır.
Bu gün Daşkənddə Azərbaycanın adı ilə park salınır, Nizami Gəncəvinin adı ilə universitet fəaliyyət göstərir, Qarabağda Özbəkistanın izi görünür, bizneslər qarşılıqlı bazarlara daxil olur, yeni investisiya layihələri hazırlanır, dövlət başçıları isə münasibətlərin gələcək xəritəsini müəyyənləşdirirlər. Bütün bunlar təsadüfi hadisələrin cəmi deyil. Bu, illər ərzində formalaşdırılmış siyasi etimadın, ardıcıl diplomatiyanın və iki liderin münasibətlərə strateji baxışının nəticəsidir.
23 avqust səfəri bir daha göstərdi ki, Azərbaycan–Özbəkistan münasibətlərinin ən böyük sərvəti təkcə iqtisadi rəqəmlər, imzalanan müqavilələr və açılan müəssisələr deyil. Əsas sərvət bu əlaqələrin arxasında dayanan etimaddır. İqtisadiyyat bu etimadı maddi nəticəyə, diplomatiya siyasi gücə, mədəniyyət isə onu nəsildən-nəslə ötürülən mənəvi dəyərə çevirir.
Prezident İlham Əliyevin Şavkat Mirziyoyevə Azərbaycanı dövlət səfəri ilə ziyarət etmək dəvəti də bu yolun davamlılığını göstərir. Üstəlik, səfərin 24 avqustda Buxara proqramı ilə davam etməsi onun yalnız Daşkənddəki siyasi gündəliklə məhdudlaşmadığını nümayiş etdirir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Buxaraya gəliblər və burada Özbəkistan rəhbərliyi tərəfindən qarşılanıblar.
Bakı ilə Daşkənd arasında qurulan bu körpünün qarşısında artıq daha böyük üfüqlər görünür. Qarşıdakı mərhələdə əsas vəzifə əldə olunan razılaşmaları ardıcıl şəkildə həyata keçirmək, iqtisadi əlaqələri yeni səviyyəyə qaldırmaq, humanitar münasibətləri dərinləşdirmək və Türk dünyasının inteqrasiya prosesində iki ölkənin potensialını daha səmərəli şəkildə birləşdirməkdir.
Çünki Azərbaycan və Özbəkistanın münasibətləri artıq yalnız iki dövlətin münasibətləri deyil. Bu münasibətlər Xəzərdən Mərkəzi Asiyaya, Bakıdan Daşkəndə uzanan yeni geosiyasi reallığın mühüm dayaqlarından biridir. Bu gün həmin xətt üzərində qurulan hər bir yol, məktəb, universitet, müəssisə, park və investisiya layihəsi əslində bir həqiqəti təsdiqləyir: Bakı–Daşkənd qardaşlığı tarixdən gələn münasibətin bu günün strateji tərəfdaşlığına, sabahın isə daha böyük Türk dünyası birliyinə çevrilən canlı nümunəsidir.
Elnarə Akimova
Milli Məclisin deputatı,
YAP İdarə Heyətinin üzvü,
Filologiya elmləri doktoru
Şərhlər