(Yazı "İctimai və dövlət maraqlarının müdafiəsi" mövzusu üzrə hazırlanıb)
Prezident İlham Əliyevin Özbəkistana səfəri çərçivəsində iki ölkə arasında müxtəlif sahələr üzrə əməkdaşlığın genişləndirilməsinə dair bir sıra razılaşmalar əldə olunub. Səfər Azərbaycan-Özbəkistan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsində daha da inkişaf etdirilməsi, iqtisadi və investisiya əlaqələrinin genişləndirilməsi, eləcə də nəqliyyat və logistika imkanlarının artırılması baxımından diqqət çəkir.
Səfər çərçivəsində əldə olunan razılaşmaların Azərbaycanın dövlət maraqları baxımından əhəmiyyəti və iki ölkə arasında strateji tərəfdaşlığın dərinləşməsinin yaratdığı imkanları Milli Məclisin deputatı Arzuxan Əlizadə Qaynarinfo-ya şərh edib:

"Prezident İlham Əliyevin Özbəkistana səfəri çərçivəsində əldə olunan razılaşmalar Azərbaycanın dövlət maraqları baxımından mühüm perspektivlər vəd edir. İlk növbədə, bu razılaşmalar iki ölkə arasında siyasi etimadı daha da möhkəmləndirməklə yanaşı, iqtisadi-ticari əlaqələrin, investisiya əməkdaşlığının, nəqliyyat və logistika imkanlarının genişlənməsinə şərait yaradır. Xüsusilə Azərbaycan ilə Mərkəzi Asiya arasında əlaqələrin dərinləşdirilməsi ölkəmizin Şərq-Qərb nəqliyyat marşrutlarında rolunu daha da artıraraq Azərbaycanın regional logistika mərkəzi kimi mövqeyini gücləndirə bilər".
Deputat bildirib ki, Azərbaycan-Özbəkistan strateji tərəfdaşlığının dərinləşməsi ölkənin regiondakı siyasi və iqtisadi imkanlarını da genişləndirir:
"Strateji tərəfdaşlığın dərinləşməsi Azərbaycanın regiondakı siyasi və iqtisadi imkanlarını da genişləndirir. Özbəkistan Mərkəzi Asiyanın ən mühüm dövlətlərindən biridir və bu ölkə ilə sıx əməkdaşlıq Azərbaycanın Mərkəzi Asiya bazarlarına çıxışını, qarşılıqlı investisiya imkanlarını və nəqliyyat bağlantılarını artırır. Eyni zamanda, Bakı ilə Daşkəndin əməkdaşlığı Cənubi Qafqaz və Mərkəzi Asiya arasında daha sıx inteqrasiyanın formalaşmasına xidmət edir".
Arzuxan Əlizadə Azərbaycan-Özbəkistan əməkdaşlığının Türk dünyası baxımından da əhəmiyyətli olduğunu vurğulayıb:
“Digər mühüm məqam isə bunun Türk dünyasının güclənməsinə verdiyi töhfədir. Azərbaycan və Özbəkistanın bir çox məsələlərdə ortaq mövqedən çıxış etməsi Türk Dövlətləri Təşkilatının siyasi və iqtisadi potensialını artırır. Hesab edirəm ki, bu münasibətlərin daha da dərinləşməsi Azərbaycanın həm regional, həm də daha geniş beynəlxalq platformalarda mövqelərini möhkəmləndirən mühüm amillərdən biri olacaq".
Günay İlqarqızı
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Şərhlər