“Neftçi”nin Baş İcraçı Direktoru Cenk Sümer klubun mətbuat xidmətinə müsahibə verib. Əslində bu müsahibənin ortaya necə çıxdığını anlamaq çətin deyil. Burası ilə işim yox. Sual verən də, cavablayan da özləridir. Amma bu müsahibədə elə məqamlar var ki, onları bişmiş toyuğa danışsaq, həmin o bişmiş toyuq qəşş eləyib, özündən gedər.
Ona görə də həmin məqamları Cenk bəyin diqqətinə çatdırmaq vacibdir ki, ilin-günün bu vaxtında bişmiş toyuqları güldürməyə çox da meyl göstərməyib, ciddi işlərlə məşğul olsun. Gələn dəfə danışanda daha ciddi arqumentlərdən yapışsın. Çünki müsahibənin məqsədi türkiyəli abimizin özünü irəli verib, “klubu mən idarə edirəm” görüntüsü yaratmaqdır. Gərəkdir ki, bu görüntü də gülməli alınmasın.
Cənab Sümer “Dinamo” ilə oyundakı fiaskoyla müsahibəsinə başlayıb. Bizim də birinci sitatımız elə ordandır. Diqqət edək: “Əlbəttə, avrokuboklarda irəliləmək istəyirdik, lakin kiçik detalların və müəyyən mənada bəxtsizliyin qurbanı olduq. İlk matçda adi səhvlərdən gözlənilməz qollar buraxdıq”. Futboldan ciddi baş çıxaran kimisə bu cür bəhanələrlə aldatmaq dövrü çoxdan keçib, abi. Kiçik detal, bəxtsizlik bir olar, ya da iki. Komanda bir-birindən gülməli dörd qol vuraxıb, dörd qol! Bu dörd qolu səviyyəsiz oyunun, futbolçuların məsuliyyətsizliyin, məşqçinin səhvlərinin ayağına yazmayıb, “kiçik detallardan və bəxtsizlikdən” danışmaq çox gülüncdür.
Növbəti sitata baxaq: “İmad Faraj nümunəsi bizim transfer modelimizin bariz göstəricisidir”. Deyəsən, Cenk bəy yay fasiləsində Azərbaycan klublarının hansı səviyyədə futbolçu satdığından xəbərsizdir. “Sabah” Maludanı “Bazel”ə, “Qarabağ” Duranı “Seltik”ə satıb. Hələ mən digər “xırda-xuruş alqı-satqılar”dan danışmıram. Nə “Qarabağ”, nə “Sabah” bu cür transferlərə görə Sümer qədər qürrələnmir. Əksinə, azarkeşlər klubları tənqid edirlər ki, yaxşı futbolçuları əldən buraxmısız. “Neftçi” isə Tunisin “Esperans” klubuna futbolçu satmasıyla lovğalanır. Düzünü deyin, indiyə kimi “Esperans”ın adını eşidib, uğurundan xəbəri olan var?! Adam “transferlərimiz “nöqtə atışlarıdır”, rəqabəti və keyfiyyəti artırmağa hesablanıb. Tutduğumuz yol budur” deyir. Nə sirdirsə, bu “nöqtə atışı” transferlər Konfrans Liqasında bir mərhələ keçməyə belə özündə güc tapmadı. Amma “Neftçi” Azərbaycanın transferlərə ən çox pul xərcləyən klubudur.
Türkiyəli abimiz skaut qrupundan danışır. Bəs deyərsən ki, bu qrup böyük və peşəkar bir komandadır. “Neftçi”nin rəsmi saytında skaut qrupu kimi üç nəfərin adı var. Biri elə Sümerin öz yerlisi Tufan Taşdır. Onun harda “tufan qoparması, taşları yerindən oynatması” haqda məlumat yoxdur. İqor Getmanla Cahid Əsgərovun başını aşağı salıb, maaş gözlədiyi də hamımıza məlumdur. Çünki transferlərdə söz sahibi Kamil Məmmədovla Zaur Əzizovdur. Bunu mən demirəm, legionerlər, onların menecerləri deyir. Bu yaxınlarda azərbaycanlı qapıçıları aşağılayan Kenan Piriçin meneceri Admir Husariç hər şeyi aydın dillə demişdi ki, bosniyalı qapıçını “Neftçi”yə məhz Məmmədovun əliylə gətirib. “Sabah”dakı Con Mikelsin “Zirə”də oynamış qardaşı da bildirmişdi ki, Kamil bəylə “Neftçi”yə keçidlə bağlı razılaşıblarmış, amma son anda bu transfer alınmayıb. Adam indi Almaniyanın həvəskar səviyyəli liqasında oynayır. Bu da sizə Kamil Məmmədovun futbolçu seçmək bacarığının nümunəsi.
Mənim “Neftçi”nin baş məşqçisi Yuri Verniduba böyük hörmətim var, hiss edirəm ki, işinə can yandırır. Amma Cenk Sümer onu bizə az qala dünya şöhrətli klublarla çempion olmuş mütəxəssis kimi təqdim etməklə nə məqsəd güdür? Onsuz da hamı hər şeyi bilir, internet qaynaqları da var. Sümer ukraynalı mütəxəssis barədə danışarkən elə mübaliğəyə yol verir ki, adam mat qalır. Diqqət edin: “Çox təcrübəli, müxtəlif ölkələrdə çempionluqlar yaşamış baş məşqçimiz var”. Mənə inanmırsızsa, özünüz internetdə axtarış verin. Cənab Vernidubun məşqçilik karyerasında yeganə çempionluğu “Şerif”lə Moldovada qazandığı çempionluqdur. Moldova çempionatının da səviyyəsi elə aşağı-yuxarı bizimki ilə eynidir. Azərbaycanlı məşqçi Qurban Qurbanov və onun əsəri “Qarabağ” hər dəfəsində “Şerif”ə yerini göstərə bilib. Yəni ki, bizim gözümüzdə “Şerif”i, onun çempionluğunu şişirtməyə gərək yoxdur.
Sitatların siyahısını daha da uzada, cənab Sümerin nağıllarını daha çox ifşa edə bilərdim. Amma düşünürəm ki, bura qədəri yetərlidir. Onsuz da Premyer Liqa oyunları da Cenk abimizin danışdıqlarının neçə faizinin həqiqət olduğunu göstərəcək. Yalanla uzağa getmək, çempion olmaq mümkün deyil. Lakin zamanı yola verib, pul qazanmaq təəssüf ki, olur. Sonra da quruca bir üzr istəyirsən, vəssalam. Cenk bəy bunu da yaxşı bacarır...
Amal Abuşov
Şərhlər