"Qızılın qiymətinin son günlərdə bahalaşmasının səbəbi ABŞ-la bağlıdır. Qızıl dollarla ifadə olunduğuna görə, ABŞ-dan gələn xəbərlər qızılın qiymətinə təsir göstərir".
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli deyib.
Onun sözlərinə görə, ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcəsi siyasətinin necə dəyişəcəyinə dair gözləntilər birbaşa qızılın qiymətinə təsir edir:
“Amerikanın Mərkəzi Bankının faiz dərəcəsi siyasətinin necə dəyişəcəyinə dair qərarlar isə Amerikada məşğulluq, işsizlik və inflyasiya statistikalarından sonra ortaya çıxır”.
Xalid Kərimli daha əvvəl qızılın ucuzlaşmasının səbəbinin neft qiymətlərinin kəskin bahalaşması ilə əlaqəli olduğunu vurğulayıb:
“Fikirləşilirdi ki, qlobal inflyasiya kəskin artacaq. Amerikada da inflyasiya artacaq. Amerikada inflyasiya artanda Mərkəzi Bank faiz dərəcələrini məcbur qalıb artıracaq, yaxud da əvvəlki kimi ucuzlaşdırmayacaq. O zaman qızılın qiyməti düşürdü. Çünki qızılın qiyməti Amerikada faiz dərəcəsindən çox asılıdır”.
Ekspert hesab edir ki, Hörmüz boğazı ətrafında baş verənlər də qızılın qiymətinə həm birbaşa, həm də dolayı təsir edir:
“Qeyri-müəyyənliyin artması qızılın qiymətini artırır. Amma eyni zamanda neftin qiymətinin kəskin bahalaşması və kəskin bahalaşma qorxusu qızılın qiymətini aşağı salır. Dediyim kimi, neftin qiyməti bahalaşanda inflyasiya artacaq, inflyasiya artanda Amerika faiz dərəcəsini dəyişəcək”.

Qızılın qiymətinin artıb-azalmasına gəlincə, ekspert bunun müxtəlif göstəricilərin necə dəyişməsindən asılı olduğunu bildirib:
“Burada siyasi, hərbi məsələlər, müxtəlif Mərkəzi Bankların verdiyi qərarlar da var. Məsələn, ötən ilin 6 ayında Azərbaycan Neft Fondu 3,8 milyard dollarlıq qızıl almışdısa, bu il əksinə, 6 ayda 3,7 milyard dollarlıq qızıl satıb. Qızılın qiymətinin aşağı düşüb artacağına dair mülahizələrin verilməsi risklidir. Çünki bu investisiyadır. İnvestisiya da risklərlə əlaqədardır. İnvestor bu riskləri nəzərə almalıdır”.
Qeyd edək ki, “Comex” birjasında oktyabr ayında çatdırılma ilə qızıl fyuçerslərinin qiyməti mayın 14-dən bəri ilk dəfə bir troya unsiyası üçün 4 700 dolları geridə qoyub. Bakı vaxtı ilə saat 06:10-a olan məlumata əsasən, qızılın dəyəri 0,55 faiz artaraq bir troya unsiyası üçün 4 706,4 dollar səviyyəsinə yüksəlib. Fyuçerslərin qiymət artımı daha da sürətlənib və bir troya unsiyası üçün 4 713,8 dollar (+0,77 faiz) həddinə çatıb.
Bahar Rüstəmli
Şərhlər